Gürcüstan-Azərbaycan əlaqələrində yeni müstəvi
Tarix: 19-10-2015, 16:20 |
Çap et
Rusiyanın “Qazprom” vasitəsi ilə Gürcüstanda qaz bazarını ələ keçirmək istəyi, regionda yeni bir gərginliyin yaranmasına səbəb olub. Belə ki, ekspertlər bildirirlər ki, Rusiyanın “Qazprom” şirkəti Gürcüstan bazarından SOCAR-ı sıxışdırır. Gürcülərin isə ruslara qarşı yaranmış qəzəbləri hələ də soyumayıb. “Qazprom”un layihələrinə Gürcüstan xalqı öz etirazını bildirərək, hətta “Qazprom”a yox!” şüarı altında mitinq də keçirdilər.
Bəs proseslər bundan sonra necə cərəyan edəcək? Yaşanan hallar Gürcüstan və Azərbaycan münasibətlərinə hansı formada təsir edəcək?
Məsələ ilə bağlı Musavat.com-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov danışıb. O bildirib ki, Gürcüstanda bu gün Rusiyaya qarşı keçirilən nümayişlər heç də təsadüfi hadisə deyil:
“Bunun iki faktoru var. Birincisi, Rusiyanın Gürcüstana 2008-ci ildə olan müdaxiləsi və yaranmış aqressiya, ikincisi isə Gürcüstanın demokratik yolu tutmasıdır. Rusiya ümumilikdə Gürcüstanda özünə qarşı böyük nifrət qazanıb. Bu da Qərb və müttəfiqlərinə imkan verir ki, Gürcüstanda istənilən formada həm siyasi, iqtisadi, həm də hərbi varlığını tam şəkildə formalaşdırsın. Əslində, bu gün Gürcüstanda siyasi durum o qədər də stabil deyil. Hal-hazırda seçkilər öncəsi İvanaşvili və onun ətrafı yenidən hakimiyyətdə qalmaq üçün, keçmiş oponentləri haqqında KİV-lərdə çirkin kampaniyaları davam etdirirlər. Bu, həm də müəyyən formada Rusiyanın təsiri altında baş verir. Unutmayaq ki, Gürcüstan Avropa xəttini tutsa da, NATO ilə tərəfdaşlığa önəm versə də İvanişvili və onun strateji postlarda olan həmkarları Rusiya ilə yaxınlaşmaq üçün müəyyən manevrlər edirlər. Əslində bunu hələ ki, açıq şəkildə etmək mümkün deyil. Çünki İvanişvili gürcü xalqının aqressiyasından çəkinir. Buna görə də tam şəkildə addım atmır. Digər tərəfdən isə təbii ki, bütün bu prosesləri Amerika Mərkəzi Kəşfiyyat İdarəsi yaxından izləyir”.
Politoloq Gürcüstanda bu günlərdə “Qazprom”a yox!” şüarı altında keçirilən mitinqlərin
Azərbaycan-Gürcüstan əlaqələrinə təsiri barəsində də danışıb:
“Bu gün baş verən mitinqlər İvanişviliyə və Rusiyaya mesajdır. Qərb deyir ki, biz bütün proseslərdən xəbərdarıq və istənilən an xalqın qəzəbinə tuş gələ bilərsiniz. Qərbin
“Qazprom” “LukOil”, “RosNeft”ə qarşı SOCAR-la çıxması məsələsi də məhz bu proqramın tərkib hissəsidir. Bu SOCAR-ın enerji daşıyıcı qismində dünya enerji sistemində öz yerini tapmasına gətirib çıxaracaq. Azərbaycan tərəfinə də bu strateji manevr əl verir. Çünki Azərbaycan da yaxşı bilir ki, Rusiya güvənilən tərəfdaş deyil. Hər an təzyiq və işğala məruz qoya bilər. Rusiya ilə bağlı xairici siyasət, sadəcə ehtiyat siyasəti xarakteri daşıyır. Azərbaycan hökuməti və dövləti üçün SOCAR-ın bu qədər geniş miqyasda böyüməsi sərf edən bir prosesdir. Bu əslində yaxın gələcəkdə həm siyasi, həm də enerji məsələlərini kökündən dəyişə bilər. Bu gün eyni zamanda Gürcüstanla Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Bu həm siyasi, həm də iqtisadi əlaqələrə aiddir. Tərəflər arasında sadəcə olaraq, bəzi strateji məsələlərdə problemlər var ki, bu da ümumi proseslərə əsaslı təsir etmir. Gürcüstan yaxşı bilir ki, Azərbaycanın enerji siyasəti, əslində onların var olma səbəbidir. Bu baxımdan Gürcüstanın bizdən asılılığı daha böyükdür. Azərbaycan dövləti və hökuməti Gürcüstana bəzi məsələlərdə ciddi təzyiq və təsir mexanizminə sahibdir. Bu səbəbdən, hökumətin bəzi hallarda qərarlı olması mütləqdir”.