“Manat böhranı cinayətkarlığı, qətl və intiharları artıra bilər” - Psixoloqdan xəbərdarlıq
Tarix: 3-04-2015, 16:10 | Çap et
“Manat böhranı cinayətkarlığı, qətl və intiharları artıra bilər” - Psixoloqdan xəbərdarlıq
Manatın devalvasiyası bir çox insanın büdcəsinə ziyan vurdu. Nisbətən orta təbəqədən olan insanlar illərdir Kİ, yığdıqları vəsaitin bir hissəsini itirdilər. Banklarda əmanətləri olanlara ziyan dəydi, dollarla kredit götürənlər maddi itki ilə üzləşdi. Ölkədə varlıdan kasıba əksəriyyət prosesdən ziyanlı çıxdı.

Sadəcə, gündəlik çörək pulu ilə dolanan insanları da bazarlardakı bahalaşma sınağa çəkdi. Devalvasiyanın bundan sonra da davam edəcəyi haqqında xəbərlər dolaşmaqdadır. Ən pisi isə odur ki, hər şey qəfil baş verir və insanlar nə baş verdiyini proseslərdən bir müddət sonra dərk edirlər.

Bəs, görəsən bu iqtisadi böhran, manatın qəfil çökməsi insanların psixologiyasına necə təsir göstərəcək?

Musavat.com-un sualını cavablandıran psixoloq Dəyanət Rzayev insanların yaşadıqları problemin mənfi təsirlərinin bir müddət sonra meydana çıxacağını bildirdi: “İlk növbədə onu deməliyik ki, hər bir insanda situasiyaya adaptasiya var. Təbii ki, insanlar bu prosesə uyğunlaşmaq üçün də müxtəlif variantlar axtaracaqlar. İnsanlar problemlərini aşkara çıxara bilmədikləri üçün aqressiyalarını daxilə yönəldirlər və bundan çox əziyyət çəkirlər. Elə insanlar var ki, problemi qəbul edib, uyğunlaşmağa çalışırlar. Bəziləri isə başqa çıxış yolları axtarırlar. Kimsə əlavə iş tapır, kimsə daha çox qazanmağa çalışır. Ancaq bütün bunlar demək olar ki, hər kəsdə gərginlik və aqressiya ilə yanaşı baş verir”.

Psixoloq insanların aqressiyanı daha çox öz içində yaşamağa çalışdığını və bunun daha ağır nəticələrə səbəb olacağını da diqqətə çatdırdı: “Bəzi insanların illərlə çətinliklə qazanıb, yığdıqları əmanətlər banklarda zərərə uğrayır. Bəziləri kreditlərini ödəməkdə çətinlik çəkirlər. Bütün bu stresslər insanın gündəlik həyatına təsir edir və bundan ən çox ailəsi, yaxınları əziyyət çəkir.

Cəmiyyət ajiotaj və narahatlığın yaranmasının səbəblərindən biri də odur ki, hər şey qəfil baş verdi. Təbii ki, banklarda çalışan insanlarda, bu sahənin mütəxəssislərində öncədən məlumatlar var idi. Ancaq manatın devalvasiyası bir gündə baş verdi və əhali üçün gözlənilməz oldu. Kiminsə depozitdə illərlə yığdığı 20 min manat pulu var idi. Bu pul 30 faizdən artıq dəyərdən düşdü. Kimi pul yığırdı ki, ev alsın, onların da planları təxirə düşdü, evlər bahalaşdı. İndi həmin işanların vəziyyətini təsəvvür edib. Bunu qəfil etməməli idilər.

İnsanları psixoloji baxımdan hazırlamalı idilər, əvvəlcədən məlumatlandırmalı idilər. 90-cı illərdə də belə hadisələr baş vermişdi, onda insanlar bilirdi ki, inflyasiya olacaq, tədbirlər görürdülər, psixoloji cəhətdən hazır idilər. Bizdə insanların bu kimi narazılıqları cəmiyyətə açıqlanmır. Aqressiya daha çox ailə üzvlərinə qarşı yönəlir. Mətbuatdan da bildiyiniz kimi, son zamanlar ailədaxili münaqişələrin statistikasında artım var. Təbii ki, zamanla uyğunlaşma olacaq, hətta bir dollar 5 manat belə olsa, insanların buna uyğunlaşmaqdan başqa çarəsi yoxdur”.

Dəyanət Rzayev qeyd etdi ki, əgər yumşaldıcı tədbirlər görülməzsə, intiharların da sayı arta bilər: “Ancaq bəzən belə xəbərlərə də rast gəlirik ki, kredit borclarını ödəyə bilməyən şəxs intihar edib. Bunun səbəbi odur ki, həmin şəxsin gözləntiləri olan bütün çıxış yolları bağlanıb və sonda o, öz mənliyini qorumaq üçün həyatına qəsd edir. Banklar da insanlara təzyiq göstərməklə bağlı çox peşəkardırlar. Halbuki, bank borcuna görə insan həyatını məhv etmək olmaz. Sivil ölkələrdə bunun müxtəlif kompensasiya yolları var. Gəlib, insanı evindən çıxarmırlar”.

Ekspertin sözlərinə görə, manatın devalvasiyası davam edərsə, cinayətkarlıq da artacaq: “Hələ ki, insanlarda belə bir ümid var ki, manat yenidən bahalaşa, dollar ucuzlaşa bilər. Ona görə də, hələ ki, bu vəziyyətin fəsadlarını müşahidə etmirik. Ancaq bir müddət sonra insanlar görsə ki, əllərindəki vəsaitlə heç nə edə bilmirlər, iqtisadi vəziyyətləri pisdir, bunun nəticələri daha pis ola bilər. Cəmiyyətdə intiharlar, qətllər, cinayətkarlıq, oğurluq və sair arta bilər”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net