“Türkiyə bir neçə cəbhədə müharibə aparır”
Tarix: 14-10-2015, 10:18 |
Çap et
Üç gün bundan öncə Türkiyənin paytaxtı Ankarada terror aktı baş verib. Həmkarlar təşkilatının keçirdiyi aksiyada bir-birinin ardınca iki güclü partlayış törədilib. Dünənə olan məlumata görə, həmin partlayışdan sonra 97 nəfər həyatını itirib, 250-yə yaxın şəxs yaralanıb. Terror hadisəsinin üstündən bir neçə gün keçsə də, hadisənin kimlər və hansı terror qruplaşmaları tərəfindən törədildiyi ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Bu arada isə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə təkrar terror aktlarının baş vermə imkanları barədə xəbərdarlıq edib. MİT-in məlumatına əsasən, daha 20 kamikadze Türkiyənin müxtəlif şəhərlərində terror aktları törətməyə hazırlaşır. Yaxın Şərqdə cərəyan edən hadisələr, Türkiyənin bu proseslərə münasibəti, Ankaradakı terror hadisəsi, İŞİD və ya kürd silahlılarının bu olayda rolu, terror hadisəsinin siyasi məqsədi və əsas hədəfi, həmçinin digər məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Arzu Nağıyev cavablandırır.
- Arzu müəllim, Yaxın Şərqin müharibə ocağına çevrilməsinə, dövlətlərin ərazi bütövlüyünə müdaxilələrin olmasına, bu ərazidə terrorçu qruplaşmaların fəallaşmasına səbəb nədir, niyə vəziyyət indiki həddə çatıb?
- Orta və Yaxın Şərqdə, o cümlədən bizim regiona yaxın ərazilərdə baş verən hadisələr “Orta Doğu Projesi”nin davamıdır. Hələ bir neçə il bundan öncə başlanmış proseslər, sanki kulminasiya nöqtəsinə çatmaq üzrədir. Əvvəllər bu hadisələr yalnız münaqişə adlandırılırdısa, artıq tərəflər yüngül və ağır texnikadan istifadə edir, əsl müharibə aparırlar. Yaxın Şərqdə elə bir ərəb dövləti qalmayıb ki, bu gün həmin dövlət “Orta Doğu Projesi” çərçivəsində müharibəyə cəlb edilməsin. İraqdan başlamış Suriyaya qədər bütün ərazi müharibə ocağına çevrilib. Bəzən ekspertlər deyirlər ki, Suriyadan Mahaçqalaya qədər məsafə 750 kilometrdir. Belə olan halda Azərbaycan Suriyaya, eyni zamanda oradan gələ biləcək hər hansı təhlükəyə daha yaxın məsafədədir. İstənilən münaqişə və siyasi hadisələr bizim ərazimizi də o proseslərə cəlb edə bilər. Suriya və Rusiya arasındakı son razılaşmaya əsasən, Kremlin rəsmi Dəməşqə hərbi köməklik göstərməsi, Xəzər dənizindəki hərbi gəmilərdən İŞİD mövqelərinə raket zərbələri endirməsi də proseslərin bizə nə dərəcədə yaxınlığını ortaya qoyur. Ən qorxulusu isə budur ki, belə bir böyük proseslərin getdiyi dönəmdə Dağlıq Qarabağ münaqişəsi kölgədə qala, ikinci plana keçə bilər. Bu da bizim üçün qəbuledilməzdir. Çünki ərazi bütövlüyümüz, dövlət və milli maraqların güdülməsi bizim üçün ümdə məsələdir. Yalnız bu maraqlar təmin olunduqdan sonra digər münaqişə və proseslər bizim diqqətimizi cəlb edə bilər. Ancaq bununla belə, Yaxın Şərqdəki hadisələr iqtisadi, siyasi və mənəvi baxımdan Azərbaycana da təsirsiz ötüşmür. Çox istərdik ki, bütün bu proseslər ölkələrin ərazi bütövlüyü, əmin-amanlıq çərçivəsində başa çatsın.
- Yaxın Şərqdəki proseslərə münasibətdə, xüsusən də Suriya məsələsində Türkiyə birmənalı şəkildə Bəşər Əsədin hakimiyyətdən getməsinin tərəfdarıdır. Rəsmi Ankaranın bu mövqeyi nədən qaynaqlanır?
- Suriya və Türkiyə arasında hazırda yaşanan vəziyyət birinci belə hal deyil. Ölkələr arasında münasibətlərin soyuqluğu əvvəllər də özünü göstərib. Burada həm Türkiyənin NATO üzvü olması, həm də Suriyanın fərqli məzhəb sahib olması kimi amillər var. Bu amillər getdikcə özünü daha qabarıq şəkildə göstərməkdə, münasibətlərə də öz təsirini göstərməkdə idi. Bəşər Əsəd rejiminə qarşı vuruşan “Əl-Nusra”, “Azad Suriya Ordusu”na himayədarlıq etmək məsələsində Türkiyə müəyyən rol oynayıb. Hazırda isə bütün bu proseslər elə bir həddə çatıb ki, Türkiyə üçün vəziyyəti normal məcraya yönəltmək olduqca çətindir. Türkiyə hazırda İŞİD-lə, Suriyadakı Bəşər Əsəd rejimi və daxilindəki PKK problemi ilə mübarizə aparmalıdır. Göründüyü kimi, rəsmi Ankaranın problemləri həddən artıq böyüyüb. Fikrimcə, bir müddət əvvəl humanizmi siyasətə dəyişən Türkiyə hökuməti kiçik səhv etdi. Bu səhvdən irəli gələrək Türkiyə məcburiyyət qarşısında qaldı, Suriya ilə sərhədləri açdı. Təxminən iki milyona yaxın suriyalı qaçqın Türkiyə ərazisinə sığınıb. Onlar arasında radikal qruplaşma üzvü olanlar yox deyil. Beləliklə də böyük bir kütlə Türkiyənin əleyhinə olan qüvvəyə çevrilib. Onların da yarısı PKK-nı, yarısı da İŞİD-i dəstəkləməkdədir. Bunun nəticəsində də Türkiyədə vəziyyət getdikcə gərgin xarakter almağa başladı. Təkcə bir faktı xatırlamaq yetər ki, iyul ayının 7-də ölkə parlamentinə keçirilən seçkilərdən bu günə kimi Türkiyə ərazisində 150-dən artıq terror hadisəsi baş verib. Bu, vəziyyətin hansı həddə çatdığını açıq-aydın göstərir. Faktiki olaraq Türkiyə bir neçə cəbhədə müharibə aparır. Daxili siyasətdə də yetərincə problemlər var. Ümid edək ki, noyabrın 1-də keçiriləcək təkrar seçkilərdən sonra iqtidarla müxalifət arasında müəyyən anlaşma yaranar, ölkədəki problemlər tədricən həllini tapar.
- Ankaradakı dəmiryolu vağzalı yaxınlığında çoxsaylı insan itkisi ilə müşayiət olunan terror aktının üstündən bir neçə gün vaxt keçsə də, heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Sizcə, bu terror aktının arxasında kim dayana bilər? Ümumiyyətlə, hadisənin törədilməsində siyasi məqsəd, əsas hədəf nədən ibarət ola bilər?
- Bu terroru hansı təşkilatının törədib-törətməməsindən asılı olmayaraq, çoxsaylı insan faciəsinə səbəb olan hadisənin siyasi məqsədlərə hesablandığı, siyasi mahiyyət daşıdığı bir faktdır. Ankarada törədilən terror aktları seçkidən əvvəl Türkiyə hökumətinin PKK və İŞİD-ə qarşı həyata keçirdiyi əməliyyatlar ilə bilavasitə bağlıdır. Bu, birmənalıdır. Baxmayaraq ki, hələlik heç bir təşkilat terrora görə məsuliyyəti üzərinə götürməyib, amma kamikadze metodundan dini-radikalizmin dəsti-xətti aşkar şəkildə hiss olunur. Bundan başqa, qanlı faciənin törədilməsində Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının da müəyyən mənada günahı var. Çünki, onlar Türkiyənin indiki vəziyyətində daha ayıq-sayıq olmalıdırlar. İnanıram ki, araşdırmalardan sonra terrora görə kimin məsuliyyət daşıdığı tam üzə çıxacaq. Amma ilkin qənaətim əsasında deyə bilərəm ki, bu hadisə rəsmi Ankaranın İŞİD və PKK-ya qarşı mübarizəsinə cavabdır. Çünki terrora qarşı qətiyyətli şəkildə mübariz aparan Türkiyə iqtidarı ölkə əhalisi arasında nüfuzunu bir qədər də artırmışdı, elektoratının sayını bir qədər də çoxaltmışdı. Bu da onun düşmənlərinin, terrorçu qurumların belə bir əməli törətmələrinə rəvac verib.
- AKP-li millət vəkillərindən biri iddia edir ki, Ankaradakı son terror aktını Suriya, İran və Rusiya xüsusi xidmət orqanları təşkil edib. Rusiya prezidenti V.Putin isə yerli televiziya kanallarından birinə müsahibəsində üstüörtülü şəkildə hadisələrə görə Qərbi təqsirləndirib. Bu deyilənlərə münasibətiniz necədir?
- Hər bir hadisənin, terrorun səbəb və məqsədi olmalıdır. İlk öncə İran xüsusi xidmət orqanlarının Ankaradakı terrorla əlaqəsinə fikir yetirək. Gəlin görək, rəsmi Tehranın bunda məqsədi, marağı nədir? İran Türkiyə ərazisində türklərə qarşı belə bir terroru nə məqsədlə törətməlidir ki? Hadisələri, xüsusən də İran-Türkiyə münasibətlərinin vəziyyəti baxımından belə bir ehtimal o qədər də inandırıcı görünmür. İranın özündə də türk mənşəli milyonlarla insan yaşayır. İran Türkiyədə terror törətməklə öz ərazisindəki etnik türkləri dövlətə, hakimiyyətə qarşı qoymaq istəməz. Qərb dövlətlərinə gəlincə, ola bilsin terror təşkilatlarını maliyyələşdirən hansısa qüvvə bunda maraqlı olsun, amma bütövlükdə hansısa dövlətin Ankaradakı terrorda maraqlı olduğunu düşünmürəm. Xüsusən də Qərbin xüsusi xidmət orqanlarının Türkiyə ərazisinə gəlib belə bir hadisə törətməsi inandırıcı deyil. Bəlkə də Rusiya prezidenti dövlət başçısı kimi əlavə informasiyaya malikdir və buna əsaslanaraq üstüörtülü şəkildə belə iddia irəli sürür. Ancaq mən sadalanan arqumentləri tutarlı saymıram. Onların doğru olması üçün motiv olmalıdır. Motiv yoxdursa, inanmaq çətindir.
- Suriyada İŞİD-ə qarşı B.Əsəd ordusunun və silahlı kürdlərin vuruşduğunu nəzərə alsaq, Ankaradakı terrorun əsas hədəfinin İŞİD-kürd qarşıdurmasının tədricən Türkiyəyə daşınmağa hesablandığını deyə bilərikmi?
- Ümumiyyətlə, regiondakı proseslər olduqca qarışıqdır. Vaşinqton Tehranla yaxınlıq etməklə, sanksiyaları aradan götürməklə, İranın ildə 56 milyard dollar gəlir əldə edəcəyini bildirir. Eyni zamanda Türkiyə “Əl-Nüsra”nı silahlandırır, müharibəyə təhrik edir. Rusiya ya Bəşər Əsədin saxlanması, ya da rejimin pozulmaması şərti ilə keçid hakimiyyətinin tərəfdarı kimi çıxış edir. Rusiyanın koalisiyasında “Hizbullah”ın yer alması da İsraili qıcıqlandırır. Yəni, hazırda Suriyada demək olar ki, bütün dövlətlərin öz maraqları var. Bu maraqlar yalnız müsəlman, məzhəb məsələsi ilə yekunlaşmır.