“İnhisarçılığı aradan qaldırmaq üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir”
Tarix: 13-10-2015, 12:03 |
Çap et
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında prezident İlham Əliyev bir çox məsələlərə toxunub. Prezident məmurlara çox ciddi xəbərdarlıq da edib. Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a prezidentin çıxışını belə şərh edib.
“Cənab prezident məmurlara çox ciddi mesajlar verdi. Azərbaycanda faktiki olaraq müəyyən leqal neft erası başa çatır. O mənada neftin qiymətinin və neft hasilatının aşağı düşməsi digər qeyri-neft sektorunun inkişafına zəmin yaradır. Dövlət başçısı mütəmadi olaraq Azərbaycan hökumətinin diqqətini prezident seçildiyi ilk gündən bu sahəyə yönəldir ki, Azərbaycanda vaxt gələcək, neft hasilatı artacaq.
Qeyri-neft sektorunun inkişafına diqqət yetirmək lazımdır. Bunun da bir sahəsi sahibkarlığın inkişafıdır. Düzdür, bu sahədə Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. Müəyyən işlər görülür. Bölgələrdə sahibkarlara kreditlər verilir, iş yerləri açılır. Amma kiçik və orta sahibkarlığın inkişafında Azərbaycanda çox ciddi maneələr var.
Birincisi, qərəzli yoxlamalardır. Yoxlama ildə bir dəfə olar. Sahibkarın əsas vəzifəsi odur ki, vaxtlı-vaxtında qanuna uyğun olaraq vergiləri ödəsin. Digər halda o, ancaq öz istehsalı və öz xidməti ilə məşğul olmalıdır. Çox təəssüf ki, sahibkarlığın yoxlanılması ilə bağlı qəbul edilən qanuna riayət olunmur. Qanunun icrasında ciddi nöqsanlar var. Sahibkarları çox incidirlər”.
Vahid Əhmədovun sözlərinə görə, prezidentin toxunduğu ciddi məsələlərdən biri də inhisarçılıqla bağlıdır: “Bu, çox ciddi məsələdir. Biz 8 aydır Milli Məclisdə “Rəqabət Məcəlləsi haqqında” qanun layihəsini qəbul etdirə bilmirik. Demirəm ki, bu məcəlləni qəbul edəndən sonra monopoliya aradan qalxacaq. Müəyyən qədər insanlarda məsuliyyət hissi oyadacaq.
Bazarda azad rəqabət üçün şərait yaradacaq. Bu qanun ciddi qəbul edilməlidir. Bu qanuna çox böyük ehtiyac var, Azərbaycanda bərabər rəqabət mühiti yaradılmalıdır”.
Vahid Əhmədov prezidentin Azərbaycanda lisenziyaların həddən artıq çox olması ilə bağlı dediyi iradlara da münasibət bildirib:
“Sahibkar bir dəfə lisenziya almalıdır. Son vaxtlar bununla əlaqədar müəyyən işlər görülüb. Bunların əksəriyyətini ASAN xidmət sisteminə vermək lazımdır.
Çünki orda korrupsiya faktı, rüşvət yoxdur. İnsanları incitmirlər. İnsanlar orada hansı əməliyyatlar keçirildiyini görür, istədikləri sənədləri alırlar. Əgər problem varsa, avtomatik elektron ölçülər vasitəsilə həyata keçirilir. Lisenziya formasına baxmaq lazımdır.
Lisenziyalarla əlaqədar xüsusi siyahı var. Azərbaycan hökuməti bu siyahıya baxmalıdır. Strateji əhəmiyyət kəsb edən sahələrə, strateji əhəmiyyətli məhsullara lisenziya vermək olar. Amma qalan sahələrə lisenziyanın nə dəxli var?! Lisenziya verilməsi özü faktiki olaraq korrupsiya mənbəyidir. Lisenziya verən hər bir idarə işçisi müəyyən mənfəət götürmək istəyir. İkincisi, sahibkarlar üçün ciddi problem yaradılır. Buna görə də lisenziyanın yeni variantı işlənib hazırlanmalıdır. Təzə siyahı tətbiq olunmalıdır”.
Prezident hökumətin iclasında bildirib:
“Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur.
Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar.
Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik.
Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.