"Rusiyadan qaz almaq sevdasında olan Gürcüstana hə deyilməsi real deyil"
Tarix: 12-10-2015, 14:54 |
Çap et
“İlk olaraq bir nüansı qeyd edim ki, 2007-ci ildən Rusiya Gürcüstana kommersiya qazı satmır. Həmin vaxtdan bu yana onun yerini Azərbaycan Dövlət Neft Şirkəti və Şahdəniz konsorsiumu tutur. Rusiyanın Gürcüstana ötürdüyü qaz isə bu ölkənin Ermənistana göndərdiyi qazın əvəzində alınan tranzit haqlarından gələn mavi yanacaqdır”.
Bunu Hafta.az-a açıqlamasında neft sahəsi üzrə iqtisadçı ekspert İlham Şaban Gürcüstanın Rusiyadan qaz almasına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, ötən ilin yekunlarına görə, Gürcüstan Rusiyadan təqribən 300 milyon kub metr qaz alıb:
“Bu rəqəm də Gürcüstanın ümumi qaz bazarının ümumi həcminin 12-13 faizindən çox deyil. Yerdə qalan hissə isə Azərbaycan qazı hesabına təmin edilir. Gürcüstan 2007-ci ildə qazın qiymətindən ona görə imtina etdi ki, Rusiya birdən –birə mavi yanacağın qiymətini 180 dollardan 320 dollara qaldırdı. Belə olan halda Gürcüstanın Rusiyadan qaz almaq imkanı nə dərəcədə düzgündür?! Faktiki olaraq bu boş xəyaldır. Gürcüstanın Energetika naziri Kaxa Kaladzenin bir-birinin ardınca iki dəfə jurnalistlər üçün verdiyi açıqlamada bildirdi ki, Gürcüstan daxilində rəqabətədavamlı qiymət təklif edilərsə, onda bu qazın alınmasına şad olardıq. Bu elə-belə deyilən söz deyil. Nədənsə bu sözlər Rusiya mətbuatında yer almır. Regional mediada yayılan xəbərlər isə Azərbaycan qazına yönəlmiş informasiya müharibəsinin tərkib hissəsidir. Burada məqsəd odur ki, Rusiya Gürcüstanın qaz bazarına daxil olmaqda maraqlıdır. Gürcüstan da Rusiyadan ucuz qaz almaqda maraqlı olduğunu gizlətmir. Eyni zamanda Azərbaycan qazının və enerji məhsullarının qiymətində də maraqlıdır. Bununla da tərəflər öz maraqlarını təmin etməyə çalışırlar”.
İlham Şabanın sözlərinə görə, Gürüstanın Rusiyadan qaz almaq istəyinin səbəbi hazırda dünya bazarında mavi yanacağın qiymətlərinin düşməsidir. İlham Şaban deyir ki, gürcülər də bundan istifadə edib Rusiyadan qaz almaq məsələsini gündəmə gətirdilər:
“Gürcüstan bazarında 2016-cı il üçün real vəziyyət aşağıdakı kimidir. Gələn il Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası modernizasiyaya bağlanacaq. Çünki ermənilərin vəziyyəti pisləşdi, onlar əvvəl istəyirdilər ki, yeni atom elektrik stansiyası tiksinlər. Ancaq bu isə çox böyük vəsait tələb edir. Onların bu pula gücü çatmadığı üçün 2026-cı ilə qədər “Metsomor”un ömrünün uzadılması ilə bağlı Ermənistan hökuməti qərar verdi. Onlar da bunu iki mərhələdə - 2016 və 2019-cu illərdə modernizasiya edəcəklər. Modernizasiya prosesi zamanı həmin AES təxminən altı ay işığı dayandıracaq. Ancaq ölkəyə elektrik enerjisi lazımdır. Ona görə də, istilik elektrik stansiyalarının gücünü artırmaq lazımdır. Onlarda isə ən böyük istilik elektrik stansiyası isə Razdan istilik elektrik stansiyasıdır. Bu stansiya da Qazpromun bir törəmə şirkətinin idarəçiliyindədir. Buna görə də, Qazprom Gürcüstanla danışıqlar apardı ki, 2016-cı ildə Gürcüstan ərazisi ilə Ermənistana qazın verilməsinin həcmlərini artırsın. Yəni, bu həcmləri 2 milyard kub metrdən 15-20 faizə qədər artırsın. Təbii ki, bu həcmlər artanda Gürcüstana çatacaq tranzit həcmləri də artacaq. İkinci bir tərəfdən isə, gürcülər istədilər ki, bundan istifadə edib Rusiyadan kommersiya qazının alınması danışıqlarına başlasınlar. Ona görə ki, hazırda dünya bazarında mavi yanacağın qiyməti xeyli aşağı düşüb. Neftin qiymətlərinin iki dəfə aşağı düşməsi qazın da qiymətlərinə çox təsir göstərib. Onlar da bundan istifadə edib Rusiyadan qaz almaq məsələsini gündəmə gətirdilər. Rusiya da bu fürsətdən bir növ, yararlanmağa çalışır. Rusiya bununla da yeni qaz bazarlarını ekspansiya etməyə cəhd edir. Ancaq bu iki ölkə arasında diplomatik əlaqələr də yoxdur. 2008-ci ildəki beşgünlük müharibədən sonra bu ölkələr diametral olaraq fərqli cəbhələrdədirlər. Biri özü üçün tamamilə yeni bir qütb yaradır. Yəni Rusiya Avrasiya İttifaqı formalaşdırmaqdadır, siyasətini də Qərbə əks olan bir qütb formalaşdırır. Gürcüstan isə Saakaşvili hakimiyyəti və ondan sonra da xarici siyasətini Qərbyönümlülükdə görür. Sonuncu səsvermələrdə də ancaq Rusiyanın əleyhinə səs verirlər. Enerji vasitələri də “həqqə gəlməyən ölkələri həqqə gətirmək” üçün həmişə Rusiyanın əlində təsir vasitəsi olub”.
Ekspertə görə, Rusiyadan qaz almaq sevdasını gizlətməyən Gürcüstana Rusiyanın hə deməsi o qədər də real görünmür:
“Rusiya həmçinin Gürcüstana deyir ki, ucuz qaz almaq istəyirsənsə özünün xarici siyasətinə baxmalısan. Kimin yanında olduğunu qətiləşdirməlisən. Ilk olaraq diplomatik əlaqə yaradılmasını istəyir. İctimaiyyətə açıqlanmasa da bunun pərdə arxası budur. Gürcüstan bunu etməsə onlar heç vaxt Rusiyadan qaz ala bilməyəcəklər. Üstəlik Gürcüstanın elə bir ciddi vəsaiti yoxdur ki, “Qazprom”dan böyük həcmdə qaz alsın. Gürcüstan Qazpromdan maksimum bir neçə yüz milyon kub metr kommersiya qazı ala bilər. Onlar bundan böyük qaz almaq iqtidarında deyillər”.