Azərbaycanın qaz bazarına “Qazprom” təhlükəsi – Bu nə qədər realdır?
Tarix: 9-10-2015, 13:43 |
Çap et
“Biz birinci növbədə öz bazarımızı yüz faiz təmin etməyə çalışmalıyıq”.
Bu sözləri PİA.AZ-a açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
Xatırladaq ki, “Qazprom”la SOCAR arasında Gürcüstan və Türkiyə bazarı uğurunda rəqabətin gərginləşməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Bəs bu rəqabət sonucunda Azərbaycanın itirəcəyi, ya da qazanacağı nələr var?
PİA.AZ-ın əməkdaşı bu sualla Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şabana müraciət edib.
İqtisadçı ekspert İlham Şabanın fikrincə, Gürcüstanın başqa ölkələrdən qaz alması Azərbaycanın nələrsə itirdiyi anlamına gəlmir:
““Qazprom”la SOCAR arasında Gürcüstan və Türkiyə bazarı uğurunda rəqabətin gərginləşməsindən Azərbaycanın itirəcəyi həcmləridir. Biz Gürcüstan bazarında 2007-ci ildən varıq. Ancaq mənim diqqətimi çəkən Gürcüstanın enerji naziri Kaxa Kaladzenin jurnalistlərə dünənki açıqlamasında bir məqam oldu. O, çox maraqlı bir məqama toxunmuşdu ki, nəyə görə “Qazprom” şirkəti ilə belə danışıqlar aparırlar. Və bunu ikinci dəfə qeyd edir.
İlham Şaban: “Əgər bizdə kifayət qədər qaz olsaydı, metallon zavodu üçün Rusiyadan qaz almazdıq”
Qeyd edir ki, Azərbaycan tərəfində Gürcüstanın artan tələbatını ödəmək üçün qaz olmadığından “Qazprom” şirkətinə müraciət edirlər. Və sonra da gülə-gülə bildirir ki, Rusiya rəqabətə davamlı qiymət təsnif edərsə, onlar “Qazprom”la əməkdaşlıqda maraqlı olarlar. Əslində heç kəsə sirr deyil ki, Azərbaycanın bazarlarda böyük təbii qaz həcmləri yoxdur. Əgər bizdə kifayət qədər qaz olsaydı, metallon zavodu üçün Rusiyadan qaz almazdıq.
Ona görə də Gürcüstanın artan tələbatı üçün Dövlət Neft şirkəti qazı özü verə bilərdi. Bu da başa düşüləndir ki, Gürcüstanda Dövlət Neft şirkəti görün nə qədər qazlaşma aparır. Artıq Gürcüstanda SOCAR –ın 430 min abunəçisi var. “SOCAR Georgia Gas” şirkəti yaranandan qaz abunəçilərinin sayı 5-6 dəfə artıb. Təbii ki, bu onların qaz istehlakını artırmalıdır. Digər tərəfdən, onlara qaz vermək lazımdır. Və bu artan tələbat bir şəkildə ödənməlidir. Gürcüstanın 1.5 milyard kub-metr qaz istehlakı var idi. Lakin indi Gürcüstanın qaz istehlakı 2.2 mulyard kub-metrə yüksəlib. Yəni 700 milyon kub-metr artıb.
Əvvəllər Gürcüstanın qaz bazarında “Şahdəniz” qazı satılmırdı. Ancaq il yarımdır ki, “Şahdəniz” Gürcüstana kommersiya qazı satır. İndi “Şahdəniz” qazı da Gürcüstana kifayət etmir və buna görə də öz bazarları üçün yeni oyunçu axtarırlar. Düşünməməliyik ki, bizim mövqelərimizə hansısa zərbə dəyib. Biz birinci növbədə öz bazarımızı yüz faiz təmin etməyə çalışmalıyıq”.