“Azərbaycanın geosiyasəti”
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Təsadüfi deyil ki, SSRİ dağıldıqdan sonra Avropa İttifaqı müxtəlif illərdə bu istiqamətdə bir çox sənəd və proqramlar qəbul etmiş və onları həyata keçirmişdir. Belə ki, Aİ 1999-cu ilin oktyabrında qəbul etdiyi “Sənubi-Şərqi Avropada sabitlik paktı” adlı sənədin, 2000-ci ildə Belçikada fəaliyyət göstərən Avropa Siyasi Tədqiqatlar Mərkəzinin hazırladığı “Qafqazda sabitliyə dair pakt” adlı layihənin, 2000-ci ildə reallaşdırdığı “Qonşuluq siyasəti”, 2008-ci ildən həyata keçirdiyi “Şərq tərəfdaşlığı”nın adlarını çəkmək olar.
Eyni zamanda, Avropanın Rusiyadan qaz ixracını minimuma endirmək üçün TAP və TANAP qaz kəmərinin reallaşması üçün ABŞ-la yanaşı bu qurumun da Azərbaycana dəstək verməsi onun düşünülmüş və illər sonrasına hesablanmış geosiyasi, geoiqtisadi maraqlarından xəbər verir.
Kitabın müəllifi qeyd edir ki, Avropa Birliyi başqa sahələrdə olduğu kimi, Cənubi Qafqazın təhlükəsizliyi məsələsində də əsas diqqətini hər hansı bir bölgə ölkəsinin konkret regional və beynəlxalq təhlükəsizliyinin təmin edilməsinə deyil, hər üç ölkə ilə tərəfdaşlıq münasibəti qurur. Bu maraqlar regional sabitlik, enerji-nəqliyyat kommunikasiyaların beynəlxalq təhlükəsizliyinin, Xəzər-Qara dəniz hövzəsinə Qərb ölkələrinin Rusiya iradəsindən asılı olmayan sərbəst çıxışının təmin edilməsi üzərində qurulmuşdur.
Qeyd edək ki, Fars körfəzi ABŞ iqtisadiyyatı üçün əsas enerji mənbəyi funksiyasını necə yerinə yetirirsə, Xəzər hövzəsi də Avropa İttifaqı üçün də həmin funksiyanı yerinə yetirir. Lakin, mütəxəssislər belə hesab edirlər ki, bu funksiyanın yerinə yetirilməsi ABŞ-dan fərqli olaraq Aİ üçün asan olmayacaq. Hörmətli professor bunun səbəblərinin belə açıqlayır:
“Əvvəla, ABŞ-dan fərqli olaraq, Avropa İttifaqı bu regionun təhlükəsizliyinə görə hərbi-siyasi məsuliyyət daşımaq istəmir. Bu isə Avropanın bölgədəki hadisələrə fəal müdaxilə etmək şanslarını xeyli azaldır;
İkincisi, Avropa İttifaqı hələlik yekcins güc məzkəzinə çevrilə bilməyib. Buradakı bir sıra dövlətlərin dünyadakı qlobal proseslərə fərqli mövqedən yanaşması Avropa İttifaqının vahid geostrategiyasının formalaşdırılmasına mane olur və nəticədə, Avropa geosiyasi mərkəz kimi ABŞ və Rusiyaya real alternativ kimi çıxış etməkdə çətinlik çəkir;
Üçüncüsü, İraq probleminə yanaşmada Almaniya ilə Fransanın tutduğu mövqe Avropa İttifaqında vahid geostrategiyasının formalaşmaq üzrə olduğunu nümayiş etdirsə də, vahid Avropa Konstitusiyası ətrafında cərəyan edən proseslər, bunun tam əksini sübut etdi. Məlum oldu ki, bu gün Avropa hələlik öz gələcəyinə dair yekdil rəyə gələ bilməyib;
Dördüncüsü, Xəzər hövzəsindəki enerji layihələrində ən fəal iştirak edən Avropa dövləti Böyük Britaniyadır. Bu dövlətin regiondakı geostrategiyası isə Avropa İttifaqının deyil ABŞ-ın mövqələrinin möhkəmlənməsinə yönəlib və s”. (Bax.S. 312)
Avropa İttifaqının Avrasiya sistemində Azərbaycanın rolu və yerinə gəldikdə isə qeyd etməliyik ki, bu qurumun Azərbaycanla əməkdaşlığı Sovet İttifaqı dağıldıqdan dərhal sonra, yəni 1991-ci ildən başlayıb və 1992-ci ildə “Tasis” proqramı çərçivəsində Azərbaycanı tam əhatə edən layihə olub. Bu ildən bu proqram çərçivəsində Azərbaycan və MDB ölkələrində həyata keçirilən iqtisadi və nəqliyyat-kommunikasiya sahələrinə Avropa İttifaqı 4 milyard avrodan artıq vəsait xərcləyib. Nəzərə alaq ki, TASİS-in əsas layihələrində biri və vacibi o dövr üçün ən gərəkli sayılan, 13 dövləti özündə birləşdirən TRASEKA layihəsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqının əməkdaşlığının, tərəfdaşlığının hüquqi əsası 1996-cı ildə qoyulmuşdur. Lüksemburqda imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş 1999-cu ildə Aİ-yə üzv olunan dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.
Əli Həsənov yazır ki, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın yeni mərhələyə daxil olması 2004-cu ildən “Avropa qonşuluq siyasəti” ilə başlamışdır. Mütəxəssisləri fikrinə görə, Azərbaycanın Xəzər hövzəsi və Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi nüfuzunun möhkəmlənməsinə uğurlu transmilli enerji və nəqliyyat-dəhliz siyasətini yürütməsinə Avropa Birliyi ilə səmərəli əməkdaşlığına və tərəfdaşlığına mühüm təsiri olmuşdur.
“Avropa Qonşuluq siyasəti” Azərbaycan üçün aşağıdakı perspektivləri yaratmışdır:
- Siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsi sahəsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olmaq imkanı;
- Əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək üçün inteqrasiya və liberallaşma proseslərində iştirak;
- Avropa İttifaqının üzvü olan ölkələrdə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
Göründüyü kimi “Avropa qonşuluq siyasəti” proqramı Azərbaycana nə qədər üstünlüklər verir, bir çox daxili və xarici məsələlərin, problemlərin həllinə yardımçı olur. Belə ki, Azərbaycanın xarici aləmlə digər dövlətlərlə yürütdüyü balanslaşdırılmış siyasət və ikitərəfli əməkdaşlıq özünü doğruldur. Lakin, bəzi mütəxəssislər həm ölkə içindən, həm də xaricdən qətiyyətlə, çox zaman hadisələri şişirtməklə hesab edirdilər ki, Azərbaycan öz mövqeyini ortaya qoymalı, münasibətləri gərginləşdirmədən hər hansı bloka qoşulmalı, o blokun tam hüquqlu üzvü olmalıdır. Əks təqdirdə Azərbaycan əzilmiş və sıxılmış vəziyyətdə qalacaq, sosial və digər problemlərin məngənəsində sıxılacaq, dar gündə, yəni əgər Qarabağ probleminin həlli silahlı qarşıdurmadan keçəcəksə yanımızda kimsəni görməyəcək, onların yardımından məhrum olacayıq və s. və ilaxır.
Amma zaman göstərdi ki, Azərbaycan dövləti və onun prezidenti İlham Əliyev bölgədən Ermənistandan və Gürcüstandan fərqli olaraq düzgün siyasət yürüdür. Bildiyiniz kimi Ermənistan birmənalı şəkildə Rusiyanın yanında yer alıb. Belə ki, Rusiya Ermənistanın enerji-nəqliyyat dəhlizini öz əlində saxlamaqla yanaşı, eyni zamanda özünün geostrateji planlarını həyata keçirmək üçün adı çəkilən ölkədə böyük bir hərbi birləşmələr yerləşdirib, bir sözlə Ermənistan Rusiyanın hərbi plasdarm rolunu oynayır və görünən də odur ki, belə bir vəziyyət uzun müddət davam edəcək.
Qərb dövlətləri nə qədər cəhd etsələr də Ermənistanı Rusiyanın tabeçiliyindən qopara bilmirlər. Ermənistan daxilindən buna cəhdlər olanda, dərhal hakimiyyət çevrilişi olur, Rusiyaya loyal münasibət bəsləyən kimsəni dövlət başına gətirirlər. Sabiq prezident Ter-Petrosyanı hakimiyyət zirvəsindən endirib, onun yerinə Köçəryan gətirildi. Yaxud, bu ölkənin parlamentində millət vəkillərini günün günorta çağı güllələdirlər, yaxud Rusiyanın “bir barmağının işarəsi ilə” küçələrə tökülüb mitinqlər keçirir, Sərkisyana get deyirlər.
Rusiya bütün bunları o zaman edir ki, onun geosiyasi və geostrateji maraqlarına təhlükə yaranır, çünki ABŞ və Qərb dövlətləri Xəzər-Qara dəniz hövzəsində getdikcə fəallıqlarını daha da artırırlar. Bu fəallığın kontekstində Rusiya daha da aqressivləşir, yeni-yeni layihələr həyata keçirməyi planlaşdırır və bu sahədə tələskənlik, düşünülməmiş addımlar Qərbin xeyrinə işləyir.
Ardı varYunuz OĞUZ