Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Tarix: 17-09-2015, 11:11 | Çap et
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Dünyanın bir çox yerlərində olduğu kimi, Ukraynada da meqapolislə əyalətlərin arasında böyük fərq var. Paytaxtdan 150 kilometr aralanandan sonra bu fərq dərhal gözə çarpır: möhtəşəm və gözəl tikililər yoxa çıxır, yollar eniszləşir, bərbadlaşır, insanların zahiri görünüşü sadələşir, maşınların ucuzluğu, köhnəliyi qabarıq nəzərə çarpır və s.

Biz Kiyevdən çıxıb Kremençuqa tərəf gedəndə bunun əyani şahidi olduq. Bir yerlərdən sonra sanki Hacıqabula çatdıq, çoxzolaqlı hamar asfalt yol bitdi, yerində eynilə Beyləqan və Füzuli rayonları arasındakı nahamar, ensiz, kələ-kötür yol peyda oldu. Bu yolda irəliləyərkən hasil olan qənaət və təəssürat 3 ay əvvəl Beyləqan-Füzuli arasında gedərkən məndə yaranan qənaət və təəssüratın eynisiydi.

Bir ara bu rəy dəyişdi, özümü Şabran-Xudat yolundakı kimi hiss etdim. Bir-birinə yaxın və yaşıllıqlarla əhatə olunmuş kəndlərin arasında uzanan yolun kənarında vedrələrdə öz bağ-bağatının məhsulunu yol keçənlərə təklif edən Ukrayna kəndliləri gördük. Onlar yol kənarına düzdükləri vedrələrdə alıcılara kartof, pomidor, çuğundur, boranı, cürbəcür meyvələr və sair kənd təsərrüfatı məhsulları satmaq istəyirdilər. Alıcıları da vardı.

Ancaq bu yazının yazılmasına səbəb Poltava vilayətinə girmək üzrə olduğumuzu göstərən, bizim rayonlardakı kimi alaqapıya oxşayan nəhəng lövhənin yaxınlığında gördüyümüz bir mənzərə oldu. Yoldan sağa burulduq və qarğıdalı plantasiyasının kənarında inşa edilmiş yolkənarı pavilyona döndük. “Hə, Kürdəmirə çatdıq” deyə zarafat elədik, hesab etdik ki, bu da Kürdəmirdəki (eləcə də Ağdaş və Ucardakı) yolkənarı kafe-pavilyonlardan seçilməyən, tualeti pis gündə olan, xidməti qara qəpiklik olmayan bir istirahət məkanı olacaq.

Bu təəssürat maşından düşərkən dərhal dağıldı. Düşdüyümüz yer yaşıllıqlar içində olması, səliqə-sahmanı, maşın saxlamaq üçün nəzərdə tutulmuş meydançasının işarələnmiş şəkildə asfalt olması ilə fərqlənirdi.

“Misliviets” adlanan həmin məkanın içərisi ovçuluq sənətinə dair muzeyə oxşayırdı. Yerə gəlmişkən, “Mislivets” Ukrayna dilində ovçu deməkdir.

Slavyan xalqlarına məxsus üslubda taxta-şalbandan tikilimiş tiklinin divarları maral, ayı, qaban, dağ kəli dəriləri süslənmişdi. Dərilərin kənarları parça ilə işlənmişdi və hamısının üzərində ov tüfənləri vardı. Divarlarda 10-dan artıq tüfəng saydım. Bundan başqa, rəflərdə baydaça, sərnic, samovar, cürbəcür misgərlik məmulatları səliqəli şəkildə düzülmüşdü.

Pavilyonun tavanı xüsusi bir sənət əsəriydi. Burada Ukrayna kəndlilərin vaxtilə istifadə etdikləri kənd təsərrüfatı alətləri – dırmıq, yaba, balta, çəllək, araba təkəri, dəryaz və sair avadanlıqlar biçimli və etibarlı şəkildə tavanda yerləşdirilmişdi. Stullar iri və ağır ağaclardan düzəldilib, stulu 10-15 santimetr o yan-bu yana çəkmək üçün əməlli-başlı güc sərf etmək lazımdır.

Tikilinin gircəyində, sağda meqapolisdəki kafelərin barlarını xatırladacaq bir bar var və orada bir çox Avropa və MDB ölkələrinin ən yaxşı spirtli içkiləri təklif olunur.

Kafenin içində WI FI zonası var, sadəcə müştərilən parolu soruşması kifayətdir ki, burada oturub saytlara baxsın, electron poçtlarını yoxlasın, vaxtını səmərəli keçirsin.

Kürdəmir pavilyonlarında camaat ən çox nədən gileylənir? Yeməyin bərbadlığından və tualetlərin natəmizliyindən, iyli-qoxulu, iyrənc olmasından.

“Mislivets”in tualeti meqapolislərdəki dörd ulduzlu otellərdə olduğu kimiydi. Müştərinin rahatlığı üçün hər şey nəzərdə tutulub.

Yeməklərinə gəlincə, tələsdiyimizə görə bizə təklif edilən və hazırlanması vaxt aparan yeməklərdən vaz keçib yüngül qəlyanaltı sifariş etdik, tez bir zamanda pendirli, kartoflu, kökəyə oxşayan bir şey gətirdilər, yedik. Dadı vazkeçilməz idi. Ən ümdəsi qiyməti də çox münasib idi.

Bu yolkənarı pavilyon o qədər rahat, gözəl idi ki, buradan bir neçə şəkil çəkib oxucularımızla paylaşmaq qərarına gəldim və düşündüm ki, əslində istəyəndən sonra öz yollarımızın kənarında da bu cür gözəl nəfəsdərmə yerləri yaratmaq olar. Həm camaat razı qalar, həm də onun sahibləri yaxşı pul qazanar.

Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe
Poltava çölündə “Kürdəmir pavilyonu”nu andıran muzey-kafe





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net