Fikrət Qoca: “Dostlarımın əksəriyyəti artıq bu dünyadan köçüblər”
Tarix: 17-09-2015, 11:04 | Çap et
Fikrət Qoca: “Dostlarımın əksəriyyəti artıq bu dünyadan köçüblər”
2000-ci illərin əvvəllərində “Kaspi”nin “Bizim qonaq” rubrikası qəzetin ətrafına görkəmli insanları – incəsənət və elm adamlarını, siyasətçiləri, idmançıları və başqalarını yığırdı. Bir neçə il davam edən rubrikamız sonradan yeniliklər arzusu ilə məzmununu da, adını da dəyişdi. Ancaq bu gün “Ən yaxşı yenilik elə köhnəlikdir” deyə düşünüb rubrikamızı yenidən bərpa etmək qərarına gəldik.
“Bizim qonaq”da qapımızı ilk açan, kollektivi bir stol ətrafına toplayan isə bu günlərdə 80 yaşını qeyd edən, ölkə başçısının “Şərəf” ordeni ilə təltif etdiyi Xalq şairi Fikrət Qoca oldu.

Tikanı görüb gülə baxanda

- Hər yazıçı jurnalist və ya hər jurnalist yazıçı ola bilərmi?
- Yox, bu, mümkün deyil. Jurnalistlik və yazıçılıq arasında məsafə yoxdur. Keçid də yoxdur. Elə yazıçılar var ki, nə yazıçıdır, nə jurnalist. Ömrü boyu qaralayır, yazı ilə məşq edir. Ədəbiyyatda şairlər var ki, bütün həyatı boyu insanların sağlığına şeirlər yazır. Şairlər də var ki, həyatının çox hissəsini lirikaya, məhəbbətə həsr edir. Həyatı boyu qəm, kədər görən şairlər də var. Bu tip şairlər həyatı görür və hər şeydən təəssüflənir. Şairlər də var ki, hər şeydən yaza bilir. Mənə elə gəlir ki, bu, daha düzgün yoldur. Bəzən bir zibilin içərisindən sənə təmizlik boylanır – bu, adi iş deyil. Kədərlə yazan adam kədəri və zibili görəcək, amma gözəlliyi görməyəcək. Nikbinliklə gəzən adam yalnız nikbin şeyləri görə biləcək. Hər ikisini görmək üçün adam gərək hərtərəfli olsun.

- Fərq nədədir - bəziləri həyatı yazır, bəziləri düşündüklərini... Məgər şairlərə təxəyyül lazım deyil? Oxucunu bir az da aldatmağa ehtiyac yoxdurmu?
- Çernışevski yazıçılıq istedadı haqqında danışanda deyib ki, yazarlar nə son dərəcə realist olmalı, nə də həyatdan elə aralanmalıdır ki, hər hər şey yaddan çıxsın. Yazar həyatla təmasda olmalıdır. Təbiəti təkrar etmək istəsən, bacarmayacaqsan. Çünki təslim olmalısan. Əgər təbiətdən uzaqlaşıb şeirdə özün yarpaq yaratmaq istəyirsənsə, yenə edə bilməyəcəksən. Ancaq bu yarpaq və torpaqla şairin yaradıcılığı və təfəkkürü arasındakı məsafə də talantdır. İstedad budur. Şair bir yarpağı görür, ancaq min yarpaq düşünməlidir. Yarpağı saxlayan budağı, onu yetişdirən gövdəni və kökləri də görməlidir. Yəni sən görən şey azdır - istedad burda işləməyə başlayır. İnsanın düşüncəsi, təfəkkürü, davranışı da burada rol oynamalıdır.

- Bəs yaş necə, istedadı cilalayırmı?
- Yaş təcrübədir. Bu, çox vacibdir. Bəzən istedad adamdan küsə bilir. Məsələn, şeir fikirləşmisən, ancaq evə qonaq gəlib yaza bilmirəm. Şeir isə hey beynimdə fırlanır. Əgər indi yazmırsansa, səhər yox olur. Əgər gecə yarısı oğurlanaraq mətbəxə keçib onu yazmasan, ilhamın küsə bilər. İstedad səndən üz döndərib gedə bilər.

- Hansı mövzu ilə bağlı yazanda xüsusi diqqət tələb edir?
- Hər bir mövzu... Həyat ətrafında olan hər bir mövzu xüsusi yanaşma tələb edir. Çünki sən də bir dəhliz görürsən. Çox şey görmürsən. Fikirləşməlisən ki, digər tərəflərdən baxanlar da var. Bir stəkana hərəmiz bir tərəfdən baxırıq. Onun baxdığını mən görmürəm, mənim baxdığımı o. Mən ümumi bir fikrə gəlməliyəm. Stəkan haqqında yazanda əgər doğrudan da oxunmaq istəyirəmsə, sizin də fikrinizi düşünməliyəm – bu, vacib amildir. Bəzən özün də bilmədən elə mövzuya toxunursan ki, heç o barədə düşünməmisən. Ancaq bəzən bir əşyanın yanından yüz dəfə keçirsən, heç ona əhəmiyyət vermirsən. Bu, hissiyyatdır. Güllə tikan arasında münasibəti qurmaq lazımdır. Tikanı görüb gülə baxanda gül daha gözəl görünür.

Hasarlar

- Ruslar poeziyaya xeyirxahlıq kimi yanaşırlar. Deyirlər ki, əgər poeziya varsa və sevilirsə, demək insanlarda xeyirxahlıq itməyib. Bəs hazırda bizim cəmiyyətdə necədir, oxucunun poeziyaya münasibəti dəyişibmi?
- Bu münasibət heç vaxt itmir. Yaxşılar olmasaydı biz ölümə gedərdik. Bizə nə qədər mane olurlarsa, yenə artırıq. Demək kök təmizdir. Bu, reallıqdır. Yaxşılar çoxdur. Bizi kim yetişdirib? Evdən çıxandan sonra cəmiyyətin içinə düşürük. Baxmayaraq ki, dövlət ruhi xəstələr üçün xəstəxanalar tikib, ancaq onların çoxu evdə, yolda və ya bəzisi xəstəxanadadır. Hər yerdə onlara rast gələ bilərsiniz. Onların hamısı xəstəxanada deyil. Yaxud oğrular üçün türmə tikilib, ancaq onların hamısı məhbəsdə deyil. Onların oğurluğu sübut olununca, öz işlərini görürlər. Sən bunlardan danışanda gərək əxlaqla danışasan. Sən axı bunları görürsən. O adam tutulandan sonra ondan yazmaq lazım deyil, gecdir artıq. Dövlət onun cəzasını verir. Onu vaxtında görmək, qarşısını almaq lazımdır. Mən əvvəllər «Gənclər» qəzetində işləyəndə “Divarlar” haqqında bir məqalə yazmışdım. O zaman “Qubernator bağı” dəmir hasarlarla bağlanmışdı. Bir xeyri oldu ki, həmin hasarları sökdülər. Ancaq şüurlara kiçicik də bir xeyri olmadı. Əvvəllər Bakı bağlarında hasarlar olmazdı. Orada külək oynamalıdır, çünki oralar qumdur. Ona görə ağ şanı, qara şanı var. İndi hərə bir tərəfdən navalça qurur, elə bil türmə tikiblər və içərisinə girib oturublar. Siz özünüzü nədən, kimdən gizlədirsiniz? Polşada insanlar hasar əvəzinə evlər arasında rəngbərəng güllər əkirlər. Çox gözəl görünür.

- Yəni insanlar arasında bu hasarlar artır...
- Cəmiyyətdə bu meyilləri hiss edirik. Bu hasarlar təkcə bağlarda deyil, həm də insanlar arasındadır.

- Ümumiyyətlə, poeziyanın gücü həmişə maraqlıdır. Ukrayna hadisələri yenicə başlayanda tanınmış şair Yevgeniy Yevtuşenko “Maydan”a şeir yazdı və onu minlərlə insanın qarşısında oxudu. Şair əsrlər boyu qardaş olan iki xalqı yenidən birliyə çağırdı. Doğurdanmı, poeziya müharibələri sakitləşdirməyə qadirdir?
- Yox… Leninə «Deyirdiniz həqiqət qalib gələcək. Gözləyin, həqiqət qalib gəlsin» - deyəndə «Sənin yüz həqiqətinin qabağına bir sınıq top qoymaq olar” - deyib. İndi yüz şeir oxu, nə xeyri var?

Niyə bu insanlar haqqında yazmışam?

- Siz o zaman Ernesto Çe Gevara haqqında şeir yazmısınız. Ümumiyyətlə, qəhrəmanları vəsf etməklə, onları cəmiyyətə tanıtmaqla şairlər xüsusi missiya yerinə yetirirdilər?
- Ernesto kimdir? İnqilabçı. O, istəyirdi ki, müstəmləkəçilik olmasın. O, argentinalı idi. İnqilabları həyata keçirməyin öz ölkəsində mümkün olmadığını gördükdən sonra Kubaya gəlib oradakı inqilablarda iştirak elədi. Kuba Amerikadan ayrıldı. O zaman Kubada bir ruhi xəstəxana açmışdılar və ora 70 min qadını yığmışdılar. Mən iki dəfə Kubaya səfər etmişəm. Daha sonra Filippinə getmişəm. O ölkədə Xose Risalı 35 yaşında inqilab etdiyinə görə tutublar. O, Filippinin ilk tarixçisi, ilk roman yazanı və rəssamı olub. 15 dil bilirdi. Ona güllələnmə kəsirlər. İnqilabçını səhər güllələnməyə aparacaqdılar. O, bütün gecəni yatmayaraq «Bədənimin azadlığı» adlı poema yazıb. Bu poemaya hazırda ümumi heykəl ucaldıblar. Altında bütün dillərdə, o cümlədən Azərbaycan dilində iki misra onun adını yazıblar. Sonra həmin poema bir neçə dilə tərcümə olundu. Mirzə İbrahimov “bunu Azərbaycan dilinə tərcümə elə” deyə mənə bildirdi. Mən niyə bu insanlar haqqında yazmışam? Sovet hökumətinin qılıncının kəsən vaxtında deyə bilməzdim ki, durun, inqilab edin.

- Rəhmətlik Vaqif Səmədoğlunun yubileyində şair “Mən bütün quşların dilini bilirəm, təkcə insan övladıdır ki, dil açandan, fərqləri başa düşəndən sonra ayrı dildə danışır” dedi. Yenə bayaqkı hasar mövzusuna qayıdaq. Niyə insanlar bir-birləri üçün bu qədər süni maneələr fikirləşir, bir-birlərinə bu qədər mane olurlar?
- Bunun adi bir cavabı var: biz elə bilirik ki, yaşadıqca, kəşf etdikcə, elm öyrəndikcə inkişaf edirik. Əksinə, Qvineya Bisauda bizi meşənin içərisində olan bir qəbilənin qəbirlərinin üzərinə apardılar. Orada ibtidai qəbilələri bir-birin yemək üçün vuruşdurublar. Amma biz sağ ikən mənən bir-birimizi yeyirik. Çünki içimizdə bizi yeyən qurd var. Yalandan «mən» deyən adamlardan cahili yoxdur. İçindəki qurd qoymur ki, o, öz ayranına turş desin. İçdəki “mən”dən xilas olmaq lazımdır.

Ölümə qaçan adamlar

- Tanınmış türk şairi Nazim Hikmətin «Yaşamaq gözəldir, qardaşım» adlı bir əsəri var. Bir zaman həkim sizə «Bir ay ömrünüz qalıb» demişdi. Siz onda ulu öndər Heydər Əliyevin köməkliyi ilə Moskvaya müalicəyə getdiniz. Hətta, ulu öndər əməliyyatdan qabaq sizə «Həkim deyir 16 il yaşayacaq» bəsindirmi? - deyəndə siz «6 il də bəsimdir» - demişdiniz. Yaşamağın gözəlliyini necə qiymətləndirirsiniz?
- Bir az düşüncəsi olan adam dünyaya gələndən az sonra bilir ki, hər addımı onu ölümə aparır. Səhər-səhər küçədə qaçan adam görürsən. Hara qaçır? Ölümə doğru qaçır. İnsanın bütün hərəkəti, davranışı onu ölümə tələsdirir. Bunu biləndən sonra ümumiyyətlə, qorxaq yaşamaq nəyə lazımdır? «Mən ölmək istəyirəm» demək saxtakarlıqdır. Ölüm gəlib boğazına yapışanda «mən ölmək istəyirəm» deyənlərin əksəriyyəti ağlayacaq, sızlayacaq. O adamlar qorxaqdır. Sən dünyaya bircə dəfə gəlmisən, bu anların qədrini bil. O anların hamısını yaşa. Mən ölümü deyirəm, ancaq demirəm ki, ondan qabaq da həyat olub. Mən bunu kitablara, dinlərə görə demirəm. Heç nə təsadüfi deyil. İndi ki, bilirsən ölümə gedirsən əlindəki vaxtdan istifadə elə, daha görmədiyin bir şeyi gör. 1000 kitab oxusan bir obyekti sənə düzgün izah eləməz. Amma bir dəfə gedib görsən, bu, dünyaya bərabərdir. Dünyada hər şeyin görükü var. Təsir əslində görüb-götürməkdir.

- Söhbət gəlib bu yerə çatdı. İstər-istəməz sual yaranır: insanlar bu dünyaya niyə gəlib? Biz niyə yaradılmışıq? Əgər ölüb gediriksə, missiyamız nədir?
- Axşamlar səmaya baxırsan, ulduz uçur... Məhv olur. Dünya daha kamil varlıq yetişdirmək üçündür. “Dünya bir laboratoriyadır” demək olar. Mənə belə gəlir ki, biz hətta Allahın içindəyik, kənarda deyilik. Mənim bədənim başdan-ayağa hüceyrələrdir. Onlar qan içirlər, yaşayırlar. Mənim bədənimdəki hüceyrə məni necə görə bilər? Biz bəlkə də hamımız birlikdə Allahın içində, planetlərin arasındayıq. Bu bizim yaşamağımıza kömək edir. Bir arı insanı görmür. Gərək 8 arı üst-üstə insana baxa ki, onu görə. Tərpənməsə arı insanı vurmayacaq. Biz tərpənən kimi onun üçün zəlzələ olur və sancır. Biz də dünyanı bütöv görmürük. Biz də özümüzdən müştəbeh kimi baxırıq, hər gün bir planet kəşf edirik. Düzdür, cihazları tapırıq onunla müşahidə edirik. Biz heç nə düzəltmirik. Bizi düzəldiblər ki, yaşa. Kainat yaşayırsa, biz də yaşayacağıq.

- Onda belə çıxır ki, siz alın yazısına da ciddi inanırsınız?
- Taleh insanla doğulur. Biz özümüz bəzən zidiyyətli danışırıq. Səni bura gətirən məqsədi bilmirsən. Kimisə də bura başqa məqsəd gətirib. Əgər oğlan və qızdırsa tanış olurlar, münasibət yaranır. Və yaxud yol gedərkən kimsə yadına düşür və bir tin gedib həmin adamla rastlaşırsan. Biotoklar gəzir, insan antena kimidir. Sadəcə, insan özünün imkanlarından tam istifadə edə bilmir. Təsadüf yoxdur. Vaxtilə mən balığa çox gedirdim. Gedib qarmağı atıb gözləyirdim. Balıq çıxırdı və atlanırdı. Balıq elə bilir ki, yemək yeyir, halbuki mən onu yemək istəyirəm. Düşünürəm ki, əslində tale üçün də qarmaq mənəm. O da nə vaxtsa məni götürəcək. Məni büküb bələyib necə dünyaya gətiriblərsə, eləcə də torpağın altına qoyacaqlar.

Poeziya ilə yoldaşlıq

- Nəzərə alsaq ki, siz 20-25 yaşında şeir yazmısınız, demək təxminən 60 ildən çoxdur ki, poeziya ilə yoldaşlıq edirsiniz. Şairlər haqqında deyirlər ki, böyük yaradıcılıq ömrü olan yazarların özlərini təkrarlamaması mümkünsüzdür. Sizin belə bir dövrünüz olubmu? Sizcə, təkrarçılığın hansı xeyri və ziyanı var?
- Özünü təkrarlamaq o qədər doğru deyil. Çünki o şerlərin çoxu mənim yaddaşımda qalıb. Düzdür, hamısı qalmayıb, amma ilk misrasından və ya sözündən bilirəm ki, bu, mənə məxsusdur. Əgər onu təkrarlayırsa, o adamın yaddaşı yoxdur. Şeiri də yaddaşsız adam çətin yazar. Düzdür, deyirlər şair huşsuz olur, ancaq şeir yazanda huşsuz olmur. Mən çalışıram ki, şeirlərimdə təkrarçılıq olmasın. Bunu hiss edəndə də həmin misraları yazdığım vərəqləri cırıb atıram.

- Görkəmli ingilis yazıçısı və filosofu Oskar Uayldın belə bir sözü var: “Bəzən yaradıcı insanları arzularına çatmaqla cəzalandırırlar”. Yaradıcılığınızda belə bir dövr olubmu ki, sizi arzularınıza çatdırmaqla cəzalandırsınlar?
- Gəncikən özünü öldürən şairlər var. Əslində onlar elə bilirlər ki, belə etməklə tez şöhrət tapırlar. Əslində onlar şöhrətdən qorxurlar. Bu, xəstəlik kimi bir şeydir. Qorxurlar ki, birdən sabah yaza bilməzlər. Bunu görməmək üçün bəziləri sərxoşluq edir, bəziləri intihar edirlər. Doğurdan da çətin işdir ki, «mən yenə şeir yazmalıyam» deyə hər gün fikirləşəsən. Bunun sadə yolu var: yazmaq istəyirsən yaz, istəmirsən yazma. Yaza bilmirsənsə, başqa məşğuliyyət tap. Ancaq bu istedad səndə varsa, mütləq özünü büruzə verməlidir. Şair olmaq 100 metrəyə qaçış deyil. Bu, marafon yarışıdır. Gərək nəfəsi təmkinlə dələsən. «Filankəs mənim haqqımda yazdı, mən niyə yazmıram» - deyə düşünməyəsən. Ən yaxşısı öz işinlə məşğul olmaqdır. Mən öz səhvlərimi ən yaxşı tənqidçidən yaxşı görürəm. Qoy tənqidçi gəlsin, ona elə səhvlərimi açım ki…

Bir-birimizi anlasaq

- Söz düşmüşkən, tənqidçilərin yazıları şairlərin yaradıcılığına təsir edirmi?
- Təsir eləmir, amma oxucular üçün təhlil edir. Oxucuları poeziyaya cəlb etmək üçün bu, lazımdır. Tənqid təbliğat vasitəsidir. Ancaq o da mədəni tənqid olmalıdır. Biri küçəyə nəsə atır. Mən buna dözə bilmirəm. Gedib onu sakitcə götürüb zibil yeşiyinə tullayıram. Həmin adama da «atma» demirəm. Çünki o mənə «nə işinə qalıb» deyə bilər. Düşünürəm ki, əgər o, bunu qanırsa, atmayacaq. Elə bir-birimizi bu səviyyədə, nəsə demədən anlasaq yaxşı olar. Çexovun belə bir sözü var: «O, adam mədəni deyil ki, çayı süfrədə dağılmır. O adam mədənidir ki, dağılan çayı görmür». Bu, incə məqamdır.

- Şeirlərinizə gözəl mahnılar yazılıb. Ən gözəl sənətkarlar – Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova, Oqtay Ağayev kimi müğənnilər sizin sözlərinizə yazılmış mahnıları oxuyublar. O nəsildən sonra sözlərinizə yazılan mahnıları gənc müğənnilərə etibar edirsinizmi? Ümumiyyətlə, şeirlərinizə yenə mahnılar yazılırmı?
- Bunu məndən soruşan kimdir, götürüb mahnılarımı oxuyurlar. Ancaq arada şeirlərimə yeni mahnılar yazılır. Ruhəngiz Qasımova yazır, rəhmətlik Ramiz Mirişli də yazırdı. Mən dostum olmayan adamla çox çətin işləyirəm. Dostlarımın da əksəriyyəti artıq bu dünyadan köçüb gediblər.

- «Anacan, dostum evlənir» mahnısını yazanda evlənmişdinizmi?
- Evlənmişdim, övladlarım da vardı. Yadımdadır, Rəşid Behbudov o mahnını oxuyanda tez-tez zəng edib məni səsyazma studiyasına çağırırdı. Mən də onun yanına - Mahnı Teatrına gedirdim. Mahnı dəfələrlə yazılırdı, axırda da «Fikrətcan, elə birinci variant yaxşıdır» - deyirdi.

- Bu gün şeirə marağın ölməsi şairin problemidir, yoxsa oxucunun?
- Bu, oxucunun problemidir. Əgər yazıbsa, şairin problemi yoxdur. Füzuli yazıb. 500 il sonra da onun yazdıqları məşhurdur. Sizi inandırım ki, o, sağlığında bu qədər məşhur olmayıb. Çünki o dövrdə şeir o qədər məşhur deyildi. Şeiri əldən-ələ ötürürdülər və ya bir-birinə pıçıldayırdılar. Amma zaman keçdikcə onların sözünün dəyəri də bilindi.

- Sizin nəsr əsərləriniz də var. Onların diqqətdən kənarda qalması sizi narahat etmirmi?
- Qətiyyən. Şair üçün nəsr yazmaq çox çətindir. Ancaq mənimçün fərqi yoxdur, məni nəsrə ya poeziyaya görə sevirlər. Viktor Hüqo yazıçıdır, ancaq onu Fransada yazıçı kimi tanımırlar, o, ən gözəl şairlərindəndir. Oxucu onu əvvəldən necə qəbul edirsə, elədir. Mən həyat yoldaşımla ailə qurmuşam, onu sevmişəm. Ancaq bu, o demək deyil ki, o dünyada yeganə gözəl olub. Gözəllər çoxdur...

- Şairlərin “İlham pərisi” rolunda həmişə gözəllər çıxış edir, yoxsa başqaları da olur?
- Gözəllər… Gənclik özü də gözəllikdir. Şair bu gözəllikdən ilham alır. Onu yazmağa və yaşamağa ruhlandıran da, ona ilham verən də gözəllikdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net