“Avropa Parlamenti məşvərətçi orqana çevrilib”
Tarix: 16-09-2015, 12:11 | Çap et
“Avropa Parlamenti məşvərətçi orqana çevrilib”
Avropa Parlamenti (AP) sentyabrın 10-da Azərbaycanla bağlı 2915/2840 (RSP) saylı qətnamə qəbul edib. Geniş ictimaiyyətdə böyük narazılıqla qarşılanan bu sənəd srağagün Milli Məclisinin növbədənkənar sessiyasında da müzakirə olunub. Millət vəkilləri AP-nin çıxardığı qətnaməni sərt tənqid ediblər. Bildirilib ki, sözügedən sənəd AP-də ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılıb, ölkəmizlə Avropa İttifaqı (Aİ) və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilib. Milli Məclisin növbədənkənar sessiyasının sonunda bununla əlaqədar qərar qəbul olunub. AP-nin qətnaməsi, Azərbaycan Aİ münasibətlərinə və Şərq tərəfdaşlığı proqramında iştiraka yenidən baxılması, Avronest Parlament Assambleyasından imtina və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov cavablandırır.

- Elman müəllim, AP-nin son qətnaməsi Milli Məclis üzvləri tərəfindən narazılıqla, sərt tənqidlə qarşılanıb. Sizin bu qətnaməyə münasibətiniz necədir?
- Avropa Parlamentində növbəti dəfə anti Azərbaycan münasibətin şahidi olduq. Əslində bu qurum tərəfindən belə bir addım atılacağı gözlənilən idi. Yalnız 2015-ci ilin 6 ayı ərzində Avropa Parlamenti 3 dəfə ölkəmiz əleyhinə qətnamə qəbul edib. Həmin qətnamələrdən ikisi Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində olmuşdu. Üçüncü belə qətnamə isə Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində, yəni sentyabrın 10-da qəbul olunub. Hər üç sənədin məzmunu ilə tanış olduqda aydın şəkildə görünər ki, eyni dairələrdən alınan sifarişlərə uyğun olaraq Avropa Parlamenti eyni məzmunlu qətnamələr çıxarıb. 508 milyonluq Avropa əhalisinin seçici hüququna malik vətəndaşları 751 deputat seçiblər, onlara güvənib, arxayın olublar. Sadə insanlar ümid ediblər ki, həmin deputatlar qoca qitənin ümumdünya, o cümlədən Cənubi Qafqazla bağlı maraqlarını güdəcək, onu hər şeydən üstün tutacaqlar. Lakin təəssüf ki, bu gün Avropa Parlamenti islamofob, ermənipərəst qüvvələrin maraqlarına işləyən orqana çevrilib. Avropa Parlamentini sovetlər birliyində mövcud olan Ali Sovet ilə müqayisə etmək olar. Çünki SSRİ Ali Soveti də yalnız ittifaqın siyasi bürosundan gələn qərarları təsdiqləməklə məşğul idi. Avropa Parlamenti də Avropa Komissiyasından daxil olan sənədləri təsdiqləməklə məşğuldur. Avroparlamentarilərin bir çoxu da qeyd edir ki, Avropa Parlamentinin müstəqil qərar və ya qanun qəbul etmək funksiyası qalmayıb. Avropa Parlamenti məşvərətçi orqana çevrilib. Avropa Komissiyasından gələn istənilən qanunvericilik təşəbbüsünü avropalı deputatlar heç komitələrdə müzakirə etmədən, nöqtə vergülünə toxunmadan təsdiqləməyə məcburdurlar. Bir çox hallarda Avropa Parlamentinin üzvləri çox ciddi korrupsiya və rüşvət faktlarında təqsirli bilinirlər. Qərb mediasında yer alan yazılardan da məlum olur ki, Avropada 2008-ci ildən başlanan maliyyə-iqtisadi böhranı ilk növbədə Avropa Parlamenti deputatlarının ciblərinə, maliyyə imkanlarına da ciddi təsir edib. Məhz bu səbəbdən deputatlar 7665 avro məvaciblə dolana bilmirlər. Belə olan halda deputatlar rüşvət və korrupsiyaya meylləniblər. Fikrimcə, Azərbaycan əleyhinə qəbul edilən qətnamələrdə də bu faktorun çox mühüm rolu var. Ümumi götürəndə isə Avropa İttifaqının bütün gözləntiləri doğrultmadığının şahidi oluruq. Avropa İttifaqı indiki durumu ilə Sovet İttifaqını xatırladır. Sovetlərdə də ümumi bazar, valyuta, vertikal idarəçilik sistemi var idi. Avropa İttifaqının timsalında da bunları görürük. Avropa Parlamentinin yeni tərkibi 2014-cü ilin may ayında seçilib. 2014-cü ilə kimi fəaliyyət göstərən parlament 1543 hüquqi akt qəbul edib. Bu zaman 751 deputat 25 843 dəfə səsvermə həyata keçirib. Avropa Parlamentinin bir çox üzvləri qeyd edirlər ki, sözügedən hüququ aktların qəbulunda avropalı deputatların heç bir rolu olmayıb. Həmin hüquqi aktlar tapşırıq əsasında, nöqtə-vergülünə əl dəymədən qəbul olunub. 2014-cü ildən bu günə kimi Avropa Parlamentində 308 qanun qəbul edilib. Kəmiyyət baxımdan bu, çox böyük rəqəmdir. Keyfiyyətə gəldikdə isə, ilin 365 gününün bayram və tətillərini, istirahət günlərini nəzərə alsaq, avropalı deputatların nə dərəcədə “işgüzarlığı” üzə çıxar.

- Avropa rəsmiləri bir tərəfdən azərbaycanlı həmkarları ilə görüşəndə Azərbaycanı etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi xarakterizə edir, münasibətlərin inkişafından məmnun olduqlarını bildirirlər. Lakin digər tərəfdən də Avropa ölkələrinin təmsil olunduğu AP ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edir. Münasibətlərin bu cür vəziyyət almasına, getdikcə gərginləşməsinə səbəb nədir?
- Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamə qəbul etdiyi zaman keçirdiyi səsvermədə 751 deputatdan 365-nin qərarın lehinə, 202 deputatın isə əleyhinə səs verməsi real mənzərəni ortaya qoyur. Bəlli olur ki, 202 deputat bütün sifariş və tapşırıqlara baxmayaraq Azərbaycanın, bununla da təmsil olunduqları qitənin maraq və mövqeyini müdafiə ediblər. Həmin 202 deputat bundan əvvəllər də Azərbaycanın mövqeyini dəfələrlə müdafiə ediblər. Çünki onlar Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunun fərqindədirlər. Xüsusən də enerji təhlükəsizliyi məsələsində Azərbaycanın hansı əhəmiyyətə, dəyərə sahib olduğunu da aydın dərk edirlər. Lakin təəssüf ki, Avropa Parlamenti bir qədər əvvəl qeyd etdiyim kimi, islamofob və ermənipərəst qüvvələrin əlində alətə çevrilib. Bundan irəli gələn özümüzə qarşı münasibəti Azərbaycanda əlamətdar hadisələr, tədbirlər ərəfəsində dəfələrlə müşahidə etmişik. Avroviziya-2012 beynəlxalq musiqi yarışması, Prezident seçkiləri, I Avropa Oyunları ərəfəsində biz bu qərəzli münasibətin, təzyiqlərin hansı səviyyəyə qalxdığının şahidi olduq. Hələ o zaman proqnozlaşdırılırdı ki, 2015-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi də Azərbaycana qarşı belə təzyiqlər olacaq, ölkəmiz hədəfə çevriləcək. Anti Azərbaycan qüvvələr, dövlət başçısı İlham Əliyevin müstəqil, milli mənafeyə söykənən siyasətini, xalq-iqtidar birliyini qəbul etməyən, ölkəmizdəki sabitliyi pozmaq istəyən qüvvələr hər zaman mühüm tədbirlər öncəsi bu cür təzyiq metodlarından istifadə edirlər. Bununla onlar Azərbaycan prezidentini də hədəf seçirlər.

- Milli Məclisin srağagün qəbul etdiyi etiraz qərarında Azərbaycanın Aİ ilə münasibətlərinə yenidən baxılması tələbi yer alıb. Sizcə münasibətlərin daha da kəskinləşməsi, buna son qoyulması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirmi?
- İstənilən halda baş verənlərə görə məsuliyyət qarşı tərəfin üzərinə düşür. Ümummilli lider Heydər Əliyevin sağlığında – 1996-cı ildə Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə başlanılıb. 1999-cu ildə bu istiqamətdə hüquqi-normativ sənəd qüvvəyə minib. Ötən müddətdən bu günə kimi Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq xəttinə hər zaman sadiq olub. Yaxın qonşuluq, Şərq tərəfdaşlığı siyasətində fəallıq nümayiş etdirib. Təbii ki, bu müddətdə Azərbaycan daim milli maraqlardan çıxış edib. İndi isə Azərbaycan Avropa İttifaqından gələn təzyiq və təhdidləri, qaragüruhçu yanaşmaları dəyərləndirərək adekvat addımlar atmaq məcburiyyətindədir. Belə addımlardan birini rəsmi Bakı artıq atdı. Bildiyiniz kimi bu həftə Avropa İttifaqı ilə strateji tərəfdaşlıqla bağlı sazişin imzalanması yolunda ilkin danışıqlara start veriləcəkdi. Azərbaycan tərəfi bunu təxirə saldı. Eyni zamanda Avronest Parlament Assambleyasından imtina etmək üçün də prosedur hərəkətlərə başlanılıb. Azərbaycanın balanslı, çoxvektorlu siyasəti var. Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərin korlanmasına görə Azərbaycan deyil, qarşı tərəf məsuliyyət daşıyır. Ancaq baş verənlər heç də o demək deyil ki, Azərbaycan avropalı müttəfiqləri ilə ikitərəfli əməkdaşlığa xitam verir. Azərbaycanın Avropa İttifaqı dövlətləri ilə münasibətlərini ikitərəfli formada bundan sonra da inkişaf etdirməkdə maraqlıdır. Bizim ittifaqa üzv olan 7 dövlətlə strateji tərəfdaşlıq haqqında müvafiq sənədlərimiz var. Sadəcə, Avropa Parlamentinin müəyyən qüvvələrin əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilməsinə etiraz edir, buna adekvat cavab veririk. Amma Avropa ölkələri ilə ikitərəfli münasibətlərə bunun heç bir təsiri yoxdur.

- Avronest Parlament Assambleyasından imtina etməyimiz burada təmsil olunan Ermənistanın ölkəmizə qarşı siyasətini daha da gücləndirməsinə səbəb ola bilərmi?
- Avronest 2011-ci ilin may ayında yaradılıb. Azərbaycan burada təmsil olunmaqla Avropa İttifaqı ilə daha da yaxınlaşmaq, inteqrasiyanı sürətləndirmək niyyəti güdüb. Azərbaycan dövləti praqmatik siyasət həyata keçirir. Biz bu ünsiyyətin, əlaqələrin müsbət və mənfi tərəflərini analiz edir, qiymətləndiririk. Məlum olur ki, gözləntilər ilə reallıq daban-dabana ziddir. Biz görürük ki, Avropa İttifaqının standartları başdan ayağa ikili xarakter daşıyır. Avropalılar ikili standartları dünyaya əsas meyar kimi təlqin etmək istəyirlər. Ona görə də ölkəmizin qəti mövqeyi ilk növbədə onu təsdiq edəcək ki, Azərbaycan dövləti və onun başçısı yalnız müstəqil, milli maraqlara söykənən siyasət yeridir. Azərbaycan heç bir dövlətin, heç bir beynəlxalq təşkilatın əlaltısı, “marionetka” dövlət deyil. Belə olmayıb, bundan sonra da olmayacaq. Azərbaycan bu addımı ilə öz xarakterini göstərdi. Bu mənzərə digərləri üçün də dərs olmalıdır. Dünya bilməlidir ki, Azərbaycanla yalnız və yalnız bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmaq olar. Bunun xaricində heç bir siyasət tərəfimizdən qəbul edilmir. Azərbaycanla diktə, təzyiq, təhdid dilində danışmaq olmaz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net