Suriyalı qaçqınlar Azərbaycana axışa bilər?
Tarix: 15-09-2015, 15:12 | Çap et
Suriyalı qaçqınlar Azərbaycana axışa bilər?
Suriyadan Avropa ölkələrinə üz tutan qaçqınların sayı hər keçən gün artır.

İddia edilir ki, Suriya qaçqınlarının Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını baş tuta bilər.

Ötən gün Rusiya Dövlət Dumasında LDPR (Rusiya Liberal-Demokrat Partiyası) fraksiyasının rəhbəri, partiya sədri Vladimir Jirinovski də çıxışı zamanı bu məsələyə toxunaraq miqrantların ölkəmizə üz tutacağının anonsunu verib.

Jirinovski bildirib ki, əgər Suriya Əsəd rejiminin süqutundan sonra dağılarsa, İrana qarşı müharibə başlayacaq.

Onun sözlərinə görə, bu zaman qaçqınlar Avropaya və cənuba yox, şimala, Azərbaycan, Ermənistan, Gürcüstana, Şimali Qafqaza axın edəcəklər.

“Daha sonra bu dalğa Rostova, Voronejədək çatacaq. Qərbin məqsədi odur ki, dünya böyük müharibə astanasında olsun. Bu böhran dalğasının Azərbaycana vura biləcək ziyanları da diqqət mərkəzində cəmlənir”-deyə Jirinovski çıxışında bildirib.

Bəs görəsən Suriya qaçqınları ölkəmizə gələ bilərmi?

Millət vəkili, politoloq Rasim Musabəyov AzVision.az-a bildirib ki, Suriya qaçqınlarının ölkəmizə gəlməsi qeyri-mümkündür.

Deputat hesab edir ki, Suriyadan Azərbaycana miqrantların axını üçün ilk öncə onlar İrana keçməlidirlər.

“Onda sonra bəlkə Azərbaycana gələ bilərlər. İndiki halda ölkəmizin 1 milyondan çox qaçqını var. Bu baxımdan bizim kənardan qaçqın qəbul etməyə halımız yoxdur”.

Miqrasiya üzrə ekspert, Beynəlxalq Miqrasiya Təşkilatı Milli Proqramının keçmiş rəhbəri Əhməd Şirinovun fikrincə, Suriyalı qaçqınların axını bir halda mümkün ola bilər: “Türkiyə İranla sərhədinin bağlayıb. İranın Avropaya açdığı qapı buraya da axın olacağından xəbər verir. İranla aramızdakı sərhəd təhlükənin bizə də təsir edəcəyindən xəbər verir. Müvafiq tədbirlər görülmədiyi halda Azərbaycana miqrant axını ola bilər. Bu məsələ ilə bağlı Dövlət Miqrasiya xidməti uzun müddətli tədbirlər planı hazırlamalıdır. Hazırda təəssüf ki, bu cür planlar gündəmdə deyil”.

Ekspertin sözlərinə görə, miqrant axınının qarşısını almaq üçün yeni tədbirlər planı hazırlanmalıdır.

“Bu tədbirlər planı 3 mərhələdən ibarət olmalıdır. Qısa müddətli, orta müddətli və uzun müddətli. Qısa müddətli tədbirlərdə dünya və regionda baş verən proseslər nəzərə alınaraq qeydə alınmalıdır. Bununla da həmin proseslərin Azərbaycana təsirinin qarşısını almaq olar. Hazırlanan tədbirlər planına geniş ictimaiyyət cəlb olunmalıdır. Eyni zamanda məsələ ilə bağlı mütəxəssislər, ekspert-alimlər də bura cəlb edilməlidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net