Paytaxta buraxılmayan rayon maşınları üçün çıxış yolu
Tarix: 15-09-2015, 09:35 |
Çap et
Xəbər verdiyimiz kimi, sentyabrın 15-dən, yəni bu gündən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girişi qadağan olunacaq. Bura Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillər də daxildir. Sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunub.
Bundan başqa, Bakı şəhərinin şimal və cənub girəcəklərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb. Rayon qeydiyyatında olan avtomobillər pulsuz olaraq həmin dayanacaqlarda dura biləcəklər. Dayanacaqlardan ən yaxın metro stansiyalarına gələn avtobuslar fəaliyyət göstərəcək. İctimai nəqliyyat vasitələri sərnişindaşımasını həyata keçirəcək.
Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirmişdi. Belə ki, rayon qeydiyyatında olan avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.
Ötən saylarımızdan birində dünya miqyasında bu problemin həll yolları barədə yazmışdıq. Dünyanın heç bir ölkəsində paytaxta qeyri-paytaxt maşınlarının buraxılmaması barədə qadağanın olmadığı ümumi araşdırmalar zamanı üzə çıxdı. Tıxaca qarşı həll yolları arasında heç vaxt bu üsul tətbiq olunmayıb. Əhalinin narazılığı ilə yanaşı, bu məsələyə millət vəkilləri səviyyəsində də narazılıq var.
Lənkərandan seçilən millət vəkili Hadı Rəcəbli azvision.az-a açıqlamasında bildirib ki, rayon maşınlarının Bakıya buraxılmaması müəyyən problemlərə gətirib çıxara bilər: “Bununla bağlı dünya təcrübələri mövcuddur. Rayon maşınlarının şəhərə buraxılmaması düzgün yanaşma deyil. Digər formalar tapmaq lazımdır. Məsələn, yük maşınlarının şəhərdə hərəkəti üçün lazımi vaxt və xətlər müəyyən edilməlidir. Biz özümüzdən Amerika kəşf etməməliyik. Belə etsək, çox ciddi bir problem yaratmış olarıq.
Düşünürəm ki, rayon maşınlarının şəhərə girişinə indi qadağa qoymaq lazım deyil. Bunun üçün müəyyən zaman lazımdır. İşlər hissə-hissə görülməlidir. Belə bir qadağa qərarı qəbul edilsə, sonradan öz müsbət nəticəsini verməyəcək. Yenə də gərginliklər yaranacaq. Rayonda yaşayan əhalinin böyük əksəriyyətinin övladları Bakıda təhsil alır və işləyirlər. Bunun üçün belə qadağanın qoyulması məqbul sayıla bilməz".
Amma problem varsa, ondan çıxış yolu da var. Belə ki, rayon qeydiyyatı olan maşınları Bakı qeydiyyatına salmaq da çıxış yollarından biridir. Avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər.
Dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.
“Yol hərəkəti haqqında” Qanunun 29-ci maddəsinin III bəndində deyilir: "Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır.
Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilir.
Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə digər dövlət qeydiyyat nişanı verilir".
Maşının qeydiyyatlını dəyişmək cəmi 59 manatdır
Bir yerdə qeydiyyatda olan maşının başqa yerdə qeydiyyatda olan şəxsin adına keçirilməsi məsələsi heç bir əlavə prosedur olmadan həll oluna bilər. Buna elə həmin qanunun 29-cu maddənin 3-cü hissəsi imkan verir. Lakin bəzən yol polisində müxtəlif bəhanələr gətirilərək bu məsələ ilə bağlı süründürməçiliyə yol verilir.
Qanunun 32-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini özgəninkiləşdirmək istəyən şəxs nəqliyyat vasitəsinin müayinədən keçirilməsi üçün DYP-nin qeydiyyat-imtahan məntəqəsinə təqdim etməlidir. Burada DYP əməkdaşları nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır. Daha sonra yoxlamanın nəticəsi barədə müvafiq arayış tərtib edirlər və bundan sonra alqı-satqı proseduru həyata keçirilir.