“Azərbaycan xarici qaçqınları qəbul etmək iqtidarında deyil”
Tarix: 11-09-2015, 12:27 | Çap et
“Azərbaycan xarici qaçqınları qəbul etmək iqtidarında deyil”
Müharibə, münaqişə və təqiblər ucbatından son zamanlar təxminən 60 milyon insan öz yurdunu tərk etməyə məcbur olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında göstərilir ki, bir il əvvəlki 51,2 milyon və on il əvvəlki 37,5 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 59,5 milyon insan zorla didərgin salınıb.

Əsas artım 2011-ci ilin əvvəlində Suriyada müharibə yarandığı vaxtdan başlayıb və bu müharibə dünyada köçkünlüyə rəvac verən ən böyük hərəkətverici qüvvəyə çevrilib. Eyni zamanda, Əfqanıstan, Somali və digər yerlərdə on illiklər boyu davam edən qeyri-sabitlik və münaqişə o deməkdir ki, bu yerlərdən olan milyonlarla insan ətraf yerlərə köç etməkdədir.

Avropa İttifaqında sığınacaq üçün ən çox müraciət Almaniya və İsveçə edilib. Bütövlükdə Avropada zorla didərgin salınanların ümumi sayı 2013-cü ilin sonunda 4,4 milyon rəqəmi ilə müqayisədə 2014-cü ilin sonunda 6,7 milyon nəfər olub, bunun ən böyük hissəsini Türkiyədəki suriyalılar və Rusiyadakı ukraynalılar təşkil edib.

Əvvəllər dünyada qaçqınları yaratmaqda lider olan Əfqanıstan bu xoşagəlməz birinciliyi Suriyaya təhvil verib. 2014-cü ildə Myanmada, o cümlədən Kaçin və Cənubi Şan regionlarında davamlı məcburi köçkünlük və qaçqınlıq halları müşahidə edilib, Rakhayn ştatından olan rohinya əhalisinin didərginliyi də buraya daxildir. İran və Pakistan dünyada qaçqınlara ən çox sığınacaq verən dörd ölkə arasında qalmaqdadır. Amerika qitəsində də məcburi köçkünlüyün artımı müşahidə olunub.

İqtisadi göstəriciləri durmadan artan Azərbaycan necə, bu miqrantları qəbul etmək və onlara sığınacaq vermək iqtidarındadırmı?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına hazırkı vəziyyətdə Azərbaycanın xarici qaçqınları qəbul etmək iqtidarında olmadığını deyib:

“Əvvəlcə onu deyim ki, bu miqrantların Azərbaycana gəlmək niyyəti yoxdur. Onlar canlarını qurtarmaq üçün daha çox Avropaya üz tuturlar. Nəzərə almaq lazımdır ki, qaçqınları Avropa dəvət etmir və onlara kömək etməkdə çox da maraqlı deyil.

Azərbaycanın özünün kifayət qədər daxili miqrant problemi var. 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün problemlərini həll etmək əvəzinə, digər ölkələrin məsələləri ilə məşğul olmaq imkanımız yoxdur. Hər halda, hər kəs istəyər ki, ölkəsində sabitlik hökm sürsün, vətəndaşı rahat yaşasın, iqtisadi-sabitlik qorunsun.

Böhran şəraitində, 1 milyondan çox qaçqın və məcburi köçkünün, Qarabağ probleminin olduğu vaxtda xarici miqrantlara kömək etmək iqtidarında deyilik”.

Musa Quliyev bildirib ki, heç kəs qanunsuz yolla Azərbaycana gələ bilməz:

“Ölkədə hər şey qanunla tənzimlənir. Kimlərinsə qeyri-qanuni yolla Azərbaycan sərhədini keçməsinə yol verilmir. Müqavilə yaxud hansısa işlə bağlı kimsə Azərbaycana gəlirsə, bütün bunlar “Miqrasiya xidməti haqqında” qanunla tənzimlənir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net