“İki kalkotka alana saç bantikləri hədiyyə...” - Dərsə gedən bir uşaq
Tarix: 9-09-2015, 16:30 | Çap et
“İki kalkotka alana saç bantikləri hədiyyə...” - Dərsə gedən bir uşaq
“Anam səhər oyadıb saçıma 2 bantik taxdı. Əlimə də qara çantamı verib dedi ki, dərsə gedirsən. Dərs ili başladığı üçün elə bir alış-veriş etdiyimiz də yadıma gəlmir. Bircə o vaxt əmim Rusiyadan gözəl qələm dəsti gətirmişdi. Elə bilmişdim ki, dünya mənimdir. İndi səhər tezdən çıxmışıq. 2 saatdır ki, gəzirəm, ancaq bu uşaq hələ bir şey bəyənməyib. Hər ləvazımat da kı sortbasort. Mənim bu yaşımda nəfsim keçir, nəinki bu uşaqlar”.

Sevinc xanım bizə bu sözləri deyib qarşıdakı mağazaya tərəf qaçan qızının ardınca tələsik getdi. Biz də “Qafqazinfo”nun əməkdaşları olaraq dərs ilinin başlanması ilə bağlı alış-veriş qiymətlərini öyrənmək üçün ölkənin ən ucuz bazarına-“8-ci kilometr”ə baş çəkdik. Ətrafa göz gəzdirdikdə az öncə həmsöhbətimizin sözlərində həqiqət olduğunun fərqinə vardıq. Hər ləvazımatın rəng, ölçü, forma və zövqə görə növləri var. Soruşduğumuz cəmi üç şeyin (penal, rəngli qələm, termos) qiyməti təqribən 20 manata yaxın oldu. Görünür, elə də ucuz olmayan məktəb çantalarının içini doldurmaq valideynlərə onu almaqdan baha başa gələcək.

Bir neçə metr qarşıya getdikdə uşağı ilə arasında mübahisə başqa bir valideyin qaşımıza çıxır. Uzun müzakirələrdən sonra seçdiyi ayaqqabını övladına bəyəndirə bilməyən ana əsəbiləşib uşağın əlindən darta-darta apardı. Son eşitdiyimiz sözlər qadının gələn dəfə tək gəlib lazımlı şeyləri alacağı oldu. Digər yerlərdən qiymət ucuzluğuna görə nisbətən fərqlənən “8-ci kilometr” bazarı ətraf ərazilərdə yaşayan sakinlərin çox zaman müraciət etdiyi yerdir. Hətta daha uzaq yerlərdən də alış-veriş üçün buraya gələnlər az deyil. Müsahibim Zəminə xanım bazarlıq üçün Binəqədi rayonundan gəldiyini bildirdi: “Demək olar ki, hər dəfə buraya gəlirik. Ailə büdcəmizə uyğundur. Bazarlıq üçün 70 manat nəzərdə tutmuşam. Bir neçə şey almışam, ancaq alınacaq hələ çox şey var. Ümumi götürdükdə qiymətlərdən razıyam”.

“15 dəftər 1 manata” , “2 kalkotka alana saç bantikləri hədiyyə”

Söhbətləşdiyimiz sakinlər arasında çox az adam oldu ki, qiymətlərdən şikayət etsin. Şikayətlənənlər ötən illərə nisbətən ləvazımatların qiymətində fərq olduğunu bildirdi. Qiymətlərlə maraqlanmaq üçün satıcılara yaxınlaşdıq və onlar da məktəb ləvazımatlarının qiymətlərində artım olduğunu təsdiq etdi: “Qiymətlərdə 20, 30, hətta 50 qəpiyə kimi artım var. Səbəb kimi dolların qiymət dəyişikliyini görürük. Ötən illərə nisbətən satış da zəifdir. Əvvəl məktəb ləvazımatı satan 5- 10 yer var idisə, indi hamı bu işlə məşğuldur. Ötən illərə nisbətən çeşid bolluğu da var. Alıcılar istədikləri ləvazımatı tapa bilərlər”.

Bu ilin ortalarında satışa buraxılan “I love Hacı Şahin” , “Həci başqadu, Yavər” yazılı çantalar gözə dəyməsə də, müxtəlif qiymətlərdə, müxtəlif cür çantalar rəflərdə alıcısını gözləyir. Xüsusilə ibtidai sinif şagirdlərinin ağır çantaları daşımasında problem yarandığı üçün təkərli çantaların qiyməti ilə maraqlananlar az deyildi. Bu qiymətlər bazarda 30-50 manat arasında dəyişsə də, “28 May” və “Nərimanov” metro stansiyalarının ətrafında 50-60 manatdan aşağı qiymətlərə tapmaq demək olar ki, qeyri-mümkündür. Məktəb ləvazımatlarında da fərqlər nəzərə çarpan dərəcədədir. Bazarda 12 vərəqli dəftərlər 8, 40 vərəqli dəftər 25, yan hissəsi xətli 40 vərəqli dəftərlər 35 qəpik olduğu halda, mərkəzdəki mağazalarda bu qiymətlər 10, 35, 60 qəpikdir.
Satıcılar sakinləri iş dəftəri və bu kimi məktəb ləvazımatları alan zaman diqqətli olmağa səsləyir: “Çox vaxt köhnə dərs vəsaiti alan alıcılarla satıcı arasında problem yaşanır. Məktəbdə yeni iş dəftəri tələb olunduğu üçün valideyn aldığı malları geri qaytarmaq istəyir, ancaq belə olduğu halda biz onları depoya qaytara bilmirik. Onda zərər bizə dəyir. Uşaqları üçün iş dəftərı almaq istəyən valideynlər sentyabrın 10-dan sonra mağazalara üz tutsalar daha yaxşı olar. Onda ən son mallar gələcək”.

Dərs ili üçün alış-veriş edən valideynlərin ən narahat olduğu hal isə məktəb formalarının keyfiyyətidir. Bazarda yaxınlaşdığımız çox satıcı formaların üzərindəki BTE etiketlərini və emblemləri göstərərək Bakı Tikiş fabrikinin istehsalı olduğunu söylədi. Qiymətlər də 35 manat nəzərdə tutulub və satıcının sözlərinə görə daha da aşağı düşmək olar. Qiymət baxımından ilk görüşdə valideynlərin büdcəsinə uyğun olan bu formaların keyfiyyəti sual altındadır. Bakı Tikiş Evi daha öncə verdiyi açıqlamalarda alıcıları rəsmi mağazalardan alış-veriş etməyə, saxta etiketlə verilən mallara aldanmamağa çağırıb.

Alış-veriş əsnasında aldanmamaq üçün valideynlərə Bakı Tikiş Evinin təyin etdiyi qiymətləri təqdim edirik:
Hər hansı bir problem olan zaman BTE-nin qaynar xəttinə müraciət edə bilərsiniz: (012) 597 45 39

Son olaraq bu il 2 övladını məktəbə yola salacaq Pərvanə İskəndərovanın yeni dərs ili üçün etdiyi bazarlığın bir hissəsinin qiymətlərinə nəzər salaq:

2 çanta - 38 AZN
Ətək - 6.50 AZN
Şalvar - 13 AZN
2 köynək - 22 AZN
2 ayaqqabı - 22 AZN
4 corab - 1 AZN
2 kalkotka - 6 AZN
Bantik - 1 AZN
Alt paltarları ümumi - 16 AZN
12 vərəqli dəftər ümumi - 20 AZN
40 vərəqli dəftər - 5 AZN
2 rəsm albomu - 6 AZN
2 rəngli qələm - 6 AZN
2 Flomaster - 6 AZN
2 Penal - 10 AZN
2 Termus - 10 AZN
Qələmlər - 3 AZN
Dəftər, kitab üzləri - 5 AZN

Ümumilikdə budəfəki məktəb bazarlığı üçün Pərvanə xanımın 196,5 manat pulu çıxıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net