Gənc yazar Mikayıl Müşfiqi, Sabir Rüstəmxanlını zəif şair adlandırdı
Tarix: 9-09-2015, 16:28 | Çap et
Gənc yazar Mikayıl Müşfiqi, Sabir Rüstəmxanlını zəif şair adlandırdı
Gənc yazar Kəramət Böyükçöl musavat.com-a müsahibəsində son günlər xalq şairimiz Bəxtiyar Vahabzadə və istiqlal şairimiz kimi tanınan Əhməd Cavad barəsində söylədiyi tənqidi fikirlərə aydınlıq gətirib.

- Kəramət bəy, cəmiyyətdə əksəriyyətin böyük şair kimi qəbul etdiyi şəxslərin istedadsız olduğunu bildirməkdə məqsədiniz nədir?

- Heç kim toxunulmaz deyil. Xüsusilə söhbət ədəbiyyat adamlarından gedirsə, məncə, məsələni şişirtməyə ehtiyac yoxdur. Nəinki mən, hər kəs Bəxtiyar Vahabzadə, Əhməd Cavadın yaradıcılığı haqqında fikir bildirə, tənqid edə bilər. Amma təəssüf ki, bizə elə şəxsiyyətlər də var, onlar haqqında söz demək çətindir. Adamların reaksiyası o qədər güclü olur ki, narahat olmağa başlayırsan. Mən Bəxtiyar Vahabzadə haqqında yazdığım yazıda heç bir təhqirə yol verməmişəm. Xalqın ictimai fikir tarixində Bəxtiyar Vahabzadə yer tutmuş şəxsiyyətdir. Ancaq mənim yazımda söhbət onun bir şairin kimi istedadının səviyyəsindən gedir. Doğrudan da o fikirdəyəm ki, Bəxtiyar Vahabzadənin şair kimi ciddi bir istedadı olmayıb. Buna görə onun yaradıcılığını araşdırmağa ehtiyac yoxdur. Məsələn, Bəxtiyar müəllimin şeirinə baxın:

“Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
filankəs azacıq qumarbaz idi...”

Belə şeir olar? Bunun nəyini təhlil eləyim? Bəxtiyar müəllimin, demək olar ki, bütün yaradıcılığı bu cür şeirlərdən ibarətdir. Bu şeirin altına ayrı imza qoyub “Ulduz” jurnalına aparsan, Qulu Ağsəs çap eləməz.

- Bəs dediyin kimidirsə, Bəxtiyar Vahabzadə insanların qəlbinə necə yol tapıb?

- Bizim insanların qəlbinə yol tapmaq çətin bir məsələ deyil. Ona qalsa meyxanaçılarımız xalqın qəlbinə çırtıq çala-çala girir. Məncə, Bəxtiyar Vahabzadə də bu sevgini şeirlərin hesabına deyil, pafoslu çıxışlarına görə qazanıb. Yaxşı şeirə görə adamı sevmirlər. Necə ki, Əli Kərimi sevən çox azdır. Şeir qışqıra-qışqıra, hay-küylə əmələ gəlmir. Gərək pıçıldaya biləsən. Bəxtiyar müəllimin bütün misraları qışqırır. Elə bil, adamın başına çəkic vururlar. Bəxtiyar Vahabzadə Əli Kərim, Vaqif Bayatlı, Salam Sarvan səviyyəsində istedad deyil. Bəs niyə bu qədər şişirdilib? Sözün fiziki gücü yoxdur ki, o təpik atsın. Söz mənəvi məsələdir. Bəxtiyar Vahabzadənin misralarında mənəvi güc yoxdur. Güc onun ictimai mövzulu çıxışlarındadır. Hələ şeirlərində fəlsəfə də axtarırlar. Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması çar Rusiyasına qarşı yazılmışdı. Burda sovet hökumətini narahat edən ciddi bir məsələ yoxuydu. İkincisi, Bəxtiyar müəllim dissident şair olubsa, bəs dissident şair "Lelinlə söhbət" poemasını niyə yazırdı?

- Bəlkə sən böyük şairlər haqqında fikir söyləməklə yuxarıda özünün qeyd etdiyin kimi yaradıcılıqla deyil, hay-küylə məşhurlaşmaq istəyirsən?

- Gündəmə gəlmək üçün cəmiyyətə əks o qədər fikirlərim var. Azərbaycan balaca ölkədir. Burada gündəmə gəlmək çox asan məsələdir. Bizim ölkədə bir qəzet yazısı, bir televiziya verilişi ilə adamı qəhrəman eləyirlər, başqa bir qəzet yazısı, televiziya verilişi ilə xalq düşməni olursan. Bu, çətin bir məsələ deyil. Əgər mənim məqsədim özümü reklam eləməkdirsə, onda dediyim sözlərin heç birinə fikir verməsinlər.
Mən Bəxtiyar müəllimin özündən yox, şeirindən söhbət eləyirəm. Kim Bəxtiyar Vahabzadəni bir şair kimi sevir, sevsin. Onsuz da mənim Azərbaycan insanının bədii səviyyəsinə etibarım yoxdur. Bizdə elə adamlar var, əllərində imkan olsa Məmməd Araza “Nobel” mükafatı verərlər.

- Sənin də belə bir şeirin var və orada bu cümlələri yazmısan: “Əl çaldıq düşdü silah, ah-ah, pah-pah, mama, məəəə, məmə, baaaa, baba...” Bəs bu necə şeirdir o zaman?

- Yox, şeir deyil. İroniyadır. Şuşa haqqında yazmışam. Həm də mən şair deyiləm. Sadəcə 4-5 şeir yazmışam. Daha çox nəsr yazıram. Bəxtiyar Vahabzadə haqqında yazımdan sonra məni tənqid, təhqir eləyənlər soruşur ki, özün nə yazmısan? Mən 3 roman yazmışam. “Çöl”, “Səkkizinci gün”, “Pozğun”. Gedin oxuyun, görün nə yazmışam. Mənim istedadlı olub-olmadığımı bilin, görün Bəxtiyar Vahabzadənin şeirləri haqqında fikir bildirə bilərəm, yoxsa bilmərəm.

- Nə üçün məhz iki insanı hədəfləmisən?

- İki deyil, çoxdur. Azərbaycan Yazıçılar Birliyi istedadsız şair və yazıçılarla dolu olduğu kimi, Azərbaycan ədəbiyyat tarixi, ədəbiyyatşünaslığı doludur istedadsız adamlarla. Xalq, millət, vətən, yurd, el-oba deməklə şair olmursan. İzzəddin Həsənoğlu cəmi 3 qəzəl yazıb. O üç qəzəlin əlindən universitetə getmək istəmirdim. Universiteti qurtarana yaxın dedilər ki, Tofiq Hacıyev 4-cü qəzəli də tapıb. Universitetdə oxuduğum dörd il ərzində İzzəddin Həsənoğlunun yazdığı cəmi üç qəzəl mənim ömrümü-günümü “çürütdü”. Dərs, kurs işi, diplom mövzularına baxın: Həsənoğlunun qəzəllərində ədatlar, Həsənoğlunun qəzəllərində bağlayıcılar, Həsənoğlunun qəzəllərində qoşmalar, Həsənoğlunun qəzəllərində feli bağlama, Həsənoğlunun “ki” bağlayıcısı, Həsənoğlunun qəzəllərində aşiqlə məşuqun görüşdüyü yer, Həsənoğlunun qəzəllərində Allaha qovuşmaq məqamı... Az qala, proqrama mövzu salalar ki, Həsənoğlunun qəzəllərində Qarabağ problemi, Həsənoğlunun qəzəllərində Türkiyə-Azərbaycan münasibətləri, Həsənoğlunun qəzəllərində namus-qeyrət məsələsi, Həsənoğlunun qəzəllərində ana-bacı söhbəti, Həsənoğlunun qəzəllərində o biri dünya ilə bu dünyanın oxşar və fərqli cəhətləri... Biabırçılıqdır.
Azərbaycan qohum-əqraba ölkəsidir. Kimin oğlu vəzifədədirsə, gətirib atasını ədəbiyyat dərsliyinə saldırır. Məmməd Arazın pafoslu şeirləri bu gün universitet auditoriyalarını başına götürüb. “Azərbaycan qayalarda bitən bir çiçək, Azərbaycan, çiçəklərin döşündə qaya”. Azərbaycan nə zaman qayada bitən çiçək olub? Vətən haqqında səmimi şeirlər yazılmalıdır və o şeirlər təbliğ olunmalıdır. Bu cür pafoslu şeirlər adamların bədii- estetik zövqünü korlayır.

- Onda belə çıxır ki, sən himinimizin də sözlərini bəyənmirsən?

- Bu barədə fikir bildirmək istəmirəm.

- Əgər söylədiyin şəxslər istedadsızdırlarsa, nə üçün bunu səndən öncə heç kim dilə gətirməyib?

- Bunu çoxları bilir. Bəxtiyar Vahabzadə hökumətin seçdiyi şairdir deyə, özlərinə problem yaratmaq istəmirlər. Məsələn, 10-dan çox deputat mənə zəng edib, Bəxtiyar Vahabzadə ilə bağlı fikirlərimdə haqlı olduğumu bildirdi. Ancaq onlar bunu açıq şəkildə deyə bilməzlər.

Bir şey də deyim. Götürək Mikayıl Müşfüqü. Mikayıl Müşfiqə qarşı sevgi onun şeirlərdinən çox nakam ölümünə görədir. Allah rəhmət eləsin. Amma Müşfiqin nə qədər mənasız şeirləri var. “Yenə o bağ olaydı” şeirindən başqa Müşfiqin hansı şeirini bilirsən? İndi bu nakam ölüb deyə, Müşfiqin şeirlərini hər yerə doldurub deməliyik ki, ondan böyük şair yoxdur? Azərbaycanda ədəbiyyata yanaşmada daha çox şəxsi həyatı əsas götürürlər. Azərbaycan Yazıçılar Birliyində “Şəhid şairlər” guşəsi var. Onların şəhidliyi qarşısında baş əyirəm. Ancaq iki-üç şeir yazıblarsa, bunu gətirib ədəbiyyata sırımaq lazımdır?

- Müasir dövr şairləri barəsində nə deyirsən?

- İstedadın qarşısında dayanmaq mümkün deyil. Kim istedaddırsa, hər biri göz önündədir.

- Bəlkə, diriləri tənqid etməkdən qorxduğun üçün ölülərə üz tutmusan?

- Kim tənqid olunmursa, o, diri deyil, ölüdür. Mən mümkün qədər azad olmağa çalışmışam həmişə. Anarı da tənqid etmişəm. Ancaq Anar yazıçıdır və bu, danılmazdır. Rəşad Məcidi də dəfələrlə tənqid etmişəm.

- Belə çıxır ki, ancaq gündəmə elə kimisə tənqid etməklə gəlirsən?

- Bədii cəhətdən zəngin olan əsər cəmiyyətdə rezonans doğurmur. Yaxşı əsərdən səs çıxmır. Misal üçün, Orxan Pamuk “Nobel” mükafatı aldı. Amma romanları yox, türklərlə bağlı dediyi bircə cümləsi dünyada böyük müzakirə yaratdı. Bizim də cəmiyyətdə kitab yox, hansısa fikir səs-küyə səbəb olur. Yenə deyirəm, adamlar düşünürlərsə ki, tənqidi öz təbliğatım üçün edirəm, o zaman mənə nə üçün reaksiya verirlər?

-Bəxtiyar Vahabzadəni bəyənmirsən. Gənc nəsilədən ondan güclü şeirlər yazan kimi göstərə bilərsən ki, cəmiyyət sənin sözünlə desək, öz “büt”nü dəyişsin?

- Bu gün də gənc istedadlar doğrudan da var. Sadəcə, sovet dövründəki kimi, təbliğ eləsələr, onlardan parlaq sima düzəldə bilərlər. Bizdə böyük şair olmağa nə var ki... Vətən, millət, xalq... Sabir Rüstəmxanlı Azərbaycanın böyük oğludur, meydanlarda olub. Amma bunun şeirə nə dəxli var? De görüm nə yazmısan? Halbuki, Sabir Rüstəmxanlının yaradıcılığını ələsən oradan 3-5 salamat şeir çıxar, ya çıxmaz.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net