Azərbaycanda dini turizm inkişaf etdirilməlidir - RƏSMİ TƏKLİF
Tarix: 1-09-2015, 11:23 |
Çap et
Dünyada inkişaf etmiş turizm növlərindən biri də dini turizmdir. Hər il Azərbaycanda yüzlərlə zəvvar xarici ölkələrdəki ziyarətgahlara üz tutur, dini ayinləri icra etmək üçün müqəddəs torpaqlara səfər edirlər.
Ölkə daxilində “Əshabi Kəhf” (Naxçıvan), həmçinin Bibiheybət məscidi, Nardaran piri, Mirmöhsün ağa məqbərəsi, “İmamzadə” piri (Gəncə) kimi tanınan, həm də çox müraciət edilən ziyarətgahların olduğu nəzərə alınarsa, Azərbaycanda bu sahənin inkişafı mümkündürmü? Bu ziyarətgahlara turist cəlb edə bilirikmi?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad AranModern.az saytına deyib ki, bu reallaşarsa, çox gözəl addım ola bilər:
“Azərbaycanda bir çox müqəddəs yerlər - Gəncədə və Bərdədəki “İmamzadə” türbələri, məşhur Bibiheybət məscidi, o cümlədən Bakının bir sıra kəndlərində ziyarətgahlar var. Bunlar imamların övladları ilə bağlı müqəddəs məkanlardır, əsrlərdir insanlar ziyarət edirlər. Müəyyən planlar işləyib, marşrutlar tərtib edərək həmin yerlərin daha çox müsəlman tərəfindən ziyarətinə nail olmaq mümkündür.
Amma bu məsələni hərtərəfli araşdırdıqdan sonra reallaşdırmaq lazımdır”.
Səyyad Aran hesab edir ki, bu, bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətində olan məsələdir: “Bu həm də dindar müsəlmanların xeyrinə olan təklifdir. Məsələn, Hindistandan gələnlər Atəşgah məbədinə gedir, oranı böyük məmnuniyyətlə ziyarət edirlər. Bu mənada müsəlman ölkələrindən gələn insanların da Azərbaycandakı müqəddəs yerləri ziyarət etməsi ölkəmizin təbliği baxımından çox əlverişli olar.
Çünki Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsidir. İmamların övladları ilə bağlı aparılan bir çox tədqiqatların Azərbaycana da şamil edilməsi heç də təsadüfi deyil”.
Komitə rəsmisinin fikrincə, Azərbaycanda dəfn edilən imam övladlarının, müqəddəs yerlərin ziyarətinin heç kimə zərəri olmaz: “Əksinə, Azərbaycanın turizm coğrafiyasında yeni bir istiqamət olar. Biz xaricdəki müqəddəs ziyarətgahları ziyarət etdiyimiz kimi həmin ölkələrin insanları da gəlib imam övladlarının qəbirlərini Azərbaycanda ziyarət edə bilərlər.
Azərbaycan İslamın dinin müqəddəs, ilkin beşiklərindən biridir.
Təsadüfi deyil ki, Zaqafqaziyada ilk məscid 743-cü ildə məhz Şamaxıda inşa edilib. Hesab edirəm ki, bu, məntiqi baxımdan reallaşdırılması mümkün olan məsələlərdəndir. Heç kimin bu məsələyə irad və etirazı ola bilməz”.
Məşədi Dadaş Məscidinin imam camaatı Hacı Şahin Həsənli də dini turizmin inkişafı baxımından bu təklifi müsbət qarşılayıb:
“Azərbaycanda müqəddəs, tarixi şəxslərin, imamzadələrin məzarları var. Bu baxımdan belə bir təklifin reallaşması çox gözəl olardı.
İmam Museyi Kazıminin qızlarının məzarı, Gəncədə, Bərdədə “İmamazadə” məzarları, Şamaxıda qədim məscid, həmçinin İçərişəhərin özü dini tariximizi əks etdirən açıq hava muzeyi kimi dəyərləndirilə bilər. Bunlar son illər təmir-bərpa olunub və zəvvarların maneəsiz ziyarət etməsi üçün hər cür şərait var”.
İlahiyyatçı hesab edir ki, məsələnin reallaşması üçün kifayət qədər tarixi və dini abidələrimiz, ziyarətgahlarımız mövcuddur: “Bu baxımdan turistlərin cəlb edilməsi ölkəmiz üçün xeyirli bir nəticə ola bilər. Bu iş keyfiyyətli şəkildə, kompleks olaraq təşkil olunarsa Azərbaycanda dini turizmin inkişafına xidmət göstərər.
Müsəlman ölkələri içərisində birbaşa imamların övladının məzarının qəbri olduğu az ölkə var, Azərbaycan bu baxımdan nadir ölkələr sırasındadır”.