Müharibə qoxusu şimaldan gəlir - AKTUAL
Tarix: 1-09-2015, 10:23 | Çap et
Müharibə qoxusu şimaldan gəlir - AKTUAL
Şimal qütbünün karbohidrogen sərvətləri böyük dövlətləri qarşıdurmaya cəlb edir

Dünyada neftin qiymətdən düşməsi fonunda Rusiyanın az qala iqtisadi-maliyyə böhranına girməsi, deyəsən, Moskvanı Qərblə buynuzlaşmağa sövq edir. Belə ki, dünən ABŞ-da toplaşan bir qrup enerji mütəxəssisi Rusiyanın şimal qütbündə neft-qaz axtarışını sürətləndirməsindən həyəcanını gizlətməyib.
Mütəxəssislər bildiriblər ki, ABŞ-ın kosmik məlumatlar əsasında apardığı hesablamalara əsasən, Arktika buzlaqlarının altında 90 milyard barrel neft, 47,2 trilyon kubmetr təbii qaz ehtiyatları gizlənib. Əlbəttə, bu hələ ilkin nəticədir. Çünki qlobal isinmə ilə bağlı buzlaqlar əridikdə yanacaq axtarışı arealı da genişlənir və beləliklə, tapılacaq yeni yataqların mövcudluğu da şübhə doğurmur.
Xatırladaq ki, şimal qütbündə aşkarlanmış 60 neft yatağından 43-ü Rusiya, 11-i Kanada, 6-sı ABŞ və biri Norveçin daxili sularında yerləşir. Hətta hesablamalara görə, Arktikadakı neft yataqları istismara açılarsa, Kanadanın gündəlik neft hasilatı 900 min, Norveçin 700 min, ABŞ-ın isə 150 min barrel artacaq.


Yeri gəlmişkən, ABŞ, Rusiya, Norveç, Niderland və Kanada Arktikada mövcud olan karbohidrogen ehtiyatlardan pay almağa çalışır. Hətta şimal qütbünə çıxışı olmayan Çin də bölgənin yanacaq resurslarından faydalanmaq arzusunu gizlətmir.
Onu da qeyd edək ki, Şimal qütbündə indiyədək kəşf olunmuş neft, məsələn, Türkiyə kimi iri dövlətin ehtiyacını 330 il, qaz isə min il təmin etməyə bəsdir.
Burada haşiəyə çıxaraq şimal qütbü barədə qısa məlumat vermək istərdim. Arktikanın ərazisi 27 milyon kvadratkilometrdir. İndiki buzlaqlar şəraitində bu ərazinin 9 milyon kvadratkilometri qurunun (buzlaqlar əriyərsə quru ərazinin böyüyəcəyi istisna olunmur – V.T.), 18 milyon kvadratkilometri isə suyun, yəni Şimal Buzlu Okeanının və onu sahildən ayıran dənizlərin payına düşür. Qlobal istilərin təsiri nəticəsində buzların əriməsi Arktikada torpaq sahəsinin artacağını söyləməyə əsas verir. ABŞ, Rusiya, Kanada, Norveç, Finlandiya, İsveç, Danimarka və İslandiya Arktikaya birbaşa açılan ölkələrdir. Özü də Rusiya və Finlandiya xaric, bütün ölkələr NATO-nun üzvüdür.
Amma söhbət hərbi-siyasi böhrana səbəb olacaq addımların atılmasından gedirsə, o zaman beynəlxalq qayda-qanunlar nəzərə alınmalıdır. BMT Dəniz Hüququ Sazişinin 76-cı maddəsinə əsasən, Şimali Buzlu Okeanının sahildən 200 dəniz misli məsafədə olan ərazisi sahilyanı dövlətlərin daxili suları sayılır. Amma sazişin 2 nömrəli əlavəsində 200 mili 350 milə çıxarmaq barədə sahilyanı dövlətlərin BMT-nin uyğun komissiyasına müraciət etmək haqqı tanınır…
Mütəxəssislərin fikrincə, Ukrayna və Krım məsələsinə görə ABŞ-ın Rusiya ilə üz-göz düşməsi əslində Şimal qütbünün karbohidrogen ehtiyatlarına nəzarət uğrunda mübarizənin nəticəsidir. ABŞ-da yaxşı başa düşürlər ki, qlobal isinmə prosesi uzandıqca və paralel olaraq şimal qütbündə okean sularının daimi donuşluqdan qurtulması dünya dəniz ticarətinin məhz bu ərazidən daşınmasına səbəb ola bilər. Bu halda isə minlərlə kilometr sahil nəzarət xəttinə malik Rusiya beynəlxalq dəniz ticarət yoluna nəzarət edə bilər. Axı şimal qütbünün yolları buzla örtülü olsa da, buradan keçəcək dəniz yolu beynəlxalq ticarət xəttini 2500 mil qısaldır. Göründüyü kimi, soyuq müharibənin göstəricisidir.
Bu yerdə qeyd edək ki, Rusiyada son vaxtlar qəbul edilmiş təhlükəsizlik konsepsiyasında Yaxın Şərq və Xəzər bölgəsi ilə yanaşı, Şimal Qütbünün də karbohidrogen ehtiyatları milli maraqların əhatə dairəsi sayılıb və qeyd olunub ki, hətta bu maraqlar uğrunda müharibəyə başlamaq da mümkündür. Eləcə də ötən il ictimaiyyətə açıqlanan hərbi konsepsiyada deyilir ki, Arktika Rusiya üçün potensial təhlükə mənbəyidir və bu mənada həmin bölgədə mütləq hərbi bazaların yaradılması vacibdir. Ardıyla da gölmədən şimal qütbündə iki hərbi arktik baza təsis edildi: bunlardan «Alakurtti» adlanan biri Finlandiya ilə sərhədin yaxınlığında qurulub, digəri isə Berinq boğazının şimal-qərbindəki “Yeni Sibir adaları”, Barents dənizi ilə Kara dəniz arasında yerləşən Novaya Zemlya adasının şimalındakı arxepelaqa aid “Frans İosef torpaqları”nda yaradılacaq. Moskvada düşünürlər ki, bu iki nöqtə arasında hava hücumundan müdafiə sistemi yaradılacaq. Onu da deyək ki, Rusiyanın şimal-qərbindəki, eləcə də Yamal yarımadasında yerləşən arktik hərbi bazaları mövcuddur ki, bütün bunlar Moskvanın şimal dəniş sərhədlərindən gələ biləcək təhlükədən narahatlığını göstərir.
«Arktika» institutunun doktoru Katrin Keilin fikrincə, bölgədə neft ehtiyatları təbii qaz ehtiyatlarından xeyli azdır. Ona görə də yaxın gələcəkdə burada əsas mübarizə obyekti qaz yataqları olacaq. Neft ehtiyatları isə hər halda Yaxın Şərq münaqişəsi səviyyəsinə çıxarılmayacaq.
Keilə görə, bölgədəki hidrokarbon ehtiyatların hasilatı olduqca çətindir: «Nə qədər ki, yanacaq bazarında qiymətlər kəllə-çarxa çıxmayıb, iddiaçı dövlətlər burada neft və ya qaz çıxarmaq müstəvisində praktik addımlar atmayacaq. Amma başqa bir məsələ diqqətdən kənarda saxlanmamalıdır ki, heç bir ölkə Yaxın Şərqdəki müharibələrin iştirakçısı olmaq və ya siyasi bataqlığa girmək istəmir. Bu səbəbdən, bir qədər bahalı olsa da, Arktikanın sərvətindən yararlanmağa dəyər».
Burada xatırlatmaq istərdik ki, Kanada artıq 8 atom buzqıran gəmisini yeni kəşflər məqsədilə şimal qütbünə yollamağa hazırdır.
«Arktika» institutundan Mark Cekobsen adlı başqa bir araşdırmaçının fikrincə isə Çinin şimal qütbünə maraq göstərməsində əsas məqsəd açılmasına cəhd ediləcək ticarət yolundan faydalanmaqdır. Çünki Çin indiki şəraitdə, məsələn, Niderlandın Roterdam limanına yetişmək üçün cənub istiqamətində Malakka və Cəbəllütariq boğazları, eləcə də Süveyş kanalını keçməklə üç okean sularını qət edir. Hansı ki, Çin gəmiləri şimal qütbünü fırlanmaqla Roterdama getdikləri təqdirdə əvvəlki yolu 40 faiz qısaltmış olacaqlar. Məsələn, Şanxaydan adıçəkilən Avropa limanına Süveyş kanalından keçməklə 20 min kilometr, şimal qütbündən üzməklə isə 14 min kilometr yol qət etmək lazımdır.
Onu da vurğulayaq ki, Çin artıq bir buzqıran gəmi tikib, ikincisini isə inşa etməkdədir…
Beynəlxalq Neft Məclisi icraiyyə komitəsinin sədr müavini Anatoli Zalatunin bildirir ki, şimal qütbü yalnız neft və qaz yataqlarının zənginliyi ilə qiymətləndirilmir. Onun sözlərinə əsasən, bölgə sularının nəhəng balıq ehtiyatı karbohidrogen ehtiyatlardan heç də az pul etmir. Üstəlik, bölgəda çox böyük civə, qalay, tikinti materialları, platin, miss, nikel, titan, tantal, niobium, nadir torpaq elementləri, dəmir, fosfor, polimetallar, fluorit, xrom, manqan, qızıl və almaz ehtiyatları da cəmlənib: «Arktika hamını həyəcanlandırır. Bura əl dəyməmiş təbiətin ikonası kimidir – hamını özünə cəlb edir.

Vüsal Tağıbəyli





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net