Dərisi soyulan rüşvətxor hakim...
Tarix: 8-08-2015, 12:36 | Çap et
Dərisi soyulan rüşvətxor hakim...
Səs-küylü məhkəmə proseslərindən biri növbəti ədalətsiz hökmlə nəticələndən sonra jurnalistlər mərhum vəkil İsaxan Aşurovdan soruşurlar: “Baş verənlərin hüquqi şərhini verərsinizmi?”

O da pauza etmədən deyir: “Hadisələr hüquq mustəvisindən kənardadır. Deməli, hüquqi şərh mümkün deyil”...

Kriminalla qanun birləşəndə hər ikisi öz mahiyyətini itirir. Çevrilirlər 180 dərəcə tərsinə. Qanun - özbaşınalıq, kriminal - norma olur. Eynilə materiya ilə antimateriya qarşılaşanda annihilyasiya - özünüməhv gedir.

Vaxtilə “hidrogenbombasınınatası” EdvardTellerbarəsində birzarafatvardı: Tellerlə anti-Tellerqarşılaşır: “Bir-birinin sağ əlini sıxanda hər ikisi qamma-şüaya çevrilir”.

Qanunun cinayətə xidmətindən “qamma-şüa” yaranır. Görünməyən, hiss edilməyən, müvəqqəti və zərərli...

***

Ölkədə absurd məhkəmə hökmlərinin sayı qar topası kimi artır. Gözlərimizin önündə vaxtilə Hanna Arendtin yazdığı “Şərn banallaşması” prosesi gedir.

Kimlərsə hələ də hakimləri insafa çağırmaqda, ictimai qınağa çəkməkdə, utandırmaqda davam edir. Bu sadəlövhlüklə qurtarmağın zamanı çoxdan gəlib çatmayıbmı?

Alber Kamyunun “Yad” əsərində ölüm hökmü çıxaran hakim, “Taun”da isə həmin hakimin oğlunun obrazları var. “Taun”dakı sirli Tarrunun dili ilə Kamyu oğulun atanın əməlinə münasibətini açıqlayıb. Oğul etiraz edərək evdən çıxıb gedir.

Orada söhbət ölüm hökmündən gedirdi (Kamyu bu cəzanın barışmaz əleyhdarı idi. Məsələn, “Gilyotina haqda düşüncələr” essesi). Üstəlik, ortada cinayət də vardı. Bizdə isə sifarişli hökmlər cinayət tərkibinin olmadığı proseslərdə çıxarılır. Və fərq bunlarla da bitir.

Bitirmi? Bəlkə də yox. Çünki biz hakim və ittihamçıların öz əməllərinə, onların övladlarının isə valideynlərinin əməllərinə reaksiyasını bilmirik. Bilmək isə çox maraqlı olardı.

Hökmü hazırlayan, sifariş verən və icra edənləri ictimai qınaqla qorxutmaq - əfəllikdir. Onlar üçün bu qınaq - boş bir səsdir. Onların əməlinin cavabı da bu qınaq yox, yeni cinayət işləri olmalıdır. Yəqin nə vaxtsa bu cür də olacaq. Ancaq onu da bilirəm ki, mifik ədalət - ziflərin sığınacaq və təsəlli yeridir.

Ancaq ən böyük dəhşət bu da deyil. Ən böyük dəhşət odur ki, bu tip əməllərlə karyera quranların, evinə çörək aparanların nə özləri, nə də övladları qarşısında əzab çəkdiyini görürük. Ponti Pilat sayağı, hökmdən sonra əllərini yumaqla işlərini bitirirlər. Onların övladlarından da yeni Tarru yetişməyəcək. Çünki bütün dəhşətlərinə baxmayaraq XX əsr həm də elm, maarifçilik, dirəniş, mədəniyyət, ədalət və həmrəyliyin ölmədiyi əsr idi. Bunu XXI əsrin əvvəli üçün demək olmur.

Bu, ölkədəki mənəvi dəyərlərin maksimum təhrifinin, bəlkə də tam itməsinin təntənəsidir.

Görünür, şərin muzdurları indulgensiyaya bərk inandırılıblar.

***

Pun müharibələrini uduzub sağ qalan Hannibal o savaşlar barədə kitablar yazıb. Kitablar günümüzə çatmayıb. Romalılar hamısını məhv edib. Elə o vaxtdan da tarixdə aforizm qalıb: “Tarixi qaliblər yazır”.

Ancaq... o qələbə mərdanə, kişisayağı, qarşı-qarşıya savaşda qazanılmış qələbə idi. Üç onillik davam edən hərbin nəticəsi idi. Əgər savaş yoxsa, rəqib üz-üzə döyüşdə yox, intriqa, səlahiyyət, sifariş, hakimiyyət rıçaqları, əclaflıq, saxtakarlıq, mənəviyyatsızlıq hesabına uduzdurulursa, qələbə - qanunun kriminala xidmət etdirilməsinin nəticəsidirsə, canilərə səlahiyyət, rütbə, maaş, evə qayıdıb arvadları və uşaqları qarşısında fəxr etmək bəxş edirsə və günahsızın “daş qəfəs”ə salınması ilə nəticələnirsə, tüpürüm sizin qələbənizə!

Bu, qələbə deyil. Bu, dəyərlərin tərsinə yozumu və bu yozumun legitimləşdirilməsidir. Və əgər günahsız müqəssirləri hər vəchlə məhbəsdə saxlamaq üçün min bir hoqqadan çıxanlar hökmü bitirib rahatca gedib yeməyini yeyə bilirsə, normal insan barmaqlarını boğazına salıb qaytarardı o yediklərini...

Ancaq yox... Hökmü oxuyub dağılışırlar qələbələrini yumağa. Budur dəhşət.

Dəhşət odur ki, özlərini və övladlarını o günahsızların yerində təsəvvür etmirlər. Nahaq - ədalətin saxlanması qanunu var.

Dəhşət odur ki, nə vaxtsa onları divara sıxanda deyəcəklər: “Hakimiyyətin əmrlərini yerinə yetirmişəm”.

Nə vaxtdan bu, bəraət olub? Məgər sən anensefalsan, debilsən, marionetsən? Onda get müvafiq ünvanına...

***

Bu rəsmi flamand rəssamı Herard David 1490-cı ildə çəkib. “Kambisin qurduğu məhkəmə” adlanan diptixin sol hissəsidir. Və səhnə bizim üçün aktualdır.

David bu rəsmi Brügge ratuşası (şəhər idarəetmə orqanı) üçün çəkmişdi. Ratuşada məhkəmə prosesləri gedirdi. Diri-diri dərisi soyulan rüşvətxor hakimin obrazı ratuşadakı hakimlərə yaramaz həmkarlarının qədimdəki faciəvi sonunu xatırlatmalıydı. Ki, ədalətlə cinayət arasında ikincisinin tərəfini tutmaq niyyətinə düşməsinlər.

Bu, erkən Şimal intibahının nümayəndəsi sayılan Herard Davidin günümüzdə də düşünməyə vadar edən ən məşhur əsəridir. Onun dövründə Brüggedə rüşvətxor hakimlərin heç də diri-diri dərisini soymurdular. Ancaq yenə də, yenə də...

İncəsənətin tərbiyələndirmə funksiyası həmişəyaşardır. Baxır incəsənətə və baxır tərbiyəyə.

Əsərin süjeti isə “tarixin atası” Herodotun “Tarix” kitabındakı bir epizoddan götürülüb. Orada İran şahı Kambisin rüşvətxor hakim Sisamnı necə cəzalandırmağından söhbət gedir.

Kambis eramızdan əvvəl VI əsrdə yaşayıb və qüdrətli hökmdar Böyük Keyxosrovun oğlu, Misirin fatehidir.

Rəssamın süjet kimi istifadə etdiyi o qədim məlumat Herodotun “Tarix”ində bu cür təsvir olunub: “Sisamn rüşvət alaraq ədalətsiz hökm çıxardığına görə Kambis onu edam etməyi və dərisini soymağı əmr etdi. Şah əmr etdi ki, dərini aşılasınlar, ondan kəmərlər düzəltsinlər və bu kəmərləri vaxtilə Sisamnın əyləşib hökm çıxardığı hakim taxtına dolasınlar...”

Əsas bu deyil. Əsas olanı - bundan sonrakı cümlələrdir: “Taxtı onun dərisindən hazırlanan kəmərlərlə dolayandan sonra Kambis edam olunmuş Sisamnın yerinə onun oğlunu təyin etdi. Oğul atanın dərisi olan taxtda oturmaqla hər dəfə harada və niyə oturduğunu xatırlamalı olacaqdı...”

Qəddarlıqdır, deyilmi? Bəs yüzlərlə, minlərlə günahsız insana cəza kəsmək, onları məhbəsə salmaq, talelərini məhv etmək, ailələrini başsız və çörəksiz qoymaq necə, bundan azmı qəddarlıqdır?

Sisamn o sonluğa layiq idi. Hər kəsə layiq olduğunu vermək lazım. Dövrlərdən asılı olmayaraq...

***

Oruellin “Heyvan ferması”ndakı qoyunlar, itlər, Cırsəs və donuzlar dayaq funksiyasını yerinə yetirməkdədir. Sonunuz məlum...

Məmməd Süleymanov

Virtualaz.org





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net