Televiziyalar SSRİ dövrünə qayıdır, hind filmlərinin nümayişi çoxalır
Tarix: 5-08-2015, 15:10 | Çap et
Televiziyalar SSRİ dövrünə qayıdır, hind filmlərinin nümayişi çoxalır
Bəyin oğurlanması” filmində belə bir səhnə var: Kino çəkilən əraziyə gələn iki kənd sakinindən biri rejissor Əsəd müəllimə irad tutaraq filmlərin baxımsız olduğunu bildirir. Bundan başqa, yanındakı kəndlinin “Avara” hind filminə 43 dəfə baxdığını deyir. Əsəd müəllimin cavab olaraq deyir: “Bizimkilər belədir də, özümüzünkülərə bir dəfə olsun baxmırıq, amma özgənin filminə 43 dəfə baxırıq”.

Sonradan zərbi-məsələ çevrilən bu ifadə əslində o dövr üçün böyük bir mədəni problemi əks etdirirdi. SSRİ məkanı o zaman həm də “zövqlər həbsxanası” idi. İnsanlara əlavə seçim hüququ verilmirdi, onların nəyisə seçmək və müqayisə imkanları konkret olaraq yox idi. Belə bir dönəmdə sırf ideoloji məqsədlə aşağı zümrələrin filmləri sayılan hind filmlərinin kütləvi yayımı getdikcə daha da çoxaldı.

O zaman hər bir kənddə, hər bir məhəllədə hind filmləri nümayiş olunurdu. Uzun müddət dünya kino incilərini izləyə bilməyən təbəqə Mitxun Çakraboti, Rac Kapur, Amidabat Baççan, Rij Kapur və digər qəhrəmanlarla çox doğmalaşmışdılar. Həmin filmlər və qəhrəmanlar bu günün bol seçim imkanı olan kino bazarı dönəmində artıq nostalgiyaya çevriliblər.

Amma bu gün Azərbaycanın demək olar bütün telekanallarında sanki keçmişə qayıdış var. Kino yaradıcılığı baxımından həm məzmun, həm də forma etibarilə o qədər də güclü filmlər sayılmayan Hindistan məhsulları yenidən tez-tez nümayiş etdirilir.

Sovet dövrünün sentimental insanları bu gün də həmin nostalji hisləri yaşamaq üçün o filmləri məmnuniyyətlə izləyirlər. Hind filmlərinin yerli telekanallarda tez-tez yayımının bizim televiziya və kino bazarına, eləcə də tamaşaçı zövqünə hansı mənfi təsirləri var?

Modern.az-ın bu sualına rejissor, Kinomatoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bu cür cavab verir. Onun fikrincə, əsas problem nümayiş olunan filmlərin pirat nüsxə olmasıdır ki, bu da özünü tez-tez yayımlanan hind filmlərində də göstərir:

“Hər hansı xarici ölkənin filminin nümayişi problem deyil. Problem milli filmlərin nümayiş faizinin azalmasıdır. Digər tərəfdən, çox vacib məsələlərdən biri də nümayiş olunan filmlərin pirat nüsxə olmasıdır.

Təəssüf ki, Milli Televiziya və Radio Şurasının telekanallarda kino nümayişi siyasəti çox naşıdır.

Nümayiş olunan filmlərin böyük hissəsi pirat nüsxələrdi. Düşünürəm ki, Müəllif Hüquqları Agentliyi də bu məsələ ilə yaxından məşğul olmalıdır. Piratlığın kökü kəsiləndə milli filmlərə ehtiyac artacaq. Dəfələrlə demişik ki, MTRŞ milli filmlərin mütləq minimal kvotasını qoymalıdır.

Məsələn, nümayiş olunan filmlərin 40 faizi Azərbaycan istehsalı olmalıdır. Anlamıram, MTRŞ-nin və Müəllif Hüquqları Agentliyinin televiziyalarımızda baş alıb gedən piratçılıqda nə maraqları var, niyə bunun qarşısı alınmır?

Əgər hər hansı hind və ya fransız filmi lisenziyasız nümayiş olunursa, bununla həm də milli kinomuzun maraqları tapdalanır. Çünki xarici filmin lisenziyasız nümayişi hansısa Azərbaycan filminin nümayiş olunmaması deməkdir. Kinorejissorlar Gildiyasi ciddi nəzarət edir, Azərbaycan filmlərinin nümayiş hüququnu tələb edir. Telekanallarda Azərbaycan filminə 100 manat ödəməmək üçün 3-5 manata pirat nüsxələri göstərirlər”.

YUĞ teatrının rejissoru Mursahib Ağazadənin məsələyə münasibəti də maraqlıdır. Onun fikrincə, bu gün efirdə meydan sulayan, daha doğrusu, hind filmləri ilə meydanı sulatmaqda kanalların əsas məqsədi efir boşluğunu doldurmağa, bir də əhalinin bəzi hissəsinin nostalji hislərinə hesablanıb:

“Bu məsələyə birmənalı yanaşmaq olmaz. Zövqün mənfi, ya müsbət formalaşdırılması məsələsi var. SSRİ dövründə tam ideoloji formatda kino-teatr, ümumiyyətlə, mədəni-siyasi təbliğat gedirdi və hind filmlərindən əsasən sinfi mübarizə predmeti kimi istifadə olunurdu.

Sovet adamının həm də başqa seçimi yox idi. Bugünkü kimi video texnologiya inkişaf etməmişdi. Efirdə, kinoteatrlarda nə təqdim olunurdusa, insanlar ona baxmağa məcbur idi. Bu məcburiyyətdən zövq formalaşır, qəhrəmanları sevir və bu kino ilə yaşayırdılar. Bu gün artıq o məcburiyyət yoxdur. Deməli, məcburi zövq formalaşdırılması da yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net