Asif Mərzili: “Mənə də ad verin”ə nə ad verəsən?
Tarix: 4-08-2015, 12:48 | Çap et
Asif Mərzili: “Mənə də ad verin”ə nə ad verəsən?
...Bu günlərdə Facebook sosial şəbəkəsindəki statusumda 22 iyul Milli Mətbuat günü ilə bağlı bir mövqeyimi oxucularla və dostlarımla bölüşmüşdüm. Yazmışdım ki, düz 22 ildir 22 iyul gələndə ən zəhləm gedən suallarla qarşılaşıram. Mənə zəng edən yaxın-uzaq “Sizə mükafat verdilərmi?”, yaxud “Niyə sənin adın fəxri ad alanların arasında yoxdur?” və s. kimi əttökən suallar verirlər. Hər kəsə də 22 ildir dəyişməz və özümə, öz mövqeyimə uyğun cavabımı verirəm...
Sözümün canı var: bəli, dostlara da deyirəm, “düşmənlərə” də ki, əgər mənə dövlət mükafatı verərlərsə, təbii olaraq verənə təşəkkür edərəm... Daha bunu kiməsə acıq vermək alətinə çevirib şişirtməyin nə mənası və faydası?! Yox, əgər verməyiblərsə, deməli, belə məsləhətdir və bunu giley alətinə çevirib atmaca atmaq, müzakirəyə çevirmək, mükafat almışlara (onların sırasında həqiqətən də bu adı-mükafatı qazananlar da var, amma onların sayı çox təəssüflər olsun ki, alanlardan həmişə çox-çox az olurlar) ironiya ilə söz atmaq, iynə sancmaq... yaraşmaz!

Ən böyük mükafatım Şuşaya ayaq basmağım ola bilər!

Əlavə izaha ehtiyac yoxdur ki, ümumiyyətlə, insanları diplomla, Fəxri adla, orden və medallarla mükafatlandırmaq təcrübəsi daha çox Sovet hökumətinin vacib siyasətinin tərkib hissəsi olub. Tam əminliklə deyə bilərəm ki, həmin dövrdə bu mükafatlandırma-stimullaşdırmanın böyük də rolu var idi. Zarafat kimi qəbul etməyin, bizim kəndimizdə nəinki bir qoyundan iki quzu alan çobanların yaşamağa normal evi, geyinməyə dürüst paltarı, ayaqqabısı olmasa da qəşəng medalları var idi. Bir inəkdən daha çox süd sağan, daha çox üzüm yığan qadınların, hətta 4-dən çox uşaq doğan qadınların medalları sandığın ən etibarlı yerində saxlanılardı. O hesabla, bizim kənddə 60-70-ci illərdə 4-dən çox uşağı olan ailələrin sayı nəinki çox idi, hətta lap çox idi. Sinəsini çoxuşaqlı analığa görə medallar bəzəyən (hər uşağa görə bir medal) anaların sayı isə ilbəil artırdı. Bu isə kənddə çoxuşaqlı anaların sayını aybaay artırırdı... İş o yerə çatmışdı ki, artıq qadınlar “Qəhrəman ana” olmaq uğrunda yarışa girişmişdilər... Yenə də gülməyin, 4-dən az uşağı olana pis baxardılar. Məsələn, 11 uşağı olan ana “Qəhrəman ana sayılırdı”. Bizim ailədə isə 10 uşaq “istehsal olunmuşdu” və mənim anam hələ də özünə bağışlaya bilmir ki, niyə o vaxt “Qəhrəman ana” ola bilmədi... (Yaxşı ki, kişi rəhmətə gedib, yoxsa arvadın cavabını verərdi...).
Bəli, hər ictimai-siyasi formasiyanın cəmiyyəti idarə etmək üçün özünəməxsus təbliğat və ideya silahı var. Sovetlər dönəmində insanların bir dərd-səri var idi: kommunizmə gedib çatmaq! O vaxt Kommunizmə gedib çatmaq isə indiki elmi-texniki dillə desək, mövcud peyklərimizlə Günəşin üzərinə düşüb kabab yeyib çay içmək kimi bir arzuya bərabərdir. Amma bunu sadə insanlar başa düşməsə də, Sovet hökumətinin başında duranlar yaxşı bilirdilər. Ona görə də insanların kommunizim ideologiya və arzularının mahiyyətini anlaması mümkünsüz olsun deyə, o vaxt adamların başını müəyyən şeylərlə qatırdılar. Bu da hər yerdə tətbiq olunan sosializim yarışı idi... Sovet adamı işdə, çöldə, tarlada, dağ başında... sosializim yarışının subyekti idi və bu yarışdan kənarda qala bilməzdi. Hətta mal-qara da bu yarışın iştirakçısı olurdu. Bir inəyin iki bala doğmasına kim inana bilərdi? Amma həmin dövrdə Sovet inəkləri bunu etməli idi və insafən, edirdi də... Çünki ölkəmiz Sosializm yarışında “Keçici Qırmızı bayraq” almalı idi. Mən bilən Bakı o vaxt 12-ci dəfə bu bayrağı almışdı. Amma bu bayraq Bakıya nə vermişdi və ya nə verəcəkdi, bunu alanlar bilməsə də, verənlər bilirdi.
Baş ağrısı olmasın, artıq dünyada hər şey dəyişib, pərdələr götürülüb, utopik arzular və istəklər reallıqda çox sönük və qəribə görünür. Bu mənada, Azərbaycan insanlarının, bildiyimə görə, ən müqəddəs arzusu indi Qarabağı işğaldan azad görməkdir. Qarabağın azadlığı isə insanlarımızın azad düşüncəsindən keçir. Əgər insan-cəmiyyət içində azad deyilsə, o, Qarabağı necə azad edə bilər? Sözümü qəribçiliyə salmaq istəyənlərə bir az da izah verim ki, mən arzu və istəklərin azadlığını deyirəm... Siyasi azadlıq, Allaha və Prezidentimizə min şükür, bizdə var. Amma biz siyasi azadlığımızı və müstəqilliyimizi həmin o istək və arzularımızın azadlığına çevirməkdə, məsələn, yaponlardan, “kitay”lardan, ruslardan, Türkiyə türklərindən, almanlardan... çox-çox geri qalırıq. Niyə? “Niyə”sini deyim: məsələn, yapon arzu edir ki, Marsa uçsun, uçur, oturur Marsın ortasında... Rus arzu edir ki, əlisilahlı Krımın ortasında otursun, oturur... “Kitay” arzu edir ki, çin malları ilə dünyanın ən məşhur istehsalçılarını mat qoysun, bunu da edir. Hətta neçə gün əvvəl “kitay”lıları Ağcabədinin ən ucqar bir kəndində gördüm. Biz isə 25 ildir Şuşanı arzu edirik, amma burdan bura, Bakıdan 280-300 km-dəki Şuşaya gedib çata bilmirik. Niyə? Ona görə ki, biz hələ mükafat almaq, təltif olunmaq... arzularımıza çata bilməmişik!!!

30 min manatlıq
“Əməkdar artist”?

Bu günlərdə tanınmış, həqiqətən də istedadlı müğənnilərdən birinə sual etdim ki, niyə, məsələn, Faiq Ağayev “Xalq artistidir”, amma sən heç “Əməkdar” da deyilsən? Qulaqlarıma inanmadım, dedi ki, mənim 30 minim yoxdur... Düzdü, onun dediklərinə də inanmadım, hətta bildirdim ki, sən nə danışırsan, mədəniyyət nazirimiz elə şeylərdən uzaqdır və s. O isə qənaətində yanılmadığında iddialı və inadkar kimi görünürdü. Və sonda nə desə yaxşıdır: “...O da... əməkdar artist olsun, mən də? Mən belə adı istəmirəm!”. Adam çox əsəbi idi... Təbii ki, sonda hamı lap yuxarılardan şübhəli qalır. Amma nahaq yerə...
Mükafatları daha çox kimlər alır?

Yəqin heç kimin xətrinə dəyməz deyim ki, bizim ölkəmizin adamlarında belə bir təsəvvür yaranıb ki, fəxri ad, yaxud dövlət mükafatları yalnız hökuməti dəstəkləyənlərə verirlər. Bu qənatini mənə danışan bir tanınmış jurnalistə iradımı bildirdim. Dedim, de görüm Prezidentin bir çox çıxışlarını əlində rəhbər tutub bəzi məmurları ciddi tənqid edən “Təzadlar” qəzeti hökuməti, yəni Prezidenti daha çox dəstəkləyir, yoxsa Prezidentin həmin tənqidi çıxışını bilməməzliyə vurub bəzi məmurların ünvanına bircə kəlmə olsun tənqidi fikir söyləməyən filan qəzetlər, saytlar???
Təbii ki, həmkarımı və həmsöhbətimi çətinliklə də olsa, bu fikrindən daşındıra bildim.
Amma öz aramızdır, belə müxtəlif dedi-qodulara, giley-güzarlara... yol açmamaq üçün demokratik yolla irəliləyən, Avropaya inteqrasiya edən ölkəmizdə niyə bu ayrı-seçkiliyə yol açan mükafatlandırma, təltifləmə... işlərinə dövlət səviyyəsində son verilməsin? Vallah, mən hələ də bilmirdim ki, məsələn, Aygün Kazımova “Xalq artisi”dir. Amma bilirəm ki, Flora Kərimova xalqın da, dövlətin də artisidir və onun ecazkar səsi əsrlər boyu Azərbaycanla olacaq.
Yaxud, Həzrəti Abbas haqqı, mən dünənə kimi bilmirdim ki, vaxtilə bu hökuməti sərt tənqid edən... filankəs xanım... “Əməkdar jurnalist” imiş. Yaxud da filankəsov filankəs... Bilirəm ki, fəxri ad yalnız istedadlılara verilir. Səs, yazı, qələm, rəsm çəkmək, elmi kəşf... onun müəllifinin-sahibinin kimliyini cəmiyyətə və dünyaya tanıtdırmırsa, ona yüz dəfə fəxri ad verilsin, nə dəyişir? Alim alimdir, jurnalist jurnalist, yazıçı da yazıçı... Şeirini başqalarına yazdırıb kitab buraxana lap “Xalq şairi” adı ver, studiyalarda fonoqramdan və kompüterdən istifadə edib disk buraxan, sonra efirə pul buraxıb ekrana çıxana “Xalq artisti” adı versinlər, nə dəyişir? Dəyişən təkcə cəmiyyətin bu adı verənlərə münasibətidir. Özü də mənfiyə doğru münasibəti...

Dövlətin mükafatları ləğv olunsa, Azərbaycanda nə baş verə bilər?

Vaxtilə bu məsələ Azərbaycanda da ictimai müzakirəyə verilib... Təklif olunub ki, hər kəs istedadının qulu olmalıdır, hansısa mükafatın, orden və ya medalın yox... Şərəfi və şöhrəti Azərbaycanı dolaşana “Şərəf” ordeni vermək lazımdırmı? Məgər şərəf və şöhrət ordenlə müəyyənləşir???(Yeri gəlmişkən, bir dəfə “Şərəf” ordenli bir nəfərlə Gəncədə mühüm bir tədbirdə qarşılaşdıq... Sonra Azərbaycandan da iştirak edən bir çoxları həmin şəxsin kimliyini soruşdular. Dedim ki, filankəsdir, özü də “Şərəf” ordeni alıb və s. Tanımadılar. Təsəvvür edirsinizmi, Azərbaycan dövlətinin “Şərəf” ordenini almış insanı Azərbaycanlı QHT rəhbərləri demək olar tanımırmış).
Yaxud, səsinin ecazkarlığı hər kəsi valeh edənə, xalqın ürəyini riqqətə gətirənə “Xalq artisti” adı vermək çoxmu vacibdir? Necə ola bilər ki, Qədir Rüstəmov da “Xalq artisti” olsun, filankəslər də... Dilim necə qurumasın ki, Arif Babayevə, Alim Qasımova... da “Xalq artisti” deyim, filankəslərə də... Şəhriyara, Hüseyn Cavidə, Müşfiqə, Bəxtiyar Vahabzadəyə, Məmməd Araza, Ramiz Rövşənə, Musa Yaquba, Söhrab Tahirə, Məmməd İsmayıla... da şair deyək, filankəslərə də... Sonra da deyirik ki, bu dünya niyə dağılmır?
Uzun sözü qısası, adama gülməli gəlir, məsələn, efirdə deyələr ki, “İndi də oxuyur “Xalq artisti” Tatlısəs”. Yaxud, “Oxuyur Yaponiyanın xalq artisti Ki Min Kakava”.
Almaniyada xalq artistləri yoxdur, məgər bu ölkənin musiqi mədəniyyəti məhv olub? Bəlkə İtaliyada musiqi sahəsində geriləmə var, çünki bu ölkədə “Əməkdar artist” yoxdur?! Dünya musiqi mədəniyyətinə töhfələr vermiş Fransada, Hindistanda, Çində, ABŞ-da... xalq artistləri var??? Yoxdur, amma Azərbaycanın TV-lərinin və radiolarının efirlərini hər gün bu ölkələrin caz, rok, estrada... müğənnilərinin musiqi və mahnıları bəzəyir. Təsəvvür edirsinizmi, bu qədər “Xalq artisti”, “Əməkdar artist”i olan Azərbaycanın efirində hansısa Afrika ölkəsinin... müğənnilərinin mahnıları meydan sulayır!
Deməli, nəsə dəyişməlidir. Amma nə, bunu isə ictimaiyyətin müzakirəsinə verirəm...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net