“Müəllimlərin maaşının artırılması mərhələli olmalıdır” – EKSPERT ŞƏRHİ
Tarix: 3-08-2015, 14:49 |
Çap et
Bir neçə gün öncə təhsil naziri Mikayıl Cabbarov yaxın dövrlərdə təhsildə ciddi islahatların aparılacağını dedi. Müəllimlərin maaşının orta aylıq əməkhaqqına çatdırılmasından, daha yüksək maaşların veriləcəyindən danışdı. Ümidlər Verdi. Tələbələrin təqaüdlərinin artırılacağına da eyham vurdu.
Bəs müəllimlərin indiki halda orta aylıq əməkhaqqı məbləğində yəni ikidəfədən çox artırılması nə dərəcədə realdır? 2000-2500 manat aylıq maaş alan müəllimlərə belə tez bir zamanda bizim də ölkəmizdə rast gəlinə bilərmi?
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov Hafta.az-a açıqlamasında bildirdi ki, müəllimlərin maaşı yalnız dövlət hesabına deyil, həm də büdcədənkənar fondler hesabına formalaşmalıdır:
“Büdcəsinin vəsaiti hesabına müəllimlərin maaşının verilməsi nəinki Azərbaycan üçün, heç əksər imkişaf etmiş ölkələr üçün də praktik olaraq mümkün görünmür. Çünki dövlət büdcəsinin imkanları müəllim və həkimlərə 2500 manat xidməthaqqı təklif etməsinə adekvat deyil. Müəəlim əməkhaqlarının yalnız büdcədən maliyyələşməsi arzuolunan deyil. Çünki onda onların maaşları büdcədən asılı düşər. Nəzərə alsaq ki, Təhsil Fondu yaradılacaq. Bu da əməkhaqlarının artmasına imkan verə bilər”.
Vüqar Bayramov deyir ki, bunun üçün yeni əməkhaqqı sistemi tətbiq olunmalıdır:
“Bunun üçün büdcədən kənar maliyyə mənbələri qoşulmalı və differensial əməkhaqqı sistemi tətbiq edilməlidir. Hər bir müəllimə verilən əməkhaqqı onun tədrisinin keyfiyyətinə uyğun olaraq müəyyənləşməlidir. Daha yüksək dərs tədris edən müəllimlərə daha yüksək əməkhaqqıların verilməsi vacibdir. Nisbətən aşağı dərs keçən müəllimlərdə də daha yaxşı dərs keçmələri üçün zəmin yaranmasına ehtiyac var. Yəni tədris keyfiyyəti yüksək olan müəllim yüksək, aşağı olanlar isə aşağı maaş almalıdırlar”.
İqtisadçı ekspert deyir ki, müəllimlərin maaş artımı mərhələli olmalıdır:
“ Əks halda bu istehlak bazarında qiymətlərin artmasına gətirib çıxara bilər. İlk olaraq əmək haqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması, daha sonra isə mərhələli şəkildə bu işlər aparılmalıdır. Fərqli mənbələr hesabına əməkhaqqı artırılmasına gedilməsi vacibdir. İndiki halda müəllimlərin maaşı orta aylıq əməkhaqqıya, yəni 460 manata çatdırılmalıdır. Bunu da bütün müəllimlərə şamil etmək xeyli çətindir. Çünki bu müəllimlərin əməkhaqqısının 2 dəfə artırılması deməkdir. Differensial olaraq ilk növbədə yüksək tədris verən müəllimlərin maaşı 460 manat səviyyəsinə qalxmalıdır. Daha sonra mərhələli şəkildə bu artım davam etməlidir. Müəllimlərin maaşları ilə orta aylıq əməkhaqqı arasında fərqin qaldırılmasına nail olunmalıdır”.