Ekspert erkən nikahdan, qız qaçırmadan DANIŞDI: “İndi 12 deyil, 14 yaşlı qızları zorla ərə verirlər”
Tarix: 30-07-2015, 13:12 | Çap et
Ekspert erkən nikahdan, qız qaçırmadan DANIŞDI: “İndi 12 deyil, 14 yaşlı qızları zorla ərə verirlər”
“Əvvəlki illərlə müqayisədə erkən nikahlarda azalma müşahidə edilir. Eyni zamanda qonşu ölkələrdən fərqli olaraq bizdə qızlar 10-12 yaş aralığında deyil 14-16 yaş aralığında erkən nikaha məcbur edilirlər”.
Bu sözləri Modern.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O qeyd edib ki, bu göstərici cəmiyyətin problemə biganə olmamasının nəticəsidir.
“Məlumdur ki, erkən nikahla bağlı Cinayət Məcəlləsində cinayət təqibi nəzərdə tutulub. Bunun əsas məqsədi pis adətlərin aradan götürülməsi və cəzalandırılmasıdır. Bizim təşkilata dəfələrlə müxtəlif rayonlardan müraciət olunub ki, azyaşlı qızı evləndirmək istəyirlər, cinayət təqibi olduğunu deyəndən sonra dayandırıblar. Keçən il 11 rayon üzrə sorğu keçirdik, Polis idarələrinə məktublar ünvanladıq və bununla bağlı hər rayon üzrə 1-2 fakt müşahidə edilirdi. Ola bilir ki, bəzi hallarda gözdən qaçan, gizli saxlanılan evlənmələr mövcud olur. Yaxşı ictimai nəzarət olarsa, adətlərdən irəli gələrək toy edilən vaxtı bunu bilmək olur, amma təəssüf ki, cəmiyyət buna hələ də biganəlik göstərir”.

Birlik sədri cənub bölgəsində qızların erkən nikaha daha çox cəlb edilməsi haqqında fikirlərin yanlış olduğunu vurğulayıb.

“Qətiyyətlə deyim ki, cənub bölgəsində qızların erkən nikaha cəlb edilməsi fikri düz deyil. Bir rayon üzərində köklənmə problemi digər rayonlar üzrə nəzarətdən qaçırmaq deməkdir. Biz həmişə düşünürdük ki, ancaq cənub bölgəsində erkən nikahlar var. Amma Gəncə, Sabirabad, Saatlı və digər rayonlarda da erkən nikahlar mövcuddur. Bakının kəndlərində kifayət qədər fakt var. Əslində bu gün cənub bölgəsi diqqət mərkəzində olduğu üçün orada nəzarət daha çoxdur. Buna görə də nəzarətin bir rayona verilməsi digər rayonlarda bu problemin artması ilə nəticələnir”.

M.Zeynalova qeyd edib ki, bu gün qız qaçırma adam oğurluğu cinayəti ilə cəzalandırıldığına görə, insanlar ümumiyyətlə bu məsələdən uzaq durmağa çalışırlar.

“Çünki insanlar başa düşür ki, daha ağır cəzalandırılır. Bir çox qadın problemləri ilə məşğul olan hüquq müdafiəçiləri deyirdilər ki, bununla kiminsə ailə qurmasına maneçilik yaradılır. Amma hesab edirəm ki, doğru adımdır. İstənilən halda şəxsin istəyi varsa rəsmi nikaha müraciət edə bilər və evlənə bilər. Bəzi hallarda valideynlər gənclərin evlənməsinə zidd çıxdığı üçün onlar çıxış yolunu qaçmaqda görürlər. Gənclər qoşulub qaçdıqdan sonra isə valideynlər bunu adam oğurluğu və ya məcburi qaçırma kimi qiymətləndirir, gənclərin taleyinə zərbə vururlar”.

Azərbaycanda yeganə qadın sığınacaq evinin onların təşkilatı olduğunu deyən M.Zeynalova qeyd edib ki, bu gün ölkədə qadın sığınacaq evləri yox səviyyəsəsindərir.

“2008-ci ildən fəaliyyət göstəririk. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Gəncədə “Təmas” Regional İctimai Biriliyinin nəzdində belə bir sığınacaq açılıb, amma maliyyə çətinliyi olub. Bizim də maliyyə çətinliyimiz var, 8 aydır heç bir yerdən dəstək almırıq. Sadəcə bizim mövcudluğumuzu təşkil edən müsbət amil oldur ki, ofis özümüzündür, ona görə hələ ki davam edirik. Biz sığınacaqda 15 qadın yerləşdirə bilirik. Hazırda mövcud vəziyyət, məişət zorakılığı halları ilə bağlı regional sığınacaqların dəstəklənməsinə ehtiyac var. Lakin nə mövcud sığınacaqların maliyyələşməsi ilə bağlı hökümət tərəfindən dəstək var, nə də beynəlxalq təşkilatlardan maliyyə almaq imkanı var”.

M.Zeynalova bildirib ki, bu gün qadınlara göstərilən zoraıklıq halları ilə bağlı vəziyyət ürəkaçan deyil. ”Ailə münasibətlərinə müdaxilələr var, bu da ailənin bütövlüyü və davamlığına təhdiddir. Belə hallarda hüquq-mühafizə orderi qanunda nəzərdə tutulsa da, onun tətbiqi demək olar ki, mümkün olmur və bu da zorakılığın yayılmasına təsir edir. Sosial işçilərin bu proseslərdə iştirakı yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net