Yunanlar üçün “Veymar müqaviləsi”...
Tarix: 17-07-2015, 12:30 | Çap et
Yunanlar üçün “Veymar müqaviləsi”...
Yaxud “Avropa demokratiyasının qara günü”

İndi Yunanıstanda normal məntiqini saxlamış hər kəs sual edir: “Bəs iyulun 5-dəki referendum nəyə gərək idi?”

O referendumda yunanların 62 faizə yaxını Avropa sələmçilərinin kredit şərtlərinə “Yox” demişdi. 10 gün sonra - iyulun 15-də isə parlament həmin şərtləri təsdiqlədi.

Parlamentdəki səsverməyə qatılmaqdan imtina edən spiker baş verənləri “Avropa demokratiyasının ən qara günü” adlandırdı.

İstefaya getmiş maliyyə naziri Yanis Varufakis yeni kredit şərtlərini I dünya müharibəsindən uduzub çıxmış Almaniyanın boynuna qoyulan reparasiyalarla (“Veymar müqaviləsi”) müqayisə etdi.

Bu, həmin maliyyə naziridir ki, Avropa Birliyi Yunanıstanla müzakirə edəcəyi sərt iqtisadiyyat tədbirləri paketi ilə bağlı danışıqlarda onun iştirakını arzuolunmaz saymışdı. Çünki bilirdilər - Varufakis güzəştə getmyəcək.

Yaxud maliyyə nazirinin müavini də, İqtisadiyyat Nazirliyinin baş katibi də istefaya getdilər. Hakim SİRİZA-nın daxilində faktik parçalanmadır. Və hətta baş nazir Aleksis Tsipras da parlament üzvləri qarşısındakı çıxışında Avropa Birliyinin şərtlərini “irrasional” adlandırıb. Ancaq ardınca da “ölkə üçün fəlakətdən və bankların kollapsından qaçmaq üçün” parlamenti bu “irrasionallığ”a səs verməyə çağırıb. 10 gün əvvəl xalqı bu təkliflərin əleyinə səs verməyə çağırdığı kimi.

Müzakirələr gecənin yarısına qədər davam edib. Sintaqma meydanına toplaşan 15 min etirazçı ilə polis arasında toqquşmalar olub. Bir çox həmkarlar təşkilatları tətilə başlayıb. Və yekun: 229 deputat Brüsselin ağır tələblərinə “Hə”, cəmisi 64 nəfər isə “Yox” deyib. Paradoksal məntiqin qələbəsi.

Yunanıstanın timsalında siyasət iqtisadiyyata qalib gəldi. A.Tsiprasın radikal sol hökuməti kapitalizmin köpək balıqları qarşısında biabırcasına kapitulyasiya etdi.

Tsipras “Xalqın mandatını almaq üçün referendum keçirməliyik” deyirdi, keçirdilər, xalq “Yox” dedi, parlament isə “Hə” söylədi.

Nümayəndəli demokratiyanın iflasına daha bir nümunə. Demokratik seçimdən dəm vuran Brüssel isə xalqın iradəsinə sərgilədiyi saymazlığı işdə nümayiş etdirdi.

Əlbəttə, bununla Tsipras hökumətinin ölkədə siyasi və maliyyə xaosunun qarşısını ala bildiklərini söyləyənlər olacaq. Ancaq nə vaxtadək? Yaxud son nöqtə bu cür qoyulacaqdısa, 10 gün əvvəl xalqı “Oxi” deməyə çağıran Tsiprası nə dərəcədə realist saymaq olar? Bununla o, özünü qeyri-ciddi fiqura çevirmədimi?

Əsas minus heç bu da deyil. Əsas odur ki, Avropa Birliyinin kredit şərtlərini qəbul edəndən sonra belə Yunanıstanın üfüqi pozadan qalxa biləcəyinə inam illüzordur.

Yunan parlamentinin qərarı hələ bir neçə Avropa dövlətinin parlamentində də ratifikasiya olunmalıdır - buna daha bir ay lazımdır. Yalnız onlar da təsdiqləyəndən sonra (məsələn, fransızlar artıq təsdiqlədi) yaxın 3 ildə Afinaya 86 milyard avro kredit ayrılmalıdır. Buna qədər isə yunanlar iyulun sonunda Avropa Mərkəzi Bankına 2 milyard avro borcu ödəməlidir. Yəni yenə də aldıqlarnı borclara verməlidirlər və ölkə iqtisadiyyatı bu pulları görməyəcək.

Ən əcaibi isə odur ki, hətta Beynəlxalq Valyuta Fondu (BVF) iyulun 15-də yaydığı bəyanatında yeni kreditlərin yunanları xilas etməyəcəyiini açıqlayıb, hətta kredit siyasətindən kənara çəkiləcəyini bildirib.

BVF-nin qənaətinə görə, “Yunanıstan hökumətinin maliyyə yardımı almaq üçün vəd etdiyi islahatlar yetərsizdir”.

Yəni yunan parlamenti xalqın iradəsinə zidd addım ataraq Avropanın bütün şərtlərinə razılaşandan sonra belə ona heç bir persppektiv vəd etməməklə yanaşı permanent olaraq yeni-yeni güzəştlərə məcbur edəcəklər. Güzəşt limitinin qırmızı xətti isə artıq keçilmək üzrədir.

Kreditlərin müqabilində Brüssel Afinada yeni nələri tələb edir? Vergilərin artırılmasını. O cümlədən, əlavə dəyər vergisinin (hətta dərman və kitab ticarətində),orta və kiçik müəssisələrin korporativ, habelə fermerlərin vergilərinin yüksəldilməsini. Maaşların azaldılmasını, təqaüd yaşının 67 yaşa qədər qaldırılmasını və vaxtında əvvəl təqaüdə çıxmağın qadağan edilməsini, yunan adalarının inkişafı üçün güzəştlərin ləğvini.

Əsas şərtlərdən biri isə neoliberalların sevimli fəndi olan total özəlləşdirmə proqramıdır... Elə “Oxi” referendumundan əvvəl də tələblər bu cür idi. Dəyişən bir şey yoxdur.

Yunanları az-çox xilas edə biləcək variantların heç biri nəzərə alınmadı. Yəni borcların bir hissəsinin silinməsi, yaxud bəzi kreditlərin ödəniş vaxtının uzadılması “menyü”yə aid deyil. Bu cəhətdən Varufakisin “Veymar müqaviləsi”ni xatırlatmasını təsadüfi söz oyunu adlandırmamaq lazımdır.

Onu da unutmamalı ki, məhz “Veymar bədnamlığı” sonunda Almaniyada nasizmin təşəkkülü, güclənməsi, sonunda isə tamamilə leqal yolla - demokratik seçkilər vasitəsilə hakimiyyətə yiyələnməsinə yol açdı.

Yunanıstan misalında da bu, təkrarlana bilərmi? Niyə də yox? Parlamentdə neofaşist deputatlar Avropa Birliyinin şərtlərinə qarşı çıxdılar, Sol perspektivin son parlament qərarından sonra bir çox neytralları bu ideyadan uzaqlaşdırıb millətçilərin düşərgəsinə aparacağını da reallıq saymaq lazım gələcək.

Baş verənləri şərh edən məşhur iqtisadçı, Nobel mükafatı laureatı Pol Kruqman özünün “New York Times”dəki köşəsində yazır: “Avropa qrupunun tələblərindən ibarət siyahı - əsl dəlilikdir. Bu, hətta sadəcə qisasçılıq çərçivələrindən də kənara çıxır. Bu, Yunanıstanın milli suverenliyini tam məhv etməkdir, heç bir xilas yolu isə saxlanılmır”.

Beləliklə, Yunanıstan uduzdu. Təkcə ona gör yox ki, referendumdan 10 gün sonra “Yox”u (“Oxi”) “Hə” ilə əvəzlədi, həm də ona görə ki, bu “Hə” qətiyyən xilas yolu deyil...

Məmməd Süleymanov

Virtualaz.org





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net