Saxta dərsliklər dövriyyəyə bu cür daxil olur - REPORTAJ
Tarix: 14-07-2015, 12:16 | Çap et
Saxta dərsliklər dövriyyəyə bu cür daxil olur - REPORTAJ
Bakıda saxta dərsliklərin satışına yenə də rast gəlmək olur. Saxta dərsliklərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) monitorinq keçiriləcəyi xəbəri də yayıldı. Bu bəyanatdan sonra da saxta dərslik nəşrləri və bu kitablardan əldə olunan gəlirlər cəmiyyətin geniş müzakirə mövzusuna çevrilib. Hətta bu kitablar müəlliflik hüququnu pozmaqla yanaşı, insan orqanizmində fəsadlara da gətirib çıxarır. Hazırda pirat mətbəələrin və vəsaitlərin satış bazarına ağalıq etməsi məsələni daha da aktuallaşdırıb.

Mövzuya elə yerindəcə aydınlıq gətirməyə çalışdıq. Bakıda ən çox dərsliklərin satıldığı yerlərdən biri də "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığıdır. Daha böyük bir kitab mağazasına daxil oluruq. Bizi burada Mahmud müəllim qarşılayır. Satış şöbəsinin müdiri Yusifov Mahmud son günlər gündəmdə olan bu məsələ ilə bağlı suallarımızı cavablandırır:


- Nəşrlərdə yeniliklər olacaq?


- Hal-hazırda yeni dərs ili üçün yüksək hazırlıqlar gedir. Çalışırıq ki, bütün dərsliklər ləvazimatlar yerli-yerində olsun. Qabaqdan yeni məktəb sezonu gəlir. Məktəblilərə yeni məhsullar hazırlamağa cəhd edirik. Hələlik nəşrlərdə yenilik yoxdur.

- Qiymət artımı gözlənilirmi?


- Dərsliklərlə bağlı qiymət artımı gözlənilmir. Əksinə mağazamızda müxtəlif məhsullar üzrə endirim kampaniyaları olacaq. Həmin kampaniyaya görə 30 manatdan yuxarı mal alan müştərilərimizə hər bir manata görə 3 qəpik hədiyyə veririk və bu da alıcıları çox razı salır. Müştərilərimiz istəyirlər ki, daha çox məhsul alsınlar və hədiyyə qazansınlar. Çalışacağıq ki, əhalinin iqtisadi gücü qiymət normalarına uyğun olsun. Hər kəs öz uşağına lazımi avadanlıqları ala bilsin.


- Alış-satış prosesi necə gedir?


- Satış prosesi hal-hazırda pis deyil. Mağazamızdakı məhsulların hamısı keyfiyyətlidir. Alıcıların da tələbi bu yöndədir. Biz də hər zaman onlara keyfiyyətli və qiyməti sərfəli məhsullar təqdim etməyə çalışırıq.


- Satışa çıxardığınız məhsulların keyfiyyəti hansı səviyyədədir?


- Satışa çıxardığımız bütün məhsullar brend markalardır. Kitab, dəftər, ofis ləvazimatları və digər məhsulların keyfiyyətinə TQDK nəzarət edir. Bildiyimiz qədəri ilə kopya məktəbli ləvazimatları satan mağazalar daha çox bu məhsulları Çindən gətirirlər. Məhsulları Türkiyədən, Dubaydan, Rusiyadan, Almaniyadan gətiririk. Bakı şəhərinin müxtəlif hissələrində bizim mağazalar şəbəkəmiz var. Mağazamızın saytı da fəaliyyət göstərir. Alıcılarımız istəsə, lazımi məlumatları oradan əldə edə bilərlər.


- Kitab dəftərin əsli ilə kopyası arasında nə qədər qiymət fərqi olur?


- Məktəbli ləvazimatların əsli ilə kopyası arasında nə qədər qiymət fərqi olduğunu deyə bilmərəm. Çünki biz elə məhsulları satışa çıxarmırıq.

Lakin saxta malları satışa çıxaran kifayət qədər məkanlar var. Adının açıqlanmasını istəməyən çap mütəxəssisi Hafta.az-a açıqlamasında pirat nəşrlərin çoxunda keyfiyyət fərqinin o qədər də hiss olunmadığını deyib.
Bu sahələri dərindən bilən etibarlı mənbə bizə nəşriyyatla bağlı bəzi məqamları açdı. Müəyyən səbəblərə görə, həmin şəxsin adını qeyd edə bilmirik:


“Kitabların əksəriyyətini lisenziyası olmayan kiçik mətbəələr çap edir. Həmin mətbəələrdə əsasən daha çox gəlir gətirdiyinə görə dərsliklər çap olunur. Kitabların nəşr olunması Təhsil nəşriyyatına məxsusdur. Əgər orada bir nəfər tanışları varsa, təzə nəşr olunmuş kitabları əldə edir, skaynerdə dizaynerlər tərəfindən işlənilir və yenidən çapa buraxılır”.


Mənbə eyni zamanda, bildirdi ki, orijinallarla kopya məhsulların boyasında, çapında istifadə olunmuş kağızın materialında fərq olur: “Orijinal kitablarda xüsusi işarələr olur ki, bunları da həmin mətbəələr çap edə bilmirlər. Buna baxmayaraq, belə nəşrlərin çoxunda fərq o qədər də hiss olunmur. Türkiyədən, Çindən xüsusi avadanlıqlar gətirirlər və həmin qurğular vasitəsilə çap prosesini həyata keçirirlər”.


Həmin şəxsin dediyinə görə, hal-hazırda pirat mətbəələrin sayı əvvəlki illərə nisbətən daha da çoxalıb:


“Qeyri-qanuni bu mətbəələrin o qədər də xərci çıxmır. Onlar digər mətbəələrdən fərqli olaraq dizaynerə əlavə pul vermirlər. Yalnız kağız və çap prosesi üçün pul ödəyirlər. Beləliklə də xeyli gəlir əldə etmiş olurlar”.

O, həmçinin dövlət strukturlarının reydlərlə bağlı bir sıra məqamlara toxundu:


”İndi reydlərdən yaxa qurtarmağın da öz yolları var. Orijinal kitablarla kopya kitabların keyfiyyətindəki fərq həm də onun çap olunduğu mətbəədən də asılıdır. Elə mətbəələr də var ki, sovet dövründən qalmış texnikadan istifadə etdikləri üçün keyfiyyət fərqi daha asan nəzərə çarpır. Bəzən elə olur ki, kitabların üz qabığını orijinallarda olduğu kimi çap edirlər. Lakin içərisi bərbad vəziyyətdə olur. Bu da təbii ki, gözə zərərlidir, hərflər yaxşı oxunmur. Rənglərdən də yerli-yerində istifadə edə bilmirlər”.


Qeyri-qanuni mətbəələrin bu kitabları necə əldə etməsi məsələsinə müsahibimiz belə aydınlıq gətirdi:


“Günah həmin adamdadır ki, ona etibar olunduğu halda yeni nəşr olunmuş kitabı müəyyən pul müqabilində başqalarına ötürür ki, qısa müddətdə üzünü köçürüb qaytarsınlar”.


Bu məsələ təbii ki, ən çox valideynləri narahat edir. Çünki məktəblilər hələ üzləşdikləri problemin fərqində deyillər. Bir neçə valideynlərdən də kitab-dəftərin qiyməti, keyfiyyəti barədə soruşduq. Onlar da təbii olaraq bu məsələyə münasibət bildirdilər. "Region TV"nin xəbər departamentinin müdiri Aynur Nəsirova Hafta.az-a açıqlamasında dedi ki, o da məktəbə uşaq göndərir və qiymətlərin baha olmasından əziyyət çəkir:




“Hal-hazırda evimizdən bir uşaq məktəbə gedir. Ona kitab-dəftər alanda keyfiyyətli olmasına üstünlük verirəm. Çalışıram ki, rahat və ziyansız məhsullar alım. Keyfiyyətli məhsulun da qiyməti çox bahadır. Orijinalla kopyanı ayırd etmək üçün əsasən kitab dəftərin istehsal olunduğu ölkəyə fikir verirəm”.


Digər bir valideyn "Aztelekom" istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri Aydın Nəsibov bildirir ki, uşaqların məktəb xərcləri yetərincə çoxdur:



“Məktəbə 2 uşaq yollayıram. Ümumilikdə onlara 200 manata qədər pul xərcləyirəm. Heç vaxt kitab-dəftərə verilən pula heyfslənmirəm. Çünki xeyri uşağa qalır. Sadəcə, bu yay tətlində uşağa o qədər kitab-dəftər almışam ki, yazıq uşaq oynamağa vaxt tapmır.


Kitab-dəftər bahadır və ən əsası da dərsliklərdə elə qüsurlar var ki, adam utanır. Bir də görürsən ki, məntiq adıyla uşağın yaşına uyğun olmayan suallar verirlər.


Çalışıram ki, aldığım məhsul da keyfiyyətli olsun. Qələmindən tutmuş çantasına qədər. Aldığım hər şeyin keyfiyyətli olmasına önəm verirəm. Orijinal məhsulla kopyanı seçmək mənim üçün o qədər də çətin deyil. Ən azı kitabların çapından, karandaşların markasından, çantanın tikilişindən kopyalar tez bilinir. Bəzən orijinaldakı adları çapa qüsurlu vururlar, daha tez gözə çarpır. Çünki kitab alanda bəlkə də satıcı mənim əlimdən bezmək həddinə çatır.


Bizim vaxtımızdakı kimi bu sahə ilə professional şirkət məşğul olsa, yaxşı olar. Məsələn, elə nazirliyin mətbəələri dərsliklərə nəzarət etsələr hər şey öz qaydasında olar. Hamı ucuzluğa qaçır. Qınanılası deyil, amma keyfiyyətsiz məhsulların fəsadından qaçmaq olmur”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net