“Bircə onu deyə bilərəm ki, biz bu il parlament partiyası olacağıq”
Tarix: 6-07-2015, 18:05 | Çap et
“Bircə onu deyə bilərəm ki, biz bu il parlament partiyası olacağıq”
AMİP sədri Yusif Bağırzadə ilə seçkiöncəsi vəziyyətlə bağlı Moderator.az-a müsahibə verib:

-Yusif müəllim, noyabr ayında ölkədə parlament seçkiləri keçriləcək. Buna baxmayaraq hələ də seçki ab-havası hiss olunmur. Siz bir partiya rəhbəri olaraq seçkiöncəsi vəziyəti necə dəyərləndirirsiniz?

-Birinci Avropa Oyunları yüksək səviyyədə başa çatdı və Azərbaycan bu oyundan alnıaçıq çıxdı. İndi ölkə noyabr ayında keçriləcək parlament seçkilərinə hazırlaşır. Onu deyə bilərəm ki, bu Avropa oyunlarından sonra Azərbaycana olan diqqət birə on artacaq. Dünyanın diqqəti bura yönələcək. Ona görə də Azərbaycan hakimiyyəti bunu nəzərə alıb parlament seçkilərinə ciddi hazırlaşmalı və seçkilərin maksimum demokratik keçirilməsi üçün lazımi şəraiti yaratmalıdır.

-Bunun üçün hakimiyyət hansı addımları atmalıdır ki?

-Təxirəsalınamdan bütün sahələrdə siyasi, iqtisadi, hüquqi və ölkə Konstitutsiyasında islahatlara başlamalıdır. Bildiyiniz kimi Avropa Oyunları ərəfəsində Azərbaycan cəmiyyətində ciddi rezonansa səsəb olan bir sıra hadisələr baş verdi. Birincisi, manat devalvasiyaya uğraması, ikinsisi, Bakıda binanın yanması, üçüncüsü isə Beynəlxalq Bank ətrafında yarana məsələ və kredit problemi məsələsi kifayət qədər cəmiyyəti silkələdi. Bütün bunlar və digər amillər ölkədə ciddi islahatların həyata keçirilməsini zəruri edir. Çünki son dövrlərdə bir sıra beynəlxalq təşkilatlar da Azərbaycanla bağlı bəzi sənədlər qəbul edib. Azərbaycan iqtidarı beynəlxalq qurumlarla münasibətlərini gərginləşdirmək yolundan əl çəkib, onları zərərsizləşdirmək yolunu tutaraq, ölkədə qanunun aliliyi istiqamətində ciddi addımlar atmalı və islahatları reallaşdırmalıdır. Əks təqdirdə münasibətlər daha da kəskinləşə bilər və bu da milli maraqlara cavab vermir.

- Sizin bu məsələdə hansısa təklifiniz varmı?

-İlk olaraq siyasi məhbus hesab edilən şəxslərin işinə ya yenidən baxılmalı və yaxud da əfv edilməlidirlər. Hökumətdə də bu məsələ ilə bağlı İşçi qrup yaradılıb və o iş aparılır. Sadəcə proses sürətləndirilməlidir.
İkinci ən vacib məsələ Konstitutsiya islahatına gedilməsidir. Bildiyiniz kimi, Konstitutsiya islahatı sonuncu dəfə 2002-ci ildə həyata keçirilib və bu keçən müddətdə ciddi dəyişiklik baş verib, ölkədə sürətli inkişaf prosesləri gedib və bu amillər konstitusiya islahatlarını zəruri edir.

-Konstitusiya islahatı elə də asan deyil. Şəxsən siz islahat aparılarsa, hansı dəyişiklikləri təklif edərdiniz?

-İlk olaraq parlamentdə deputatların sayının artırılmasını. Ona görə ki, bizim bəzi qonşu ölkələrimizdə əhalinin sayı bizdən qat-qat az olsa da parlamentdəki deputataların sayı xeyli çoxdu. Heç olmasa bu say 150-yə qaldırılmalıdır.
İkincisi, proporsional seçki sistemi bərpa olunmalıdır. Əgər hakimiyyət ölkədə siyasi institutların güclənməsi və inkişaf etdirilməsində maraqlıdırsa, o zaman mütləq proporsional seçki sistemi bərpa olunmalıdır. Çünki ölkədə siyasi institutların zəif olması gələcəkdə radikal qüvvələrin ortaya çıxmasına şərait yarada bilər və bu da dövlətçilik üçün böyük təhlükə olar. O baxımdan ölkədə mojaritar seçki sistemi ilə yanaşı proporsional seçki sistemi bərpa olunmalıdır. Onu da təklif edirəm ki, referendum parlament seçkiləri ilə eyni gündə keçirilə bilər.
Bundan əlavə olaraq hüquqi sahədə, xüsusən də Cinayət Məcəlləsinə baxış fəlsəfəsində dəyişiklik edilməlidir. Burada cinayəti törədən şəxsin mütləq həbs olunmasına deyil, onların maddi girov məsələsinə üstünlük verməlidirlər. Yəni insan cinayətə uyğun olaraq cərimə ödəyib cəzadan azad olunmalıdır. Həbs cəzası son hədd olmalıdır.
Digər təklif kimi iqtisadi və siyasi ombudsmanın yaradılması ola bilər. İqtisadi sahədəki problemlərin həlli və inkiaşfı, biznes mühititnin daha da normallaşdırılması məqsədi ilə biznes ombudsmanının, siyasi institutların fəaliyyətini tənzimləmək üçünsə siyasi ombudsman institutunun yaradılmasına zərurət var. Belə bir pratktika dünyanın müxtəlif ölkələrində var və bu praktikadan istifadə edib yararlanmaq olar.
Ölkədə ictimai nəzarəti həyata keçirmək üçün dövlət başçısının yanında İctimai Palatanın yaradılması da müsbət addım olar və biz belə bir qurumun yaradılmasını təklif edirik. Çünki ölkə başçısı da öz çıxışlarının birində ictimai nəzarətin gücləndirilməsi təklifi ilə çıxış edib. Bu quruma hökumət nümayəndələri ilə yanaşı millət vəkilləri, ictimaiyyətin nümayəndələri, ziyalılar, mütəxəssislər və digər şəxslər daxil edilməlidir.

-Necə düşünürsünüz, maliyyə - bank sektorunda islahatlar necə aparılmalıdır?

-Ölkəyə investisiyanaın cəlb olunması, kiçik və orta biznesin inkiaşfı üçün maliyyə amnistiyasına ehtiyac var. Düzdür, vergilər naziri bu məsələ ilə bağlı bir neçə dəfə fikir söyləyib, ancaq ortada hələ ki, konkret nəticə yoxdu.
Digər vacib məsələ kredit problemidir ki, cəmiyyətdə ciddi narahatçılıq yaradıb. Hökumət bu məsələyə baxıb müvafiq qərar verməlidir. Kredit faiz dərəcələri endirilməlidir. Mövcud kredit faiz dərəcələri həddən artıq yüksəkdir və bununla hər hansı işi görmək elə də asan məsələ deyil. Yəni bu faiz dərəcələri ölkədə normal biznes fəaliyyətini tormozlayır. Bundan əlavə olaraq aztəminatlı təbəqənin mini kreditlərinin bağışlanılmasına baxılmalıdır.

-Növbəti sual ölkənin xarici siyasəti ilə bağlıdır. Bildiyiniz kimi geosiyasi proseslər getdikcə daha da mürəkkəbləşir və Azərbaycanın manevr imkanları məhdudlaşır. Belə bir məqamda Azərbaycan öz xarici siyasətin krusunu necə dəyərələnidirisiniz və Sizin necə düşünürsünüz. Azərbaycan hansı yolu tutmalıdır?
-İndiki məqamda bizim Rusiyaya bu qədər meyllənməyimiz çox təhlükəsli tendensiyadı. Bu çox riskli məsələdi. Əgər kimsə fikirləşirsə ki, Rusiya yaxınlaşmaqla biz əsas problemimiz olan Dağlıq Qarabağ problemini həll edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik. Bu yanlış fikirdir.
Rusiaya heç zaman Ermənistana qarşı olan 200 illik münasibətini dəyişməyəcək, nədə ki, torpaqların azad olmasına yardım etməyəcək. Bu çox təhlükəli oyundu. Azərbaycan Avrasiya İttifaqına qəbul olsa belə Qarabağ məsələsi öz müsbət həllini tapmayacaq. Bu məsələdə Rusiyanın mövqeyində dəyişikliyin olacağına inanmıram və bu sadəcə sadəlöhvlük olardı.
Əksinə hesab edirəm ki, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmalı və bu prosesi sürətləndirməlidir. Ona görə də Avropa İttifaqının Şərq tərəfdaşlığı proqraməndakı fəaliyyətini aktivləşdirməlidir.
Bununla belə Azərbaycan əvvəlki kimi ABŞ, Avropa və Rusiya ilə balanslı siyasətini davam etdirməlidir. Xüsusən də ABŞ-la münasibətlərindəki mövcud gərginliyin aradana qaldırlması istiqamətidnə səylərini artırmalıdır.

-AMİP partiya olaraq parlament seçkilərinə hazırlaşırmı?

-İlk olaraq onu demək istərdim ki, biz çalışıb hakimiyyətlə siyasi partiyaların növbəti dördüncü dialoqunun tez bir zamanda keçirilməsinə nail olmalıyıq və burada da əsas məsələ kimi seçkiöncəsi vəziyyət, partiyaların seçkilərdə iştirakı məsələsi, demokratik vəziyyətin yaradılması və sair bu kimi məsələlər müzakirə edilib aydınlıq gətirilməlidir. Əks təqdirdə demokratik və şəffəf seçkiöncəsi vəziyyət yaradılmadan parlament seçkilərində iştirakın mənası yoxdur.

-Demək istəyirsiniz ki, AMİP seçkilərdə iştirak emtəyə və ya boykot edə bilər?

-Yox. Biz AMİP olaraq hər zaman seçkilərdə iştirak etmişik və edəcəyik. Biz keçən parlament seçkilərində hakim partiyadan sonra ən çox namizədlə çıxış edən siyasi təşkilat olmuşuq. Bu seçkilərə də qatılacağıq.

-Hansısa seçki bloku ilə birgə, yoxsa təkbaşına?

-Seçkiyə AMİP olaraq təkbaşına qatılacağıq. Ancaq qapılarımız istənilən siyasi təşkilatın üzünə açıqdır. AMİP-in hər hansı blokda iştirakı da istisna deyil.

-Seçkidə iştirak edəcək namizədlər müəyyənləşibmi?

-Partiyada daimi fəaliyyət göstərən seçki qərargahı var və bu qərargah hazırda dairələr üzrə monitorinq aparır. Biz bu dəfə seçkidə sayla deyil, daha çox şanslı namizədlərlə getmək istəyirik. Bu dəfə daha çox kəmiyyətə deyil, şanslılara və keyfiyyətə, effektivliyə üstünlük verəcəyik. Yəni gücümüzü güclü namizədin qələbəsinə sərf edib uğur əldə etmək istəyirik. Daha qüvvələrimizin parçalanmasına yox. Biz bu yolla daha effektli seçki kampaniyasını qurmağı planlayırıq. Seçkidə isə daha çox gənclərə və qadın namizədələrə üstünlük verəcəyik.

-Bloklarda da iştirakınızı istisna etmədiniz. Əgər sirr deyilsə hansı siyasi qüvvə ilə əməkdaşlıq etmək niyyətindəsiniz? Bu bloka qoşulmaq formasında olacaq, yoxsa ikitərəfli əməkdaşlıq formatında?

-Biz daha çox ikitərfəli əməkdaşlığa üstünlük verəcəyik. Bu həm seçkilərə qatılan bloklarla ola bilər, həm də ayrı-ayrı partiyalarla. O baxımdan biz həm seçki blokları, həm də siyasi partiyalarla ikitərəfli əməkdaşlıq protokolu imzalamaq niyyətindəyik. Bu niyyət protokoluna əsasən namizədlərin qarşılıqlı dəstəklənməsi məsələsi əksini tapacaq. Hansı dairədə AMİP namizədi güclüdürsə o dəstəklənəcək, harada digər qüvvənin namizədi şanslıdırsa AMİP onu dəstəkləyəcək. Biz bunu təklif edirik. Hansı siyasi qüvvə belə bir əməkdaşlıq formatı ilə razı olacaqsa biz onunla əməkdaşlıq etməyə hazırıq. Sonda bircə onu deyə bilərəm ki, biz bu il parlament partiyası olacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net