"Marko Rubio nə qədər ermənipərəst də olsa..."
Tarix: Bu gün, 16:00 | Çap et

ABŞ-nin yeni dövlət katibi Marko Rubio olacaq.

Onun 21 yanvarda vəzifəsinin icrasına başlaması gözlənilir. Lakin onun ermənipərəst mövqeyi də diqqət çəkir.

Belə ki, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda xüsusi əməliyyat keçirməsindən sonra erməni diasporu və erməni lobbisi ilə sıx əlaqələri olan Marko Rubio ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

O, daha əvvəl isə Respublikaçı senator Aleks Padilla ilə birlikdə “Laçın dəhlizinin blokadada” olduğunu iddia edərək Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və ölkəmizə hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdi.

Bütün bunların fonunda isə Amerika Erməni Milli Komitəsi (ANCA) Rubioya Senatda dəstəkləyib. Hətta ondan “ermənilərin Qarabağa qayıtması” və Azərbaycana qarşı sanksiyaların tətbiqi kimi məsələlərdə addım atmasını istəyirlər.

Maraqlıdır, ABŞ-nin yeni dövlət katibinin Marko Rubio olması Azərbaycanla münasibətlərə necə təsir göstərəcək?

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ABŞ-nin rəhbər şəxsləri müəyyən siyasi xətt tuta bilərlər, amma dövlətin siyasətini radikal şəkildə dəyişməyə nail ola bilməzlər:

“Marko Rubio nə qədər ermənipərəst də olsa, öz siyasətini ABŞ-nin siyasətinə çevirə bilməz. ABŞ-nin özünün xarici kursu olacaq.

O da dövlətin xarici siyasət kursundan kənara çıxa bilməyəcək.
Sadəcə, ölkəmiz əleyhinə hansısa açıqlamaları ilə yadda qalması mümkündür.

Birmənalı şəkildə deyirəm ki, Marko Rubio dövlət katibi olduqdan sonra əvvəlki kimi Ermənistanı dəstəkləyə bilməyəcək.

O, neytrallığını mütləq şəkildə qorumalıdır. Hətta onun dövlət katibi olduqdan sonra Ermənistana birbaşa dəstək bəyanatları vermə bilməyəcəyini düşünürəm.

Ola bilsin ki, Marko Rubio əvvəl erməni lobbisi ilə onlarla dostluq etdiyi və maliyyə yardımı aldığı üçün təsirlərinə düşüb”.

Millət vəkili vurğulayıb ki, Marko Rubio dövlət katibi olduqdan sonra ermənilərlə bağlı əvvəlki kimi fikirlərini sərbəst şəkildə dilə gətirə bilməz:

“Bu səbəbdən Rubio Azərbaycanla balanslı siyasət yürütməyə məcbur qalacaq. ABŞ Bakı ilə İrəvan arasında barışdırıcı missiya yerinə yetirmək istəyirsə, ermənipərəst fikirlərdən uzaq olmalıdır.

Ümumiyyətlə, Marko Rubio əvvəlki ritorikasını davam etdirsə, Azərbaycan onu bloklayacaq. Hətta belə olan halda rəsmi Bakı onunla hər hansısa danışıqlar belə aparmayacaq.

Bu isə Azərbaycan-ABŞ münasibətlərinə böyük zərbə olar. Təbii ki, rəsmi Vaşinqton və Bakı bunu istəmir. Yəni bu, Marko Rubiodan asılı məsələ deyil”.

Partiya sədri qeyd edib ki, ermənilər ABŞ-də özlərinə yaxın adamlar haqqında hər zaman müsbət fikirlər səsləndirirlər:

“Hətta Amerika Erməni Milli Komitəsi (ANCA) və erməni lobbisi onları öz tərəfinə çəkmək istəyir. Əslində, seçki zamanı çox vədlər verilə bilər, amma vəzifəyə gələn şəxslər siyasətlərinin dövlətin siyasəti ilə uyğun olmadığını gördükdə müəyyən korrektələr edirlər.

Rubionun ermənipərəst olması yaxşı hal deyil, amma bizim üçün də ciddi problem yaratmaq iqtidarında olmayacaq”.

Razi Nurullayev bildirib ki, ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması onların bundan sonra İrəvanla yaxın əməkdaşlıq edəcəyini göstərir:

“Artıq bu Azərbaycan üçün də həyəcan siqnalıdır. Bundan sonrakı mərhələlərdə Bakı ilə Vaşinqton arasında münasibətlərdə fərqlilik görə bilərik.

Ən azından ABŞ artıq Azərbaycanla Ermənistan arasında danışıqların aparılmasında platforma rolunu oynamaqdan kənarda qalacaq”.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net