“Türkiyə Suriya məsələsində İranla üz–üzə gələ bilər” – Fazil Mustafa
Tarix: 3-07-2015, 15:45 | Çap et
“Türkiyə Suriya məsələsində İranla üz–üzə gələ bilər” – Fazil Mustafa
Türkiyədə son günlər siyasi durum olduqca gərgindir. Artıq qardaş ölkənin Suriya ilə sərhəddində baş verənlər ölkənin parlament gündəmini də kölgədə qoydu. Digər bir tərəfdən Türkiyə təklif gələrsə, Yunanıstana kredit verəcəyini də açıqladı. PKK, İŞİD problemlərinin üstünə bu həftə İsrail MOSSAD-ı da əlavə olundu. 3000 MOSSAD təyinatlısı qardaş ölkənin sərhədlərinə yeridildi. Üst–üstə problemlərin nə ilə nəticələnəcəyi hər kəsdə böyük suallar yaratmaqdadır.

Millət vəkili Fazil Mustafa ilə məsələni müzakirə etdik. Fazil Mustafanın Hafta.az-a verdiyi müsahibəni təqdim edirik:

- Türkiyənin cənub–şərq sərhədlərində gərginlik pik həddə çatıb. PKK–nı müdafiə üçün İsrail tərəfi xüsusi təyinatlılarını göndəriblər. Türkiyə bunun üçün hansı tədbirləri görəcək?

- Hazırda Türkiyə sərhəddində narahatlıq yaradan məqamlar var. Bu narahatlığa səbəb xüsusilə İŞİD və PKK terror təşkilatlarıdır. Onlar sərhəddə xaos yaratmağa çalışırlar. Bunun üçün də Türkiyənin öz sərhədlərini qoruması üçün müəyyən işlər görməlidirlər. Bu vacibdir. Yəqin ki, bu addımların içərisində Suriya ilə sərhəddə aralıq dövləti yaratmaq üçün Qərb ölkələri ilə müəyyən danışıqlar aparılacaq. Bu baxımından Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhəddini də keçməsi gündəmdə saxlanılır. Hər halda çox təhlükəli vəziyyət yaranıb. Bu gün İranla da ciddi bir qarşıdurmadan söhbət gedə bilər. Çünki Suriyada Əsəd rejimini qoruyan əsas qüvvə İran milisləridir. Artıq ordu deyilən bir anlayış yoxdur. Bu gərginlik çox güman ki, yaxın həftələrdə daha da ciddi vəziyyət alacaq. Çünki hələlik yaxşılığa doğru dəyişən hər hansı bir əlamət görünmür.

- PKK–Türkiyə münasibətləri bundan sonra hansı istiqamətdə işkişaf edəcək? Bu gərginlik məsələnin həllinə təsir edə bilərmi?

- “Çözüm sürəci” deyilən bir şey yoxdur. Bu əslində Türkiyə hökumətinin populist çıxışlarından başqa bir şey deyil. Ciddi proses getmir. Bu proseslə Türkiyənin cənub–şərqi tamamilə kürdlərə təslim edilib. Burada Amerikanın PKK-nı məqsədyönlü şəkildə gücləndirməsindən söhbət gedə bilər. Bu da Türkiyə üçün ənənəvi təhlükəli vəziyyətlərin davamına gətirib çıxaracaq.

- Bütün bu gərgin durumların ortasında Türkiyə tərəfi təklif gələrsə, Yunanıstana iqtisadi yardım edəcəyini açıqladı. Türkiyə bu təklifi kimdən gözləyir? Ölkənin özünün iqtisadi vəziyyəti də o qədər yaxşı deyil? Bu açıqlamanın pərdəarxasında nə dayanır?

- Bu bir siyasi jestdir. Türkiyə Yunanıstan bazarına daxil olmaq istəyir. Qardaş ölkənin yunan bazarında müəyyən imtiyazlarla işlər görməsi üçün fürsət yaranıb. Bu bötövlükdə siyasi bir mesajdır. Çünki Türkiyənin özünün də kifayət qədər iqtisadi problemləri var. Yunanıstana hansı formada dəstək verilə bilər? Qardaş ölkənin özünün xarici borcu 400 milyard dollara qədər yüksəlib. Onların hansı durumda Yunanıstana dəstək verəcəyi mənim üçün aydın deyil.

- Türkiyədə uzun prosesdən sonra Millət Məclisi özünün spikerini seçdi. Ölkənin üçüncü şəxsinin kimliyi məlum oldu. Bu seçim Ankaranın Bakı ilə münasibətlərinə hər hansı bir yenilik gətirə bilərmi?

- Azərbaycanla siyasət həmşəki kimi normal şəkildə davam etdiriləcək. Çünki AKP siyasətinin davamı olacaq. Həmçinin qeyd edim ki, məclis başqanı orada siyasət müəyyənləşdirən fiqur deyil. Türkiyədə HDP-dən başqa kim gələrsə, bizimlə münasibətləri normal olacaq. HDP ermənilərin mövqeyini dəstəklədiyi üçün bizimlə anlaşılmayan xeyli məqamlar ortaya çıxa bilər. Ona görə də HDP-dən başqa digər siyasi qurumla heç bir problemimiz olmayacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net