Azərbaycanda rekord miqdarda taxıl istehsal olunub
Tarix: 1-07-2015, 12:13 | Çap et
Azərbaycanda rekord miqdarda taxıl istehsal olunub
Builki əlverişli iqlim şəraiti nəticəsində Azərbaycanda rekord miqdarda taxıl məhsulu əldə edilib.

Kənd Təsərrüfatı Nazirliyi Salyan ərazi kənd təsərrüfatı idarəsindən virtualaz.org saytının Şirvan bürosuna verilən məlumata görə, bu il Sabirabad, Saatlı, Biləsuvar, Salyan, Neftçala və Hacıqabul rayonlarında birlikdə 416,806 min ton taxıl yığılıb. Taxıl biçini hələ də davam edir.

Amma ötən il cəmi 384,867 min ton taxıl istehsal olunmuşdu. Taxılın məhsuldarlığında da rekord artım müşahidə olunur. Əgər ötən il taxılın hər hektardan məhsuldarlığı 26,4 sentner idisə, bu il 31 sentnerə çatıb.

Məhsul bolluğu taxılın qiymətinə də öz təsirini göstərib. Ötən il arpanın 1 kq-ı 25 qəpiyə, buğda 30 qəpiyə satıldığı halda bu il arpanın bir kq-nın qiyməti 15 qəpiyə düşüb. Buğda isə 20 qəpiyə satılır.

İdarədən builki taxıl bolluğunu əlverişli iqlim şəraiti ilə yanaşı yığım zamanı yeni alınmış kombaynlar hesabına itkinin minimuma endirilməsi ilə də izah edirlər. Belə ki, ötən il xaricdən ölkəmizə 471 ədəd Almaniyanın “CLASS”, Hollandiyanın “Nyu Holland” və “SAMPO” taxılyığan kombaynları gətirilib. Əgər sovet dövründən qalma kombaynlarla yığım zamanı 15-20 faiz məhsul itkiyə gedirdisə, bu ən müasir kombaynların itki əmsalı 2-5 faizdir.

İdarədən məhsuldarlığın artımının digər bir səbəbini isə taxılçılara güzəştli şərtlərlə gübrələrin verilməsi və hər hektar əkinə görə yanacaq üçün verilən güzəştin 40 manatdan 50 manata qaldırılması ilə də izah etdilər.

Qeyd edək ki, bu artım bu ildən ölkə prezidentinin sərəncamı ilə təkrar əkinlərə də şamil ediləcək. Belə ki, taxılı sahədən yığan əkinçi onun yerinə vegetasiya müddəti qısa olan qarğıdalı, soya, günəbaxan və s. əkməklə il ərzində eyni sahədən iki dəfə məhsul götürəcək. Bununla da həm əlavə gəlir əldə edəcək, həm də torpağını münbitləşdirəcək. Üstəlik yanacaq üçün də hər hektara daha 50 manat güzəşt alacaq.

Qeyd edək ki, prezidentin sərəncamı ilə 2015-ci il kənd təsərrüfatı ili elan olunub. Hədəf isə əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını öz istehsalımız hesabına ödənilməsi, üstəlik xarici bazarlara da məhsul çıxarılmasıdır.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net