Tikinti bazarında durğunluqdur... - "Dərnəgül bazarı"ndan REPORTAJ
Tarix: 16-06-2015, 16:40 |
Çap et
Manatın devalvasiyasından sonra tikinti bazarında yaranan durğunluq davam edir. Məlum olduğu kimi, devalvasiyadan sonra tikinti materiallarının qiymətində bahalaşma qaçılmaz oldu. Demək olar ki, əksər materialların qiyməti 30 faiz artdı. Hazırda qiymətlərdə heç bir artım olmasa da, bazardakı durğunluq satıcıları narahat edir.
Tikinti bazarında hazırki durumu öyrənmək üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan "Dərnəgül bazarı"na baş çəkdik.
Bazarın girişində, yol kənarlarında onlarla fəhlə kölgəliyə çəkilərək, müştərilərin yolunu gözləyirdilər. Bazara gələn hər müştəri satıcılardan çox, onların sevincinə səbəb olurdu. Çünki, əsas işləri alınan malları yük maşınına yükləmək olduğundan bazarda alverin necə getməsi onların da gündəlik qazancına təsir edir.
İndi həm yük maşınlarının sürücüləri, həm də bazarda dayanan 50-dən çox fəhlə durumdan narazıdır. Sürücülər deyirlər ki, əvvəllər 3-4 müştəri yola salırmışlar. Lakin indi bir nəfər olanda şükr edirlər.
Fəhlələr isə deyirlər ki, bir maşın yükün yığılması müqabilində 7-8 manat alırlar. Gün ərzində ən azı 20-25 manat qazanmaq üçün 3 maşın yükləmək lazımdır. Ancaq indi gün ərzində heç bir maşın belə, olmur. Bu səbəbdən də gün ərzində gözləsələr də, evə cibi boş dönməli olurlar.
Bazarda alıcılığın necə olması ilə bağlı satıcılarla da söhbət etdik. Onların sözlərindən məlum oldu ki, son zamanlar alıcılıq yox səviyyəsindədir. Bazara demək olar ki, alıcı gəlmir. Tikinti materialları bahalaşdığından hamı gözləmə mövqeyindədir.
Ənvər adlı satıcı deyir ki, devalvasiyadan əvvəl alıcılıq yaxşı idi: "Lakin indi insanlarda pul yoxdur, bazara gəlib, qiymətlərlə maraqlanıb, gedirlər. Demək olar ki, hər yerdə fərdi tikintilər dayanıb. Ümid edirlər ki, nə zamansa ucuzlaşma olacaq. Ancaq biz bunu gözləmirik. Çünki, dollar baha olduqca ucuzlaşma mümkün deyil".
Satıcılar deyirlər ki, alıcılığın az olmasını nəzərə alaraq, malları mümkün qədər ucuz təklif etməyə çalışırlar. Bu səbəbdən də son 3 ayda qiymət artımı olmayıb. Sonuncu dəfə devalvasiya zamanı taxta məmulatları, xaricdən gətirilən boyalar, Türkiyə istehsalı olan borular, santexnika avadanlıqları 25-30 faiz bahalaşmışdı.
Yerli istehsal olan "Qaradağ" sementləri, daş, qum, kərpic və sairin qiymətlərində isə ümumiyyətlə, artım olmayıb. Hazırda "Güzdək" daş karxanasından gətirilən daşın bir ədədi 40-45 qəpik, kərpicin qiyməti isə 18 qəpikdir.
Taxta məmulatlarının bir kubunun qiyməti keyfiyyətindən asılı olaraq, 220-250 manat arasında dəyişir. Əsasən Rusiyadan gətirilən taxta məmulatları sonuncu dəfə devalvasiya zamanı 25-30 manat bahalaşmışdı.
Satıcılar deyirlər ki, ən çox qiymət artımı Türkiyədən gətirilən plastik borularda müşahidə olunur. "Dərnəgül bazarı"na xarici firmalardan gətirlən məhsulların qiyməti artdığından satıcılar da qiyməti qaldırmağa məcbur olurlar.
Xaricdən gətirlən kafel-metlaxın bir kvadratının qiyməti 18-25 manat arasında dəyişir, bu isə yerli istehsal olan məhsullardan iki dəfə bahadır. Yerli kafel-metlaxın bir kvadratmetrinin qiyməti hazırda 9-10 manatdır, lakin satıclar keyfiyyət baımından, xarici məhsulları üstün hesab edirlər.
Yerli istehsal olan məhsullardan yalnız boyaların qiymətində artım müşahidə olunur. Bunun səbəbi isə həmin məhsulların xammalının xaricdən gətirilməsidir. Dolların bahalaşması səbəbindən xammalın maya dəyəri artdığından bu, boyaların qiymətinə də təsir edir.
Bazarda müşahidə apardığımız müddət ərzində demək olar ki, alıcı aktivliyinə rast gəlmədik. Satıcılar deyirlər ki, bunun bir səbəbi də Avropa Oyunları ilə bağlı görülən tədbirlər çərçivəsində yük maşınlarının şəhərdə hərəkətinin məhdulaşdırılmasıdır.
Məhz bu səbəbdən də əksər alıcılar Avropa Oyunlarının yekunlaşmasını gözləyirlər. Bundan əlavə, bəzi marşrut avtobuslarının istiqamətinin dəyişdirilməsi, "Dərnəgül bazarı" yaxınlığından keçən marşrut xətlərinin ləğv edilməsi də buraya üz tutan müştərilərin azalmasına səbəb olub.
Bazarda gözə dəyən tək-tük alıcılarla da söhbətləşdik. Onlar dollar bahalaşdıqdan sonra baş verən qiymət artımından narazılıqlarını gizlətmədilər.
Seymur adlı alıcı bildirdi ki, özü üçün tikdiyi həyət evinin tikintisini 3 aydır, dayandırmalı olub: "Qiymətlərdə çox fərq var. Digər tərəfdən də insanların qazancı azalıb. Pul azalıb, qiymətlər artıb. Ona görə də istədiyimiz məhsulu ala bilmirik. Mən 3 aydır ki, işi dayandırmışam. Gözləyirəm ki, münasib bir zaman gəlsin. Təsəvvür edin ki, paytaxtın ən ucuz bazarında qiymət bu qədər artıb, şəhərin mərkəzindəki bazarlarda qiymətlər bundan iki dəfə bahadır".