Hazırda Türkiyə-Rusiya müttəfiqliyindən danışmaq tezdir
Tarix: 6-06-2015, 07:44 |
Çap et
Türkiyənin Avrasiya İqtisadi Birliyinə inteqrasiyası məsələsi yenidən gündəmə gətirilib. Rusiyanın tanınmış siyasi eksperti Roman Vlasov bu günlərdə İstanbul şəhərində keçirilən beynəlxalq konfransda bildirib ki, Ankaranın gələcəkdə bu birliyə qoşulması qaçılmazdır.
R.Vlasov Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatındakı ağırlığını möhkəmləndirməsinin vacibliyini də diqqətə çatdırıb. Onun fikrincə, bu, Türkiyə və Rusiyaya qarşı həyata keçirilən geosiyasi müharibədə əsas rol oynayır.
Milli Məclisin deputatı Sahib Alıyev SalamNews-a açıqlamasında, bu istiqamətdə söylənilən fikirlərin fərziyyə olduğunu söyləyb: "Düzdür, Ankara həm Avrasiya Birliyinə, həm də Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir. Ancaq unutmaq olmaz ki, Türkiyə bir NATO dövlətidir və AB ilə gömrük anlaşması var."
Onun sözlərinə görə, Türkiyə ilə AB arasındakı ticarət dövriyyəsi Rusiya ilə olduğundan təxminən 5 dəfə çoxdur: "Tarixi və digər amilləri nəzərə alsaq, hazırda Türkiyə-Rusiya müttəfiqliyindən danışmaq tezdir. Amma hər iki ölkə sıx əməkdaşlığa can atır, eyni zamanda Ankara NATO-dakı müttəfiqlərinin Rusiya ilə bağlı bir sıra planlarını bölüşmür və Moskva ilə münasibətlərdə müstəqil siyasət yeritməyə can atır."
Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Bakıda gözlənilən görüşləri hazırda diqqət mərkəzindədir. Beynəlxalq təhlilçilər bunu müxtəlif aspektlərdən şərh edirlər.
Sahib Alıyevin bu məsələyə münasibəti isə belə oldu ki, onların Bakı səfərləri danışıqlar aparmaq üçün deyil, Avropa oyunlarına qatılmaq, bununla da Azərbaycana dostluq duyğularını göstərməkdir: "Bununla belə, ABŞ-la AB arasında bağlanması gözlənilən Transatlantik anlaşma rəsmi Ankaranı narahat edir. Bu maraqlar nəzərə alınmasa, AB ilə Gömrük İttifaqından çıxacağı ilə hədələyir. Görünür, Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulacağını proqnozlaşdıranlar bu faktoru da nəzərə alırlar. Ancaq fikrimcə, Türkiyə bu hədəni AB ilə Gömrük İttifaqından çıxmaq üçün yox, maraqlarının nəzərə alınması üçün edir. Nəzərə alsaq ki, texnologiya kimin əlindədir, Türkiyəyə hər iki müstəvidə oynamaq sərf edir. Bütün ziddiyyətlər Moskva Ankara Bakı üçlüyü haqda gedən söz-söhbətlər də elə bundan qaynaqlanır. Azərbaycan da, Türkiyə də həm Qərblə, həm də Rusiya ilə əməkdaşlığın genişləndirilməsində eyni dərəcədə maraqlıdırlar. Bunu hər iki dövlətin milli marağı tələb edir."