Azərbaycan sərhədini Türkiyə ilə birgə qoruyacaq? - RƏYLƏR
Tarix: 9-08-2021, 14:10 | Çap et

Rusiya həbçilərinin Qazaxın işğalda olan Əskipara kəndinə gəlməsi ilə bağlı Ermənistan tərəfi təsdiqləyici açıqlama yayıb.

Qeyd edək ki, bu məlumat Ermənistan tərəfinə aiddir, Rusiya tərəfindən rəsmi təsdiqlənməyib. Ekspertlər hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesi yekunlaşmadığından, Rusiyanın bu ərazilərə hərbçi göndərməsi ciddi narazılıq yarada bilər. Rusiya öz hərbçilərini hələ ki, sərhədin delimitasiya və demarkasiya olunmuş hissələrinə göndərmir. Rusiya sərhədçiləri Tovuz istiqamətində görünməyə başlayıb. Ermənistan tərəfinin yaydığı bu məlumatdan sonra belə bir sual ortaya çıxır: Azərbaycan niyə eyni işi Türkiyə ilə görməməlidir? Türkiyə ilə Azərbaycan sərhədin qorunmasında birgə hərəkət edə bilərmi?

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan bununla bağlı Rusiyaya müraciət edib:

“Bundan başqa, Ermənistanın Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibini sərhəd məsələsini müzakirə etmək üçün İrəvana dəvət etdi. Nəzərə alsaq ki, hələ də Ermənistan sərhəd məsələsində problem yaradır, beynəlxalq müstəvidə Azərbaycanın tanınan sərhədlərini qəbul etmir, Rusiya da bunu diqqətə alacaq. Digər tərəfdən, Rusiya əsgəri bizim sərhəddə də olsa, Azərbaycan öz torpaqlarını qorumaq gücündədir. Hesab edirəm ki, narahat olmağa ehtiyac yoxdur. Azərbaycan bu prosesin üstünə getməlidir. Türkiyə hərbçilərinin burada olması vacib şərtdir. Amma sərhəddə Türkiyə hərbçilərinin olmasına ehtiyac yoxdur. Çünki Azərbaycan öz sərhədlərini qoruya bilir”.

Politoloq Oqtay Qasımov isə bildirib ki, Rusiya Azərbaycanın razılığı olmadan mübahisəli əraziyə girməz:
Azərbaycan sərhədini Türkiyə ilə birgə qoruyacaq? - RƏYLƏR
“Rusiya həbçilərinin Ermənistan-Azərbaycan sərhədində, Qazaxın Əskipara kəndində yerləşdirilməsi ilə bağlı Ermənistan tərəfi informasiya yaydı. Amma bununla bağlı Rusiya tərəfinin verdiyi açıqlama yalnız razılaşdırılmış ərazilərdə hərbçilərin yerləşdirilməsi ilə bağlıdır. Rusiya tərəfinin açıqlamasında deyilir ki, Azərbaycan-Ermənistan sərhədlərində demarkasiya prosesi tam yekunlaşmayana qədər rəsmi Moskva təmkinli davranacaq. Eyni zamanda, Rusiya bu məsələdə Azərbaycanın da rəyini alacağını bildirir. Ona görə də Rusiya həbçilərinin sərhəddə yerləşdirildiyini tam şəkildə demək olmaz, çünki rəsmi açıqlama bunu təsdiqləmir”.

Politoloq əlavə edib ki, “Şuşa Bəyannaməsi” və ondan əvvəlki dövrdə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi məsələlərlə bağlı müzakirələr aparılıb:

“Bu istiqamətdə əməkdaşlıqlar gücləndirilir. Azərbaycan Silahlı Qüvvələri və onun sərhədçiləri sərhədləri qorumaq gücündədir. Əgər Azərbaycan üçün hansısa ciddi bir təhdid ola bilərsə, bu məsələlər Türkiyə ilə müzakirə olunar. Təbii ki, Azərbaycan belə halda ən yaxın müttəfiqi Türkiyəyə müraciət edə bilər. Çünki “Şuşa Bəyannaməsi” məhz bu məsələləri özündə ehtiva edir. Sənəddə açıq şəkildə göstərilir ki, bu müqaviləni imzalayan Azərbaycan və Türkiyəyə hansısa üçüncü bir dövlət hücum edərsə, birgə addım ata bilərlər”.

Oqtay Qasımov qeyd edib ki, Rusiya da bölgədə həm mövqeyini, həm də balanslaşdırılmış siyasətini davam etdirməlidir:

“Əgər Rusiya bir tərəfin, yəni Ermənistanın mənafeyini qoruyarsa, hazırda sülhməramlı kimi fəaliyyəti ciddi suallar yaradacaq. Azərbaycan tərəfindən çox ciddi etirazla qarşılanar. Rusiya da bunu təbii ki, nəzərə alır. Hesab edirəm ki, Rusiya Azərbaycanın anklavda olan kəndələrində rəsmi Bakının razılığı olmadan yerləşməz”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net