"Səməd Vurğunla Rəsul Rza Nizaminin əsərlərini kənd mollalarına tərcümə elətdirirdilər"
Tarix: 6-04-2016, 13:26 | Çap et
"Səməd Vurğunla Rəsul Rza Nizaminin əsərlərini kənd mollalarına tərcümə elətdirirdilər"
Dünən ikinci ayağı da amputasiya olunan Söhrab Tahir həm də uzun müddət Elmlər Akademiyasında çalışıb. Fars dilindən çox vacib materialları ana bilimizə çevirən Söhrab Tahir bu istiqamətdə də gərəkli işlər görüb. Elə danışacağımız əhvalatda bu mövzunun nə qədər gərəkli olması üzə çıxır.

Bu əhvalatı adının çəkilməsini istəməyən, akademiyada çalışan filoloq alimlərdən biri danışıb. Əhvalatda konkret detalla yanaşı həm də Azərbaycan elminin, ədəbiyyatının ümumi problemi də işıqlanır. Bu gün biz həqiqətən də əsl Nizami Gəncəvidən tam uzaq olan Nizamini, “Xəmsə”ni oxuyuruq. Filoloq alimin danışdıqlarına nəzər salandan sonra məsələnin mahiyyəti aydınlaşacaq.

Moderator.az həmin əhvalatı təqim edir:

“Mən İran, Əfqanıstan və Pakistan ədəbiyyatından tərcümələr edirdim. Sonra onları Söhrab Tahir nəzmə çəkirdi. Bir gün Rəsul Rza Nizamini tərcümə edib, ərəb və fars dillərinin mükəmməl bilicisi olan Söhrab Tahirin yanına gətirir. Söhrab Tahir deyir ki, “50 səhifədə orijinalla uyğun cəmi 6-7 beyt tapdım. Həmid Araslıya dedim ki, eybi yox, qoy bu dəfə ilkin formada, Nizamini tanımaq məqsədilə çapa getsin, sonra gələcək nəsillər onu orijinala yaxın tərcümə edərlər”.

“Leyli və Məcnun”u Səməd Vurğun tərcümə edib, “Xosrov və Şirin”i Rəsul Rza tərcümə edib. Onlar heç farca bilmirdilər. Sadəcə olaraq o vaxt, 1941-ci ildə Nizaminin əsərlərini kənd məscidində oturan mollalara aparıb verirdilər ki, tərcümə etsinlər. Heç onlara bu işə görə pul da vermədilər, çörək talonları verdilər. Sonra Səməd Vurğunla Rəsul Rza o mollaların etdiyi tərcümələri nəzmə çəkirdilər. Bax belə qeyri-peşəkar qaydada tərcümələr gedirdi. O tərcümələrin orijinala heç dəxli yoxdur. Hətta bir dəfə mübahisə düşdü. Nizaminin “Hər gecəm oldu kədər, qüssə-fəlakət sənsiz” misrası ilə başlayan qəzəli orijinalla heç uyuşmur. Onun mənası da başqadır, bəhri də başqadır. Nisbətən Cəfər Xəndan öz bəhrinə yaxın tərcümə edə bilib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net