Tanınmış aktrisa: “Onun sevgisi mənim olmalıdır, başqasının yox”
Tarix: 9-03-2016, 13:09 |
Çap et
Aile.lent.az-ın müsahibi Dövlət Yuğ Teatrının aktrisası Zümrüd Qasımovadır.
- Bu gün qarşımda başqa bir Zümrüd görürəm. Daha dalğın, düşüncəli....
- Bugünkü əhval-ruhiyyəmdə qəribə bir küskünlük var. Elə bir əhvaldayam ki, hər şeyə nöqtə qoyub, yenidən başlaya bilərəm. İnsan heç nədən qorxmalı deyil. Və hər şeyə də hazır olmalıdı.
- Həyatında çox nöqtələr qoymusan?
- Sıfırdan başladığım məqamlar çox olub. Alınmayıbsa, demişəm eybi yox və hər şeyi kənara qoyub yenidən başlamışam. 28 yaşımdan sonra həyatıma sıfırdan başladım. Özümü, həyatımı dəyişməyə çalışdım. Amma hərdən sıfırdan başlamaq istəmirəm, olduğum yerdən davam etmək istəyirəm. Çünki tez-tez sıfırdan başlamaq insanı yorur. Ya da insan özünü reallaşdıra bilmir ki, bir şeydən uzaqlaşır və yenidən başlamaq istəyir. Bir neçə il bundan əvvəl hər şeydən küsüb İstanbula getdim, orada oxumaq istədim. Anam dedi, ilahi, bu qız yenə bir yerdə oturmur. Bacım da dedi o, hələ özünü tapa bilməyib. Doğrudan da insan özünü tapa bilməyəndə axtarışda olur. Bilmirəm, bəlkə də həyatımda o xoşbəxtliyi, o rahatlığı tapa bilmədiyimə görə hər zaman düşünmüşəm ki, belə etsəm, yaxşı olacaq, mən bunu da bacararam, bunu da edə bilərəm.
- Bəs zəhmətinə heyfin gəlmir?
- Həyat o qədər qəribədir ki, eyni axarla davam etsəydi, maraqsız olardı. Düşünürəm ki, yaradıcı insan olduğuma görə həyatımda nə varsa, elə də olmalıydı. Hərdən yaradıcı insanlara yazığım gəlir. Çünki onların yaşadıqları, düşüncələri, həyatı digər insanlardan fərqlidir. Yaradıcı insan olmaq çətindir. Bəlkə buna görə də dəfələrlə yenidən başladım, həyatımın çox məqamlarında səhv etdim. Amma bu da maraqlıdır. Gəlin etiraf edək ki, yaradıcı insan normal insan deyil. Normal olsa, gözəl əsərlər yarada bilməz. Van Qoq normal olsaydı, Van Qoq olmazdı. Dostoyevski, Qoqol və çoxları tam fərqli olub. Mənim həyatım da normal qadınlardakı kimi öz axarı ilə gedə bilərdi. Amma həyatımda bilərəkdən, ya bilməyərəkdən hər şey fərqli olur. Bunu yaradıcı insan olmağımla əlaqələndirirəm.
- Bəs yaradıcı fərd kimi özünəməxsusluqların var?
- Mədəniyyət və İncəsənət Universitetinə daxil olmazdan əvvəl fikirləşirdim ki, bu sənətə gələcəm, amma hamıdan biri olmayacam. Soruşdular ki, bu, necə olacaq? Dedim, mən fərqlənməliyəm, seçilməliyəm. Aktrisalar çoxdur, gözəl aktrisalar var. Amma mən hamıdan biri olacağamsa, yaxşısı budur sənətə gəlməyim heç. Yaradıcılığımda da fərqlənməyə çalışdım, pis-yaxşı bacardım. Yaradıcı insan kimi çox şeylər etmək istərdim. Ancaq bəzi şeylər öz əlimdə deyil. İstərdim gözəl filmlərə çəkilim. Çünki mən aktrisayam. O baxımdan özümü tam reallaşdıra bilmirəm. Filmlərə çəkilmək baxımından həyatımda çox boşluq qalıb. İstərdim, oynadığım tamaşalara çox insan baxsın. Aparıcılıq etdiyim verilişi çox sevirəm. Televiziya baxımından özümü reallaşdıra bilirəm. Qadın kimi isə digərlərindən çox fərqli həyat yaşayıram. Düşündüyüm kimi olmadı. Əzablarım, o dünyanı görüb gəlməyim məni çox qadından fərqli edib. Taleyim də fərqlidir. Nə vaxtsa bu dünyada olmayanda insanların yaddaşında gözəl xanım, aparıcı, aktrisa kimi yox, həm də çox əziyyət çəkən qadın kimi qalacam.
- Sosial şəbəkədəki şəxsi profilində bir tarixi yada salmısan...
- Martın 3-də xəstəliyimdən 5 il ötdü. Beş il əvvəlin o günü Ankara Dövlət Onkoloji xəstəxanasında dualarımı edib yatağa uzanmışdım. Bilmirdim oyanacam, yoxsa yox?! Çox istərdim 5 il də keçsin və deyim, artıq 10 il ötdü. Əslində mən bu taleyi yaşamaq istəməzdim. Çünki həyatımı başqa cür sistemləşdirmişdim. Amma çətin də olsa, bu da bir taledir. Bu gün özümü sınmış hesab edirəm. Səhər yuxudan oyanandan həyatım haqqında düşündüm. Xatirələrim çözələndi. 5 il bundan öncəyə - 28 yaşıma qayıtdım, o yaşadıqlarımı bir də yaşadım. Anladım ki, biz bu qədər şeylər üçün mübarizə aparırıq. O qədər şeylər arzulayırıq, amma bir anın içində onların hamısını itirə bilərsən. Ona görə də yığdığımız maddi nəsnələr, dava-dalaşlar, düşmənçiliklər heç nəyə lazım deyil. Düşünürəm ki, həyatımın bəzi illərini boşuna xərclədim. Halbuki o yaşlarıma qayıtsaydım, vaxtımı gözəl şeylərə həsr edərdim, daha gözəl təhsil alardım, sənətimin arxasınca daha çox gedərdim, müəyyən işlərlə daha çox məşğul olardım. Bəlkə də daha tez ana olmaq, daha tez xoşbəxt qadın olmaq istərdim. Çox şeyləri başqa cür edərdim.
- Hər ilin o günü eyni hissləri keçirirsən?
- Yox. Çünki 5 il tamam olur. Xəstəlikdən sonra 5 il ömür yaşamısansa, deməli, sən artıq bu siyahıdan çıxa bilərsən və ölüm riskin daha azalır. 5 ildir dərman istifadə edirdim. O dərmanı hər gün qəbul etməyə məcbur idim. Bu gün həmin dərmanı bitirdim. Fəsadları nə olacaq bilmirəm. Güman edirəm ki, yaxşı olar. İnsanın içində bütün yaxşı və pis duyğular, düşüncələr, şübhələr var. Bunlardan qaçsan da, hardasa səni yaxalayır. Əvvəllər səhər yuxudan oyananda ilk düşündüyüm bu idi ki, Allah, niyə bu, məndə baş verdi? Çünki həyata başqa cür baxan, gözəl xanım idim. İndi də gözələm. Amma bəzən özümə baxanda deyirəm ki, axı bu mən deyildim. Lakin ümidvaram ki, hələ yaşayacam, yaşamaq fikrim var. Mart həm doğum, həm də ölümdən döndüyüm aydır. Mart 23-də anam məni dünyaya gətirib, martın 3-də isə ölümdən dönmüşəm. Əslində ölümdən döndüyüm gün yenidən doğulduğum gündür. Həyat yoldaşıma da deyirəm ki, ad günümü bu gün qeyd edək.
- Yaşadıqların səni çox dəyişib deyəsən?
- Sadəcə eyni həyatı sevmirəm, eynilikdən bezirəm. Bəzən məndən soruşurlar ki, nəyin çatmır, sağaldın, həyatında hər şey yaxşıdır. Başa sala bilmirəm ki, həyatımda hələ də boşluqlar var. O boşluqları doldura bilməmişəm. Həmin boşluqları doldurmayanadək xoşbəxt ola bilmərəm. Xoşbəxt qadınam. Məni dəlicəsinə sevən həyat yoldaşım var. Dəlicəsinə sevən anam var. Amma....
- Amma...?
- Hər zaman güclü olmuşam desəm, yalan danışaram. Düzdür, bəzi məqamlarda güclü olmuşam. Məsələn, ilk dəfə xəstəxanaya yoxlanmağa tək getmişəm, pulum yox idi. Xəstəxanalarla maraqlanırdım, ucuz yer axtarırdım. Xəstəliyimi biləndə Ankara kimi yerdə tək və tənha idim. Türkiyəli dostum, rejissor Rasim Aşın mənə kömək etdi, sonra həyat yoldaşım gəldi. 5 ildir hər ilin bu günü həmin günü xatırlayıram. Ankara çox soyuq idi, qar yağırdı. Çarpayıda uzanıb düşünürdüm ki, görəsən, yaşayacam? Axı mən ölmək istəmirəm. Həyat məni güclü etdi. Həkimlər deyirdi yaşayacaqsan. Fikrət adlı həkimim mənə çox böyük ruh yüksəkliyi verirdi, deyirdi, 20 il də yaşayacaqsan. Əməliyyatdan sonra anladım ki, həyat davam edir və gözəldir. Sevdiyim insan əməliyyatdan sonra yarama baxdı, öpdü və dedi “sən çox gözəlsən. Heç bir qüsurun, orqanlarından birinin olmaması mənim sənə olan sevgimi azalda bilməz”. Bu sözlər mənə güc verdi. Sonra kimyaterapiyalar, mübarizələr... Əslində hamısı çox çətin idi. Heç zaman bir daha o sınağı yaşamaq istəmərəm. Düşmənimə də o sınağı arzulamıram. Onkologiyada hamı bir-birinə baxıb ürəyində deyirdi ki, “sən də öləcəksən, sən də, sən də öləcəksən”.
- Sənin taleyini yaşayan minlərlə xanım var. Bu mübarizədən üzüağ çıxan biri kimi onlara nə demək istərdin?
- Adamın başı ağrıyanda bilirsən ki, filan dərmanı atacaqsan, keçəcək. Amma bu xəstəlikdə adama bir sistem yeridirlər və orada o qədər dərmanların qarışığı var ki, nə yaşadığını, nə hiss etdiyini bilmirsən. Gah depressiyada olursan, gah nələrisə sındırmaq, gah yatmaq, gah oyanmaq istəyirsən. Elə bil cəhənnəm əzabı yaşayırsan. Hər dəfə kimyaterapiya cəhənnəmini yaşayıb anamı qucaqlayanda deyirdim, Allahım, bu 28 ildə harada idim ki, anamı hiss etmirdim? Başım özümə o qədər qarışmışdı ki, anamı unutmuşdum. Kimyaterapiyalar zamanı anama baxıb dedim, niyə mən 28 ildə səni hiss etməmişəm? Anamın sevgisi, dözümlülüyü, bacım qızına olan dəhşətli dərəcədə sevgim məni həyata bağladı. 2 həftədir uşaq xəstədir, onun yanına getməyə icazə vermirlər, buna görə də depressiyadayam. Öz övladım olmadığına görə onu çox sevirəm. İki həftədir onu görmürəm, elə bilirəm ən doğma insanım yanımda deyil. Onlar və yoldaşımın sevgisi məni yaşatdı. Ən əsası isə, özüm-özümü yaşatdım. Anladım ki, mən bu dünyada özümə daha çox lazımam. Həyat yoldaşımdan soruşurdum ki, mən olmasam nə edərsən? Məndə yaşamağa həvəs yaratmaq üçün deyirdi “atam öləndə nə etdim ki, sən öləndə də əlimdən nəsə gəlsin?”. Xəstə insan üçün bu, ağır söz idi. Mən də ona dedim ki, ayağa qalxıb sənə yaşayacağımı sübut edəcəm. Onun da məqsədi bu idi əslində. Ətrafımdakı insanlar ağız büzürdü ki, “əşi, xəstədir də”. Bizdə axı xərçəng xəstəsinə 2-3 gün ömrü qalan adam kimi baxırlar. Hər kəsin acığına ayağa qalxdım. Allah da mənə kömək oldu. Bütün qadınlara demək istəyirəm ki, Allaha, özlərinə inansınlar. Bu dünyada özündən başqa hər kəs yalandır. Hər kəs həyatına davam edəcək. Anladım ki, həyat yoldaşım rahatca ailə qura biləcək, anam başqa övladlarına görə yaşayacaq, bacılarımın hərəsinin öz həyatı var. Bəs mən niyə gənc yaşımda ölməliyəm? Yox, mən də yaşamalıyam. O yaşamaq həvəsi məni yaşatdı.
- Həm də həyat yoldaşının sadiqliyi və sevgisi sübut olundu.
- Onun sevgisi sonsuzdur. Sadiq olub mənə həmişə. Saçlarım yox idi, başımı uşaq kimi oynadırdı, öpürdü. Hər axşam məni dəniz kənarına aparırdı, gəzirdik. Mən bezib ağlayanda qoymurdu, deyirdi “sən yaşayacaqsan, hər şey yaxşı olacaq”. Mən onu bezdirirdim. O isə dözüb səbr edirdi. Həyat yoldaşıma baxıb bir şeyi də anladım ki, onu heç kimə vermək istəmirəm. Onun sevgisi mənim olmalıdır, başqasının yox, o, başqa qadını sevə bilməz. Yoldaşım mənə maddi və mənəvi çox yardım etdi. Bilirsiniz ki, bu xəstəliyin müalicəsi bahalıdır. Yanımda oldu, mənə dəstək durdu və həddindən artıq böyük, sonsuz sevgi verdi. Bir ara çəkim 45 kilo idi, sonra kökəlib 75 kiloya çatdım. Dedi “mənə hər halınla qəbulsan, hər halınla da səni sevirəm. Mən sənin qüsurlarını görmürəm, sən mənim üçün gözəlsən. Sənsiz mən yaşaya bilmərəm. Sən olmasan mən nə edərəm? Nə yaxşı ki, sən varsan”. Bu sevgi məni xoşbəxt etməyə bilməzdi. Bir qadına ən çətin anında sevdiyi kişinin yanında olması və “sən mənim üçün dünyada ən gözəl qadınsan” deməsi lazımdır. Bu sözlər hər bir xanımı ayağa da qaldırar, həyatla mübarizəyə də məcbur edər.
- Bildiyimə görə, həyat yoldaşın yaradıcılıqdan uzaq insandır.
- Bəli. Dövlət strukturunda işləyir. Tam ciddi işlə məşğuldur. Sənətimiz bir-birinə heç uyğun gəlmir. O cür insanlar da hər zaman istəyirlər ki, yanlarında yaradıcı ruhlu insan olsun. Özü də şeir yazmağı sevir. Onun yazdığı sözlərə mahnılar bəstələnib, ifa olunub. Yaradıcı ruhu var. Ona görə də bir-birimizə uyğunuq. Tamaşalarıma gəlib baxır. Yaradıcılıq baxımından fikirlərimi onunla bölüşürəm, dinləyir, başa düşür, məsləhət verir.
- Deməli, sənətini dəyərləndirir.
- Bəli. Amma istəməzdi ki, mən işləyim. İstərdi evdar xanım olum, evdə onun yolunu gözləyim. O gələn kimi qaçım qarşısına. Düzdür, onları edirəm. Lakin hər zaman evdə olmuram (gülür).
- Səni əvvəldən aktrisa kimi tanıyırdı?
- Yox. Bizi tanış edəndə dostlarımız dedi ki, Zümrüd aktrisadır, həm də aparıcılıq edir. O vaxtlar ANS-də “Gecə yarı” verilişini aparırdım. O da mənə baxıb dedi ki, “tanımıram” (gülür). Vecinə də olmadı ki, mən aparıcıyam, aktrisayam. Yaradıcılığımdan xəbəri yox idi. Sadəcə söhbət etdikcə düşüncələrimiz uyğunlaşdı. İlk tanıdığım gün 3 saatdan çox söhbət etmişdik. İlk vaxtlarda mən onun üçün maraqlı deyildim. Əslində mən ona ilk gündən aşiq olmuşdum və demişdim ki, bu insan mənim həyat yoldaşım olacaq. O, çox dirəndi ki, yox. Amma mən israr etdim, dedim mənim olacaqsan, qaçmaq yoxdur. Və onu əldə etdim.
- İlk görüşdə hansı xüsusiyyəti səni cəlb etdi ki, onu əlindən buraxmamaq qənaətinə gəldin?
- O, mənim ruh əkizimdir. İlk görüşdə 3 saat söhbət etdikdən sonra başa düşdüm ki, bu insanla ailə qurmalıyam. O da qoç bürcüdür, mən də. O, mənim qadın tərəfimdir, mən onun kişi tərəfiyəm. Biz bir-birimizi tamamlayırıq. Ona görə də onu əlimdən buraxmadım. Hələ ki, 8 ildir buraxmamışam. Bundan sonrasını deyə bilmərəm. Həyatda hər şey ola bilər. Mən həyatda hər şeyə hazıram.
- Qadağalar qoymağa başlamadı? Axı aparıcısı olduğun “Gecə yarı” 18+ verilişi idi.
- Biz tanış olanda “Gecə yarı” verilişinin sonları idi. Amma baxıb bəyənməmişdi. Sonra dedi ki, mənim həyat yoldaşım evdə oturmalıdır. Qəbul edirsənmi? Mən də cavab verdim ki, hər şeyə razıyam. Amma teatr barədə heç zaman etiraz etməyib. Yuğ Teatrını çox sevir. Tamaşalarımıza gəlib baxırdı. Tam başqa sənət aləmi olmağımızı, Yuğun elit teatr olmasını anlayırdı. Amma efirə qayıtmağımı istəmirdi. Mən də razılaşdım. Bir müddət evdə də oturdum. Xəstəliyim olmasaydı, yəqin məni efirə qaytarmazdı. Düşündü ki, övladım yoxdu, bütün günü fikirlə hara qədər gedəcəm. Onda mənə işləməyə icazə verdi. İndi də veriliş başlamamış evdən çıxıb gedirəm, bitən kimi də evə qayıdıram. İşə çatanda və çıxanda onunla zəngləşirəm, teatrda məşqim olub-olmadığını deyirəm. Bizim ailədə hər bir şey sistemlidir. Getmək istədiyim yerə özbaşına gedə bilmərəm. Hər bir şey onun icazəsi və istəyi ilə həll olunur. Hərdən elə fikirləşirlər ki, sənət adamı ilə ailə qurmaq çətindir. Sənətdə olan xanımlar haqqında çox zaman mənfi sözlər deyirlər. Bu camiədə olan insanların özləri belə bir fikir yaradıb, mənfi imic formalaşdırıblar. Mən aktrisayam, müğənni deyiləm ki, gündə toyda olam, həyat yoldaşım qısqansın. Sadəcə olaraq teatrda oluram, hər gün də tamaşa olmur. Televiziya da göz qabağındadır. Yaradıcı insanlar haqqında ədalətsiz yerə pis fikir söyləyənlər özləri düzgün insanlar deyil.
- Ailəsi sizi necə qarşıladı? Özün demişkən, yaradıcı xanımlara qarşı fikirlər birmənalı deyil.
- Narazılıqlar çox idi. Amma istəsələr də, istəməsələr də, o, mənim həyat yoldaşımdır, məni dəlicəsinə sevir, qəbul etməlidirlər. Onların öz həyatı, bizim öz həyatımız var. Və bizim həyatımıza müdaxilə etməsinlər.
- Həyat yoldaşın çox qısqancdır?
- Həddən artıq. Deyir, “mən səni ona görə qısqanmıram ki, kimsə sənə baxdı. Sevgini başqa insana verə bilərsən. Ağlıma gətirə bilmirəm ki, səni itirə bilərəm”. Onun məni itirmə qorxusu var. Əslində o, məni qorumaq məqsədi ilə qısqanır. Onun qısqanclığı qorumaq istəyindən irəli gəlir. Amma mən düşünürəm ki, qısqanclıqdır. Əlbəttə, bu da sevginin əlamətidir. Ancaq hərdən insanı yorur.
- Bəs sən onu qısqanmırsan?
- Qısqanıram. Amma mənə o qədər sevgi verir ki, qısqanmağa ehtiyac qalmır. İşdən gələndən sonra əlavə işi yoxdursa, mənimlə birlikdə olacaq. Dəniz kənarında gəzirik, haradasa yemək yeyirik, axşamlar mütləq evdə kinoya baxırıq. O insanla keçirdiyim günün hara getdiyini hiss etmirəm. Onunla olanda vaxt sürətlə keçir. Bu dərəcədə bir-birimizi tamamlayırıq. Onunla olanda kimin üçünsə darıxmıram. Tək övlad üçün darıxıram, o da yoxumdur. Bir-birimizə təsəlli veririk: o deyir “sən mənim uşağımsan”, mən deyirəm “sən mənim uşağımsan”. Mən çox kaprizliyəm. O da deyir ki, kiməsə kapriz etməlisən, o da mənəm, dözürəm.
- Sənə necə evlənmək təklif etdi?
- O, bizim bir yerdə olmağımızı istəmirdi, çünki həyatında problemləri çox olub. Bir dəfə ailəsi dağılıb, ikinci dəfə eyni çətinlikləri yaşamaq istəmirdi. Amma mən sübut etdim ki, bütün yaralarını sarıb onu xoşbəxt edə bilərəm. Deyir “sən balaca canınla mənə böyük ümidlər, sevgi, qayğı verdin. Buna aşiq oldum, sənə bağlandım”. Mən onu inandırdım ki, hər şey yaxşı olacaq. 8 ay hər gün ona 50 sms yazmışam. Zəng edirdim, cavab vermirdi. Arada zəng edirdi ki, nolub? Soruşurdum niyə cavab vermirsən? Deyirdi, işim var. Olduğu yerlərə gedib onu axtarırdım. Gözüm maşınını gəzirdi. Dostları vasitəsilə maraqlanırdım ki, harada oturub. Gedirdim ora, qəfil qarşısında peyda olurdum. Soruşurdu, burada neynirsən? Deyirdim, gəlmişəm səni tapmağa, niyə telefona cavab vermirsən? Günlərin bir günü gördüm ki, alınmır və artıq yoruldum. Xarici ölkəyə getdi. Qayıtdı və məni axtarmadı. Mən də onu axtarmaqdan vaz keçdim. Sonra zəng etməyə başladı, cavab vermədim. “Sms” yazdı ki, anamla danışmışam, biz evlənməliyik.
- Amma sənin nikahından çoxlarının xəbəri olmadı.
- Mən ona görə çox şeydən vaz keçdim. Gəlinlik geyinməməyə də razılaşdım. Çünki mənim üçün əsas gəlinlik yox, onun yanında olmaq idi. Ancaq hər bir xanım kimi, mən də gəlinlik geyinməyi çox arzulayırdım. Fikirləşdim ki, bu insanın həyatı bir dəfə alınmayıb. Gəlinlik vacib deyil. Sadəcə rəsmi nikah kəsdirdik. Amma gəlinlik geyinmək arzum ürəyimdə qalıb. Nə zamansa mən o ağ paltarı geyinmək istəyirəm. Bəlkə kiçik bir yığıncaqda geyindim, bəlkə ad günümdə geyindim... Ailə, həyat yoldaşı gözəldir. Hər qadının yanında güclü bir kişi olmalıdır. Amma bunlar da insanı xoşbəxt etmir. İnsanın ailəsi var, övladı yoxdursa, xoşbəxt deyil. Ailədə hər şey tamamlanmalıdır.
Övladlığa uşaq götürmək istəyirəm. Özü də bir yox, iki uşaq. İstərdim uşaqlar da övladlıq olduqlarını bilsinlər və bir-birini çox istəsinlər. Mən bu arzumu gerçəkləşdirəcəm, həyat yoldaşım da razıdır. Analıq etmək istəyirəm. Çünki hər bir qadının daxilində bu hisslər var. İlin axırınadək bu məsələni reallaşdıracam. Əslində iki qızı övladlığa götürməyi arzulayıram. Çünki qız uşağını çox istəyirəm, anaya da yanan qızdır. Qız qayğıkeş olur, anaya canı yanır.
- Ailə quranadək yəqin ki, pərəstişkarların var idi. Evlənmək təklif edən olmuşdu?
- Bəli, olub. Gözəl xanımın ətrafında həmişə onu istəyənlər olur. 11-ci sinifdə oxuyanda qonşuluqdakı oğlanın mənə gül almağını xatırlayıram (gülür). İndi bunlar yadıma düşəndə gülürəm. Həyatımda olan hər şeyi gündəliklərimdə qeyd etmişəm. Uşaqlıqdan gündəlik yazıram. Məni sevənlər, məktub yollayanlar - hamısını orada yazmışam. Demək ki, qismətimdəki kişi öz həyat yoldaşım Nazim imiş. Biz bir-birimizi çox sevirik. Lakin həyatda mütləq deyilən bir şey yoxdur. Bəlkə nə zamansa kimsə deyə bilər ki, bunlar bir-birini çox sevirdilər, niyə ayrıldılar? Unutmayaq ki, heç bir hiss əbədi deyil. Bu gün bir yerdəyik, sabah ayrıla da bilərik.
- Məsələn, sizi nə ayıra bilər?
- Bu, bir qadın olmayacaq. Bizi onun qısqanclığı ayıra bilər. Mən nədənsə yorulsam, dərhal gedəcəm. Səbirliyəm, lakin son həddə dözə bilmərəm. Axı mən həyatımı zülmlə əldə etmişəm, niyə özümə əzab verərək yaşamalıyam?! Əvvəl onu özümdən çox sevirdim, indi heç kimi özümdən çox sevmirəm. Hər bir qaranlıq gecənin bir gündüzü var, buna inanmaq lazımdır. Sevinirəm ki, mənim haqqımda bir dənə də olsa pis fikir yoxdur. İnsanların sevgisini qazandığım üçün çox xoşbəxtəm. Sevdiyiniz insana onu sevdiyinizi deyin. Ananıza deyin ki, onu sevirsiz. Övladınıza sevdiyinizi deyin. Düşünməyin ki, övladınızla aranızdakı pərdə qalxar. Çünki sabah o uşaq başqa yerdə sevgi axtaracaq.