Varlandıran və çökdürən kazinolar - ARAŞDIRMA
Tarix: 7-03-2016, 17:54 | Çap et
Varlandıran və çökdürən kazinolar - ARAŞDIRMA
Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə idman mərc oyunları ilə bağlı müzakirələr zamanı əcnəbi turistlərin ölkəyə cəlbi məqsədilə kazinoların fəaliyyətinə icazə verilməsini təklif edib ki, bu da həmin andan hər tərəfdə söhbət mövzusuna çevrilib. O, misal olaraq deyib ki, qonşu Gürcüstanda - Batumidə məhz kazinoların fəaliyyəti nəticəsində dövlət büdcəsi böyük miqdarda vəsait qazanır. Deputat əlavə edib ki, kazinolar Gürcüstan vətəndaşlarının üzünə bağlıdır, amma əcnəbi olan hər kəs orada oynayır və əvəzində çoxlu pul xərcləyir. Əlbəttə, məqsədimiz neçə gün öncə baş verən hadisəni təkrarlamaq yox, kazinoların dövlət büdcəsinə doğrudan da vəsait qazandıra bilib-bilməyəcəyinə işıq salmaqdır.

Əvvəla, kazinolar, yəni öz ədəbi dilimizdə desək qumarxanalar, dünyanın bir çox turizm inkişaf edən ölkəsində mövcuddur və hamısınında da qapısı yaşı 18-dən az olanlar üçün bağlıdır. Belə ölkələrdən başda ABŞ olmaqla Almaniya, Fransa, Çin, İngiltərə, Kipr, hətta Şimali Kipr Türk Республикасы, Avstriya, İtaliya, Monako və sairi göstərə bilərik.

Türkiyədə dönəmin baş naziri Tansu Çillərin iqtidarı zamanı kazinoların fəaliyyəti yasaqlanıb və hətta onu açanlar həbs edilir. Buna baxmayaraq, hesabat müəllifləri əmindirlər ki, Türkiyədə çox sayda belə qumarxanalar işləyir. Təkcə İstanbulda 100-dən artıq kazinonun fəaliyyət göstərdiyi bildirilir və əlbəttə, hamısı da qanundankənar. Elə kazino oyunlarının vətəni sayılan ABŞ-da da müəyyən yasasqlar mövcuddur; məsələn, 2006-cı ildə verilən qərarla ölkə vətəndaşlarının internet üzərindən qumar-mərc oynunlarına qatılması texniki baxımdan mümkünsüzləşib. Yəni belə oyunları ancaq ciddi nəzarət olunan konkret məkanlarda oynamaq olar…

Kazinoların tarixi çox qədimdir. Araşdırmalara əsasən, Çində hələ eramızdan 2300 il əvvəl bu növ qumarxanalar olub. Qədim Yunanıstan, Roma İmperiyası, Fransada Napoleon dövrü və sair yazılan tarixi əsərlərdə sürəkli şəkildə kazinolardan bəhs edilir. Amma dəqiq məlum olan belə qumarxanalardan biri – Ridotto 1638-ci ildə karnavallar zamanı daha çox gəlir götürmək məqsədilə Venesiyada açılıb ki, o da 1770-ci ildə şəhərdə zadəganların sayının azalması səbəbindən bağlanıb.

Müasir dövrümüzdə geniş yayılan kazinoların fəaliyyətinə təmsil etdikləri ölkənin hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarət olunur. Beynəlxalq maliyyə institutlarından birinin - Financial Action Task Force-FATF-in hazırladığı hesabata əsasən dünyadakı bütün kazinolar hər il 70 milyard dollardan çox vəsair qazandırır dövlət büdcələrinə.

Hesabata əsasən, hazırda təxminən 150 ölkədə kazino oyunlarının aparılmasına hüquqi baxımdan icazə verilir. Eyni zamanda, 100 ölkədə bu oyunlar yasaqlanıb. Amma bununla yanaşı 100-dən artıq ölkədə kazinoların yerinə lotereya oyunları təşkil olunur ki, beynəlxalq araşdırma institutu bunların da qumarın bir başqa növü olduğuna əmindir. Hətta 60-dan çox ölkədə oynanılan futbol və sair idman oyunları üçün bəhsləri də kazinolardan az əhəmiyyətli olmayan qumar oyunları siyahısınma salır.

Kazinolar fəaliyyət göstərdikləri dövlətlər üçün yüksək vergi ödəyiciləridir; məsələn, ABŞ və Kanadadakı kazinolar dünya üzrə hesablanmış 70 milyard dollarlıq büdcəyə vergi ödəmələrin təxminən yarısını verir. Çinin Makao bölgəsi də kazinoların çox sürətlə inkişaf etdiyi bölgədir ki, buradan dövlət büdcəsinə ildə azından 12 milyard dollar daxil olur. Yeri gəlmişkən, qanunsuz və ya qeyri-şəffaf fəaliyyət göstərən kazinolar da var ki, onlar dünya üzrə hər il təxminən 15 milyard dollar vəsaiti vergidən gizlədirlər.
Araşdırmalar göstərir ki, bir sıra kazinolar pis idarəolunan, siyasi çaxnaşmaların getdiyi, mafiyaların dövlət həyatına təsir etdiyi və terrorçuluğun geniş yayıldığı ölkələrdə, xüsusilə də sərhəd bölgələrində qurulur. Bu isə turizmin inkişafına stimul olan kazinoların bəzən nəzarətsiz qalması nəticəsində çaşağrısına çevrildiyini göstərir.

Son dönəmdə Balkan ölkələrindən olan müsəlman Albaniyası kazinoların fəaliyyətini leqallaşdırdığını bəyanlayıb. Eyni zamanda, belə leqallaşma ilə bağlı Sinqapurda, hətta zəif inkişaf etmiş Papua və Yeni Qvineyada da qanunlar qəbul olunub. Böyük sənaye ölkələri olan Cənubi Koreya və Çili də kazinoların işini qanuniləşdirməklə büdcələrinə əlavə vəsait cəlb etməkdədir.Amma bayaq qeyd etdiyimiz kimi, bəzi social-maliyyə səbəblərindən bir sıra ölkələr kazino sahəsinin inkişafını məhdudlaşdırır. Məsələn, İngiltərədə super kazino, yəni ən yüksəksəviyyəli, bütün tələblərə cavcab verən oyun mərkəzinin saxlanılması barədə qərar verildi, Rusiyada isə dövlətin müəyyənləşdirdiyi dörd şəhərdə kazino oyunalıra icazə var.

Araşdırmalar göstərir ki, Yaxın Şərq ölkələrindən İraq (Süleymaniyyə şəhərində) və Livanda da ümumilikdə üç kazino fəaliyyət göstərir, amma bunlar bəlli olanlardır. Əslində isə istər İraq və Livanda, ümumiyyətlə İslam bölgəsində qeyri-qanuni işləyən çox sayda kazino mövcuddur. Hətta Qazaxıstanın iki şəhərində də kazino işləyir ki, orada daha çox çirkli pulların yuyulması barədə söhbətlər gəzir. Qırğızıstandakı 18 kazino isə bir növ qanun-qayda tanımır və onların terrorçu qruplara maliyyə yardımı göstərdiyi bildirilir.
Yeri gəlmişkən, dünyanın ən demokratik ölkələri sayılan Norveç və İslandiyada da qanunsuz kazinolar fəaliyyət göstərir.
Şimali Kipr Türk Respublikasından söz açmaq yerinə düşərdi. Türkiyədən başqa heç bir ölkə tərfindən tanınmayan bu kiçik ölkədə turizm illik ümumdaxili məhsulda 380 milyon dollarlıq təmiz paya malikdir və bu qədər gəlirin 20 faizi – 75 milyon dolları məhz kazinolardan gəlir. Ona görə də Şimali Kiprdə böyük güzəştlər verilərək inkişafına kömək göstərilən kazinoları istənilən 240 yataq yeri olan otel aça bilər. Amma yeni qanun hazırlanır ki, o qüvvəyə mindiyi andan ancaq 500 yataq yeri olan otellər kazino açmaq şansı qazanağaqlar.

Onu da qeyd edək ki, kazinoya girən hər bir adam iki avro həcmində dövlətə rüsum ödəyir. Bu gün Şimali Kiprin kiçik ərazisində fəaliyyət göstərən 23 kazinonun əsas müştəriləri İsrail, Yunanıstan, Suriya, İtaliya, Rusiya və Norveçdən gələn oyunsevərlərdir…
Maraq üçün indi də kazinoların geniş fəaliyyət göstərdiyi bəzi ölkələrin siyahısına baxaq.
Şimali Kipr Türk Respublikasında Rocks, Cratos və Merit ən məşhur kazinolardır.
Yunanıstanda Mikonos, Santorini kimi tanınmış kazinolar mövcuddur.

Gürcüstanda çox sayda kazinolar mövcuddur, xüsusilə də Batumidə. Türkiyədən bu ölkəyə gələnlərin 75 faizdən çoxunun məqsədi Batumidə kazinoya baş çəkməkdir.
Monako knyazlığını dünyada tanıdan və böyük sərvətə qovuşduran məhz kazinolardır. Monte Karlonun adının çəkmək kifayətdir…
Makedoniya Balkan yarımadası ölkələri arasında ən çox kazinonu öz ərazisinə çəkə bilməsi ilə məşhurdur. Xüsusilə də paytaxt Skopye kazinoların gecə həyatını zənginləşdirdiyi şəhərə çevrilib.

Çin, xüsusilə də Makao bölgəsi hazırda kazinoların ən sürətlə inkişaf etdiyi ərazidir. Dünyanın ən məşhur kazinolarının əksəriyyəti məhz buradadır. Bunlardan “The Venetian Macao”, “Wynn”, “Grand Lisboa” və sairi göstərə bilərik.
ABŞ hələlik birincidir kazinolarına görə. Məsələ ondadır ki, kazino deyəndə ilk ağla gələn də elə Las Veqasdır. Bu şəhərdəki “Rio All Suite Hotel and Casino”, “Bellagio” və “GM Grand Casino” dünyanın ən iri kazinoları sayılır. Dünyanın ən iri kazinosu olan “Foxwood” da məhz ABŞ-dadır (Konnektikutda). 1986-cı ildə yaradılan bu əyləncə mərkəzində 2226 otaqlı otel, 380 qumar masası mövcuddur.
İndi də dünyanın ən seçmə kazinoları ilə ad çıxarmış şəhərləri ilə tanış olaq.
1. Çinin Makao şəhəri kazinoların sayına görə dünyada birincidir. 2049-cu ilədək simvolik müstəqil sayılan Portuqaliyanın bu keçmiş müstəmləkəsi tarixən kazino mərkəzi sayılan Las veqası geridə qoyub. Yeri gəlmişkən, Makaoda kazinoların inkişafə Amerikadakı bu sahənin işşadamlarının diqqətini çəkməkdədir. Artıq onlar öz bizneslərinin müəyyən hissəsini Makaoya köçürməyə başlayıb.
2. Kazino deyəndə Las Veqas göz önünə gəlir. Kazinoları, gecə klubları, əyləncə mərkəzləri, dünyanın ən vacib mümarlıq abidələrinin oxşarı olan otelləri ilə məşhur olan turizm cənnətidir bura. Birinciliyi əldən versə də, Las Veqas hələ uzun müddət kazinonun tarixi mərkəzi sayılacaq.

3. Atlantik Siti ABŞ-ın Sakit ocean hövzəsinin qumar mərkəzidir, necə ki, Las Veqas ölkənin qərb hissəsinin mərkəzi hesab olunur. Nyu Yorkun yaxınlığında olan bu şəhərdə bütün infrastruktur kazino oyunları üzərində qurulub. 200-dən çox qomar masası olan “Trump Taj Mahal” otel-mərkəzi məhz burdadır.

4. Monte Karlo son 200 ildir Avropada kazino mərkəzi sayılır. Avropanın ən zəngin nümayəndələri məhz burada istirahət edir.

5. London sənaye və siyasi mərkəz olduğu qədər həm də kazinoları ilə tanınır. Ancaq başqa şəhərlərdəki qumarxanalardan fərqi odur ki, Londondakı kazinolar qapalı mühitdə çalışır. Burada hansısa kazino klububu üzvü olmaq oyunsevər üçün böyük şərəf sayılır. Ən iri kazino “Casino At The Empire”dir.

6. Sinqapurda kazinolar son illər çox inkişaf edir. “Marina Bay Sands” və 2500 otağı olan “Resorts World” kimi nəhəng otellərin kazinoları bölgənin, əsasən də Çinin milyonçularını özünə cəlb etməkdədir.

7. Sakit okean sahillərindəki Los Anceles şəhəri də ABŞ-ın məşhur kazino mərkəzlərindən biridir. Çimərlik arzusunda olanlar bu nəhən şəhəri məmnuniyyətlə seçirlər ki, həm dənizə getsinlər, həm də kazinolardan bəhrələnsinlər.

8. Paris də Avropanın məşhur kazino mərkəzlərindəndir. Fransada online qumar saytları yasaq olsa da, maraqlıdır ki, real kazinoların fəaliyyətinə icazə verilir.

9. ABŞ-ın Reno şəhəri dünya kazino mərkəzləri siyahısında doqquzuncudur. Reno hətta Las Veqasın əsas alternative sayılır. Burada 20-dən çox məşhur kazino var.

10. Kosta Rikanın paytaxtı olan San Xose dünyanın ən tanınan kazino mərkəzlərindən onuncu şəhərdir. Mərkəzi Amerikanın tropik qurşağında yerləşən San Xose bölgə ölkələrinin, eləcə də Meksika, ABŞ və Kanadanın zəngin turistlərinin də sevimli əyləncə yeridir.
Sonda qeyd edək ki, kazinolar şəhərləri məşhurlaşdıraraq, büdcələrə milyardlar qazandırsa da, qarşılığında insanların cibini soyur və hətta bu minlərlə ailənin dağılmasına, daha böyük gəlir naminə qətllərə səbəb olur. Ona görə də, el dili ilə desək, qumarla qazanmaq nə Azərbaycan dövlətinə, nə də milli mentalitetimizə yaraşar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net