![Gediş haqqı qalxmayacaq – Rəsmi Gediş haqqı qalxmayacaq – Rəsmi](/uploads/posts/2015-12/1450855588_v.jpg)
Nəqliyyat sektorunda hər hansı qiymət dəyişikliyi barədə heç bir müzakirə aparılmır. Hazırda bu bizim üçün aktual deyil. Dolların məzənnəsinin dəyişməsi yalnız dərmanların qiymətinə təsir göstərəcək.
Bu sözləri Axar.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev məzənnə dəyişikliyinin nəqliyyat sektorunda qiymətlərə təsirindən danışarkən deyib.
O, bu mövzuda Şura tərəfindən heç bir müzakirənin aparılmadığını bildirib.
BakuBus MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da şirkətə məxsus marşrut avtobuslarında gediş haqlarının artırılmasının nəzərdə tutulmadığını bildirib:
“Bununla bağlı Tarif Şurasına müraciət etməmişik”.
Qurum rəsmisi həmçinin qeyd edib ki, “BakuBus”a məxsus marşrut xətlərində süni qiymət artımı mümkünsüzdür:
“Çünki ödəmə "Bakı kart"la aparılır. Odur ki, sərnişinlər rahat şəkildə avtobuslarımızdan istifadə edə bilərlər”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-dən etibarən dollar üzən məzənnə rejiminə keçib.