![Ən çox jurnalist Çin və Misirdə həbsdədir Ən çox jurnalist Çin və Misirdə həbsdədir](/uploads/posts/2015-12/thumbs/1450165941_v.jpg)
Bu il ən çox jurnalist Çində və Misirdə həbsə atılıb. Ümumilikdə isə, dünyada həbs olunan jurnalistlərin sayı son 3 ildəki rekord həddən düşməkdədir. Bunu Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yeni hesabatında deyir.
Dekabrın 15-də açıqlanmış hesabatda qeyd olunur ki, hazırda dünyada işinə görə 199 jurnalist həbsdədir. Ötən il bu rəqəm 221 idi.
Dekabrın 1-dək Çində 49, Misirdə 23, İranda 19, Eritreyada 17 və Türkiyədə 14 jurnalist həbsdə qalıb.
Hesabatda vurğulanır ki, Azərbaycan keçmiş sovet respublikaları içində bu sahədə öndə gedir. 2015-ci ildə səkkiz jurnalist məhkum edilib. AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl da onların içindədir.
Hakimiyyət təmsilçiləri ölkədə peşəsinə görə heç kəsin təqibə məruz qalmadığını, fərdlərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.