Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin 10 noyabrda imzaladığı bəyanat ermənilərin döyüş meydanında məğlubiyyətinin sənəd üzərində əksi hesab olunur.
9 bəndlik sənəddə 1 dekabradək Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı öz əksini tapıb. Yəni 1 dekabr tarixinədək mərhələli şəkildə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam şəkildə tərk etməlidir.
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında deyib ki, 10 noyabrda imzalanan bəyanat Ermənistanın məğlubiyyətinin etirafı idi:
“Bu bəyanat, eləcə də dinc yolla ərazilərin boşaldılmasını nəzərdə tutur. Ama yenə də “ağa durur, ağacan durur”. Yəni dinc yolla boşaltmasalar, müharibə yolu ilə yenə də onları ərazimizdən çıxardacağıq. Amma hər halda 1 dekabradək prosesləri gözləməliyik. Ondan sonra artıq nə dərəcədə həll olunarsa, ona uyğun qərar verməliyik”.
Deputat sonda bəyanatın müddəaları yerinə yetiriləcəyinə və hər hansı bir problemin olmayacağına ümid etdiyini söyləyib.