Vətəni sevən iman şəhidlərindən qalmış igidlik mirası Azərbaycanı böyük qələbəyə səsləyir!
Tarix: 26-06-2015, 11:44 |
Çap et
Düz 97 il qabaq - 26 iyun 1918-ci il tarixdə Gəncədə Milli Ordunun yaradılması üçün fəaliyyətə başlamış Azərbaycan oğulları 3 min ildən çox yaşı olan bu ulusun tarixinin, bəlkə də, ən önəmli qərarlarından birini verdilər. Anadoludan gəlmiş 5,5 min nəfərlik Qafqaz İslam Ordusu ilə birləşmiş 7 minlik Əlahiddə Azərbaycan Korpusu milli heysiyyətin qorunması üçün böyük savaşa girdi. Ordumuz sayca 10 dəfəyə qədər çox olan düşməni yerində oturdaraq milli mövcudluğumuzu qoruya bildi.
Məsələ bunda idi ki, 98 il qabaq baş vermiş Oktyabr inqilabı Rusiya imperiyasını dağıtmaqla yanaşı Cənubi Qafqazda yaşayan türk-müsəlman əhalini çətin vəziyyətdə qoymuşdu. Xristian gürcü və ermənilərdən fərqli olaraq Azərbaycanın müsəlman əhalisi silahsız idi və bunun da səbəbi vardı. Çünki Birinci Dünya müharibəsinə təxminən 150 min gürcü və 150 min erməni əsgər kimi çağrılmışdı, müsəlmanlar isə yox. Əsasən Qafqaz cəbhəsində döyüşən erməni və gürcülər inqilabdan sonra başıpozuq şəkildə cəbhədən geri döndülər. Gürcülərin tarixi əraziləri bəlli idi və onlar öz evlərinə getdilər.
Ermənilərlə vəziyyət isə fərqli oldu. Qafqaza 1828-ci ildən sonra köçürülmüş ermənilər əsasən Azərbaycan şəhərlərində ayrıca məhəllə şəklində yaşayırdılar. Geri dönən ermənilər ərazinin yerlisi olan türk-müsəlman əhalini tamamilə silahsız yaxaladılar. Çünki Birinci Dünya müharibəsinə Qafqazdan cəmi 1400 müsəlman zadəgan orduya zabit kimi çağrılmışdı və onların çoxu “vəhşi diviziya”da idi. Diviziya Lənkəranda dislokasiya edirdi, onun əsgər və zabitlərinin Bakıya girməsi həmin vaxt şəhəri idarə edən erməni-bolşevik Stepan Şaumyan tərəfindən qadağan edilmişdi. Diviziyanın poruçiki, Azərbaycanın tanınmış milyonçusu Şəmsi Əsədullayevin oğlu, məşhur xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin kürəkəni Əli Əsədullayevin Bakıya yas yerinə gəlməsini bəhanə edən Stepan Şaumyan 1918-ci il martın 31-də şəhərdə silahsız türk-müsəlman əhaliyə qarşı soyqırım təşkil elədi, Qubaya və Şamaxıya amansız divan tutdu. Stepan Şaumyan iyun ayında Azərbaycan hökumətinin əlində qalmış yeganə şəhər Gəncəni ələ keçirmək qərarına gəldi. İyunun 19-da Osmanlıdan gəlmiş erməni millətçisi, Van üsyanının təşkilatçılarından biri olan Hamazasp Srvanstyanın rəhbərlik etdiyi 20 minlik erməni ordusu Bakıdan Gəncənin üzərinə hücuma keçdi.
Göründüyü kimi, həmin günlər Azərbaycan ulusu öz ölüm-dirim anlarını yaşayırdı və iyunun 26-da Milli Ordunun yaradılması qaçılmaz idi. Çünki Azərbaycanın müsəlman əhalisinə yardıma gəlmiş Qafqaz İslam Ordusu yerli ərazini yaxşı tanımadığına və sayca 4 dəfə az olduğuna görə Göyçayda baş vermiş ilk döyüşü uduzdu. Məsələyə Azərbaycan generalları Səməd Mehmandarov və Əliağa Şıxlinski qarışdılar. Əliağa Şıxlinski cəbhə xəttinə baş çəkdi. Gəncədən gəlmiş Əlahiddə Azərbaycan Korpusu, Qazaxdan gəlmiş süvarilər və Qarxunlu Əşrəf bəy tərəfindən səfərbər edilmiş şirvanlı döyüşçülər Qafqaz İslam Ordusuna birləşdirildi. Nuru paşa ordunun şimal qoluna, Nikolay hərbi akademiyasını bitirmiş yeganə Azərbaycan türkü polkovnik Həbib bəy Səlimov isə ordunun cənub qoluna rəhbərlik etdi. Müzəffər Azərbaycan ordusu Şamaxını, Qubanı və Salyanı azad edərək sentyabrın 15-də Bakıya girdi.
Daha sonra general rütbəsinə layiq görülmüş Həbib bəy Səlimov Azərbaycan Milli Ordusuna rəhbərlik edərək Lənkəranı və Qarabağı daşnak-bolşevik işğalından xilas etdi. 1920-ci illərin əvvəlində Zəngəzuru erməni işğalından azad etmiş Həbib bəy Səlimov aprel ayında Naxçıvanda Azərbaycan bayrağını dalğalandırdı, ölkəmiz öz hüquqi əraziləri üzərində həm də de-fakto nəzarəti təmin etdi. Məhz bu xidmətlərinə görə 1920-ci il aprelin 28-də Azərbaycanı işğal edən bolşeviklərin ilk işlərindən biri Həbib bəy Səlimovu edam etdirmək oldu.
Hələ ailə qurmamış 39 yaşlı general Həbib bəy Səlimov Azərbaycan istiqlalı uğrunda qurban getdi. Özündən sonra övlad qoya bilməyə gənc general Vətən oğullarına böyük bir vətənpərvərlik irsi bəxş etdi. Bizlərə Vətəni sevməyin imandan gəldiyini öz həyatı ilə öyrədən şəhid generalın ruhu 1919-cu ildə böyük qələbə ilə azad etdiyi Qarabağın – Əsgəranın və Şuşanın üzərində uçaraq Azərbaycan əsgərini böyük savaşa səsləyir. Gün gələcək ki, Azərbaycan oğulları Həbib bəy Səlimovun yol ilə gedəcək və müzəffər bayrağımızı Şuşa qalasında dalğalandıracaq!