Zəngəzur dəhlizindən öncə Zəngəzur əməliyyatı - İrəvan üçün YOL XƏRİTƏSİ...
Dünən Ermənistanla sərhəddə düşmən növbəti təxribata əl atıb. Nəticədə bir əsgərimiz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyinin faciəvi olayla bağlı yaydığı məlumatda Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq edilib. Şəkk-şübhəsiz, bu xain əməlin də qarşılığı tezliklə və artıqlaması ilə veriləcək, evə tərxis olunmağa hazırlaşan hərbçimizin qanı yerdə qalmayacaq.
Beləcə, özünü sülhpərvər kimi göstərməyə çalışan rəsmi İrəvan sərhəd bölgəsində provokasiyalarından qalmır, Azərbaycanla zamanın diktə elədiyi sülh müqaviləsini imzalamaq əvəzinə, barıt qoxulu oyunlarını davam etdirir, “nala-mıxa” vurur, vaxtı rezin kimi uzadır. Deməli, bədəlini də ödəyəcək. Çünki bölgədə sülh və əmin-amanlıq, iki və çoxtərəfli əlaqələrin bərpası ən əvvəl dərin iqtisadi-siyasi böhran içində çabalayan kapitulyant ölkəyə gərəkdir.
*****
Məhz “nala-mıxa” vurmaların nəticəsidir ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” xəbərdarlığını görməzlikdən gəlir, hələ də ona heç bir reaksiya verməyib. Hərçənd İlham Əliyevin həmin tələbindən sonra baş nazir Nikol Paşinyanın özü parlamentdə çıxış edib, sərhədlər, kommunikasiya mövzusunda geniş danışıb, İrəvanın da nəqliyyat yollarında maraqlı olduğunu söyləyib.
Elə isə konkret iş, əməl hanı bəs? Azərbaycan tərəfi Zəngəzur dəhlizinin özünə aid hissəsində artıq avtomobil və dəmir yollarının intensiv inşa və bərpa işləri aparır. Dəhlizin cəmi 40 km-lik hissəsi düşən Ermənistan nə vaxt eyni işləri görməyə başlayacaq?
Son sualın cavabını Bakı, İlham Əliyevlə yanaşı, 10 noyabr kapitulyasiya sənədinə imza atmış Rusiya və onun prezidenti Putin də gözləyir. 26 noyabr Soçi görüşündə belə bir tələb İrəvanın diqqətinə bir daha çatdırılıb. Ləngimə isə tam iflas ərəfəsində olan Ermənistana yaxşı heç nə vəd eləmir. Ona görə ki, sülhün alternativi hərbi əməliyyatlardır. Yəni İrəvan xoşluqla sülhə gəlməsə, götürdüyü öhdəlikləri yerinə yetirməsə, buna məcbur ediləcək. Hansı ki, Azərbaycan Prezidentinin son Zəngəzur xəbərdarlığında da əksini tapıb.
Həmin sitatı erməni tərəfi üçün təkrar xatırlatmağın yeri var. Sitat: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq”.
Göründüyü kimi, xəbərdarlıq mesajı Ermənistan cəmiyyətinə də ünvanlanıb ki, sonra yeni “sink tabutlar”a görə peşmanlıq keçirməsin. Nəticə çıxarılacaqmı? Söyləmək çətindir...
*****
“Azərbaycan yeni müharibəyə və ya ən azı, Ermənistanı dövlət sərhədi xəttinin müəyyənləşdirilməsinə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
Onun sözlərinə görə, əgər Azərbaycan cəmiyyətində bir müddət öncə Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindən Ermənistana qarşı hərbi təzyiq olmadan açılacağına əminlik mühiti mövcud idisə, daha belə gözlənti yoxdur.
“Mən əminəm ki, Prezident Əliyevin Zəngəzur nəqliyyat dəhlizinin açılışının dəqiq tarixi barədə sualı Ermənistan tərəfindən cavabsiz qalacaq. Hətta bu sual dekabrın 15-də Brüsseldə Paşinyanla görüşdə də cavablanmayacaq. Brüssel Bakının yox, İrəvanın meydanıdır. Bu görüşü səbirsizliklə gözləyən də məhz Ermənistandır. Artıq hamıya bəlli olur ki, İrəvan öz xoşu ilə üçtərəfli sazişin tələblərini yerinə yetirmək istəməyəcək”, - deyə o qeyd edib.
Kuznetsovun fikrincə, mövsümi təbii-iqlim şəraitinə və ərazinin xarakterinə görə Zəngəzur istiqamətindəki istənilən hərbi fəallıq çox çətin olacaq: “Dağlarda, qış aylarında yayla müqayisədə hərbi əməliyyat aparmaq ikiqat, üçqat mürəkkəbdir. Buna görə də ”Zəngəzur dəhlizinin açılmasına məcburetmə əməliyyatı"nın fəal fazasını gözləmirəm".
Lakin o hesab edir ki, Ukrayna ətrafında hərbi-siyasi gərginlik qış aylarında pik həddə çatsa, dünyanın diqqəti məhz o regiona yönələcək və bu halda Azərbaycan “səs-küy”dən istifadə edərək Zəngəzur məsələsini birdəfəlik həll edə bilər. “Qışa, çətinliyə baxmayaraq, Azərbaycan Ordusu bu missiyanı da layiqincə yerinə yetirə biləcək. Azərbaycan Ordusu istənilən yerdə, istənilən hava şəraitində hərbi əməliyyatlar teatrı çərçivəsində döyüşlər aparmaq üçün kifayət qədər təchiz edilib və hazırlanıb. Onu da qeyd edim ki, İlham Əliyev hazırda bir sözü ilə regionun taleyini dəyişə biləcək yeganə şəxsiyyətdir”, - analitik əlavə edib.
*****
“Dekabrın 15-də bizi ”Brüssel tamaşası" gözləyir".
Bunu isə digər rusiyalı tanınmış ekspert Vitali Arkov bildirib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmaq üçün daha hansı bəhanələr tapacağını təsəvvür etmək belə çətindir. “İrəvan Brüssel görüşünə böyük ümidlər bəsləyir. Oradan gələn bəyanatları Prezident İlham Əliyevlə baş naziri Nikol Paşinyan arasında baş tutacaq danışıqlara hazırlıq kimi başa düşmək lazımdır. Paşinyanın məqsədi Rusiyanın regiondakı proseslərə təsirini azaltmaq, Qərb ağalarının Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışmaqdır”, - deyə o vurğulayıb.
Politoloqa görə, Avropa İttifaqı heç vaxt hər iki tərəfi eyni vaxtda qane edən prinsipial yenilik ortaya qoya bilməz: “Hər şey öncədən Moskva tərəfindən Bakı və İrəvanla sıx əməkdaşlıq şəraitində hazırlanıb və onlar tərəfindən qəbul edilib. Bu gedişlə, İrəvan Brüssel görüşündən sonra da razılaşmalara ”təpik atacaq". O halda isə Bakı başqa təsirli tədbirləri görəcək. Azərbaycan artıq səbir nümayiş etdirməyəcək".
Bakının səbri ilə oynamağın nə demək olduğunu isə gərək ki, İrəvanda yaxşı bilirlər...
“Yeni Müsavat”