Fazil Mustafa: “Real təhlükə artıq qapıdadır”
Tarix: 3-08-2015, 12:18 |
Çap et
Parlament seçkisi ilində, xüsusilə də seçkilərə 90 gündən də az zaman qalması şəraitində Azərbaycanın siyasi gündəmini tamam ayrı mövzular zəbt edib. Uzaq-yaxın demokratik ölkələrin təcrübəsində isə seçkilər ölkə vətəndaşının taleyüklü məsələsi olduğu üçün aparıcı mövzu olur və digər məsələlər arxa plana keçir. Böyük Quruluş Partiyasının (BQB) sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a müsahibəsində bu situasiyanın obyektiv və subyektiv səbəbləri barədə danışdı.
Vertikal.az müsahibəni təqdim edir:
- Fazil bəy, parlament seçkilərinə artıq 3 aydan da az zaman qaldı. Seçki ili olduğunu hiss edirsinizmi?
- Azərbaycanda seçkilərin son illərdə daha ajiotajsız keçməsinin səbəbi müxalifətin ildən-ilə gücünün azalması ilə bağlı olsa da, digər faktorları da diqqətdən qaçırmamalıyıq. Çevrəmizdəki ölkələrdə baş verənlər insanları daha təlatümsüz, qarşıdurmasız dəyişiklik barədə düşünməyə alışdırmış. Hətta siyasiləşməmiş insan qrupları belə, hansısa sərt dirənişin idarəolunmaz xaosa çevrilməsi qorxusu içindədir. Ona görə də siyasətdənkənar çoxluğun siyasətə bulaşmamaq barədə səssiz qərarı hiss olunur, bu səssizlik isə bütün hallarda hakimiyyətin xeyrinə işləyir və ona görə də seçki ilinin necə hiss olunması ancaq iqtidarın istək və davranışı ilə əlaqələndirilir. Yəni iqtidar istədikdə canlanma olacaq, istəməzsə, hər şey köhnə qaydasında gedəcək.
- Siz özünüz də partiya sədrisiniz. Nədən siyasi partiyalar gözləmə mövqeyindədir? Sanki hakim partiya müxalifəti, müxalifət də YAP-ı gözləyir. Bu, normaldırmı?
- Azərbaycanda partiya demokratiyası zəif səviyyədə olduğuna görə onların edə biləcəyi cəhdlərin cəmiyyət həyatına əhəmiyyətli təsiri olacağını düşünmürəm. Əgər partiyalar öz proqramı və kadr arsenalı ilə bir siyasi institut kimi seçki rəqabətinə qoşula bilmirsə, o zaman onların inkişafı üçün ciddi bir stimul yaranmır. Proporsional seçki sistemi partiyanın cəmiyyətə açılımıdır, onunla daha məsuliyyətli təmasıdır və hər şeydən öncə rəqabətə davamlılıq potensialının yoxlanışıdır. Partiyanın məqsədi həm də hakimiyyətə gəlməkdir, hakimiyyətin də bir qolu qanunverici orqandır. Hökumət koalisiyası imkanı yox, müxtəlif təftiş-nəzarət qurumlarında təmsilçilik imkanı yox, fraksiya yaratmaq imkanı yox, o zaman partiyaların sistemli fəaliyyətindən daha çox, fərdlərin partiya adından çalışması, mövqe qazanması daha qalıcı bir reallığa çevrilir. Hətta hakim partiyanın özü də siyasi proseslərə yön vermək imkanına sahib deyil, çünki qanunverici orqanda partiya modeli kimi deyil, dövlətin idarə olunmasına yardım etməklə kifayətlənən məhdud bir fəaliyyəti öz üzərinə götürüb. Bu isə partiya demokratiyasının inkişafına mənfi təsir göstərir.
“Hətta hakim partiyanın özü də siyasi proseslərə yön vermək imkanına sahib deyil”
- Seçkilərin nəticələrinin tanınması bu dəfə ənənəvi qaydada müzakirə və mübahisə predmetinə çevrilə bilərmi? Hakimiyyət ATƏT və Avropa Şurasına seçkini müşahidə üçün dəvət göndərib, lakin beynəlxalq qurumlarla münasibətlər heç də normal deyil. Bu mənada seçkisonrası situasiyanı necə təsəvvür edirsiniz?
- Bu məsələdə hakimiyyətin arqumentləri Avropa qurumlarından daha güclüdür. Təbii ki, Avropa qurumlarından uzaqlaşmaq bizim üçün doğru seçim olmazdı, hətta qarşılaşdığımız ədalətsizliklərin miqyası böyük olsa belə. Bu məkandan biz fayda və dəstək gözləməsək də, orada mövcudluğumuz əleyhimizə olan total hücumları, Ermənistanın daha imtiyazlı bir mövqeyə çıxarılmasına mane ola bilir. Bununla belə, Avropa oyunları zamanı istər Avropa İttifaqının, istərsə də Avropa Şurasının açıq qərəzli mövqe nümayiş etdirməsi bu qurumların Azərbaycan üzərində etimadını və təsirini xeyli azaltdı. Əvvəllər hətta neytral insanda belə az da olsa ümid vardı ki, Azərbaycanda insan haqlarının vəziyyəti buradakı təmsilçiləri narahat edir və səmimi şəkildə müəyyən nöqsanların ortadan qaldırılmasını istəyirlər, lakin indi baxış bucağı xeyli dəyişmiş oldu. İnsan haqları artıq Avropa qurumları üçün alver vasitəsindən başqa bir şey kimi sezilmir. Üstəlik də Ermənistanı işğalçı dövlət kimi tanıyaraq sanksiyalar tətbiq etməkdən yayınan bu qurumların, halımıza necə yanmasını görməkdə çətinlik çəkmərik. Ona görə də bu qurumların müşahidə edib-etməməsinin və ya verdiyi rəyin hansısa problem yaradacağını inandırıcı saymıram.
- Yəqin ki, şəxsən seçkidə iştirak qərarınız var. Bəs, dairə seçimində necə, dəyişiklik ola bilərmi?
- Seçkidə iştirak etmək niyyətim var. Hələlik yeni dairə barədə düşüncəm yox, seçicilərini daha yaxşı tanıdığım dairədə resurslarımın daha güclü olduğunu düşünürəm.
- KXCP-nin qurultayında sizi görmədik. Uzun illər bir partiyada fəaliyyət göstərdiyiniz keçmiş cəbhədaşlarınızın ali tədbirində iştirak etməməyiniz nə ilə bağlı idi?
- Dəvət olunmuşdum, sadəcə, rayondaydım, sırf texniki səbəbdən iştirak etmədim. Ancaq Mirmahmud bəyə dəvət edərkən təbriklərimi çatdırdım.
- Hakimiyyətdən əfvlə bağlı gözləntilər özünü doğrultmadı. Hazırda Tofiq Yaqublunun səhhətində problemlər yaşanır. Belə bir situasiyada təklifiniz nədir?
- Dəfələrlə bəyan etmişik ki, Tofiq Yaqublu kimi bir Qarabağ qazisinin, həm də müxalifət partiyasının sədr müavininin bu qədər həbsdə saxlanması yanlışdır və onun azadlığa buraxılmasını iqtidarın ən doğru qərarlarından biri olacağına inanıram. Təəssüf ki, səsimiz eşidilmir, ancaq ölkənin imici üçün hansı motivlə olursa-olsun, bəzi insanların həbsdə saxlanması yaxşı hal deyil.
- Qənimət Zahidin, Emin Millinin qohumlarının həbsi, ikincinin qohumlarının isə ondan imtina bəyanatından, yəqin, sizin də xəbəriniz var. Sizcə, nə baş verir, belə vəziyyət Azərbaycan üçün nə vəd edir?
- Siyasi və ictimai fəaliyyətdə belə presedentlərlə qarşılaşmaq olur. Ancaq burada qohumların hansı motivlərlə imtina etməsi maraqlıdır. Belə bir hüquqi prosedur yoxdur, bu sadəcə bir qınaq prosedurudur. Bu da qohumların seçimidir, hər halda daha sağlam qohumluq əlaqəsi olan insanlarla bağlı belə hadisələr baş vermir. Yaxşı hal deyil, ancaq ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar belə sürprizlərdən sığortalana bilməzlər.
- AZAL-dakı qiymətlərdən siz də şikayətlənmişdiniz. Doğrudanmı, prezident iradəsindən də yuxarıda iradə sahibi var? Cahangir Əsgərov kimə və nəyə arxayındır?
- Burada sadəcə iki prinsipdən biri işləməlidir: özüm çox qazanım, vətəndaş cəhənnəmə və yaxud da özüm normal qazanım, vətəndaş da xidmətimdən razı qalsın. Hələlik birinci prinsip seçildiyindən, həm prezidentin iradı, həm də bizlərin tənqidi bu şirkəti ikinci prinsip üzərində işini qurmağa çağırışdır. Ümid edək ki, ora-bura oyalanmadan bu cağırışı ciddi qəbul edəcəklər və vətəndaşa qarşı soyğunçuluğa son qoyacaqlar.
- Qarabağa sülhməramlıların yerləşdirilməsi, Azərbaycanda Avrasiya Hərəkatının yaradılması və bu kimi məsələlər gündəmin əsas müzakirə mövzularına çevrilməkdədir. Bütün bunlar real təhlükədən xəbər verir, yoxsa keçici polemikalardır?
“Avropa qurumlarından uzaqlaşmaq bizim üçün doğru seçim olmazdı, hətta qarşılaşdığımız ədalətsizliklərin miqyası böyük olsa belə”
- Artıq real təhlükədən xəbər verməyin yeri yoxdur. Real təhlükə qapıdadır və bu yanğını hansı küləyin haraya daşıyacağı riskini bütün insanlarımız görməlidir. Bu gün Azərbaycanda hər bir insanın əsas hədəfi sadəcə hakimiyyət naminə deyil, birbaşa öz marağı naminə sabitliyi qorumaqdır. Elə məsələlər var ki, orada tərəddüdsüz uzlaşma yolu seçilməlidir. Qarabağda sülhməramlıların yerləşdirilməsi terminini yaxına buraxmaq indiki halda ölkəmiz üçün təhlükəlidir. Sülhməramlılar torpaqlar işğaldan azad olunduqdan sonra ancaq Azərbaycanın razılığı ilə Ermənistanla bütün dövlət sərhədi boyunca yerləşdirilə bilər. Avrasiya Hərəkatının isə ciddi bir qurum olaraq yaradılması barədə məlumatım azdır. Hər halda başqa ölkələrə işğalçılıq üçün dəvət göndərməyə çalışan qüvvələrə cəmiyyət olaraq sərt mövqe göstərməliyik. Bu Vətənə toyda iştirak üçün xaricdəki dostların dəvəti hamımızın ürəyincədir, lakin müstəqilliyimizə toy tutmaq üçün xaricə dəvət göndərənlərin nikah tortunu yemək olmaz.
- Fazil bəy, son günlər avtomobil qəzalarında və dənizdə həlak olanların sayı sürətlə artmaqdadır. Normalda bu fəlakətlərdən xilas yolları ümummilli müzakirələrə səbəb olmalıdır. Lakin biz hətta Qarabağ cəbhəsindəki itkilərimizi də ümummilli diskussiyaya çevirə bilmirik. Sizin bu kimi bədbəxt hadisələrdən sığortalanmaq üçün konkret təklifiniz varmı? Özü də həlak olanların əksəriyyəti gənclər, potensial döyüşçülər...
- Bu, çox üzücü bir haldır və hər dəfə insanların bu kimi qəzalarda doğan faciəsini eşidərkən, nəyinsə yerində olmadığını düşünürsən. Bütövlükdə hər bir insan özünün qoruyucusu olmalıdır. Bir çox hallarda bu insanlar öz məsuliyyətsizliklərinin, səhlənkarlıqlarının qurbanına çevrilirlər. İçkili dənizə girmək, maşın sürmək, canqurtarıcı köynəyi geyməkdən imtina etmək, maşında kəmər taxmağa xor baxmaq xoşagəlməz nəticələr doğurur. Ancaq bir reallıq var ki, insanların hamısı qaydalara əməl etsəydi, dünyamız da fərqli olardı. Bütün hallarda yorulmadan profilaktik xəbərdarlıq tədbirləri görülməlidir. İnsanlara öz həyatına dəyər verməyə alışdırmalıyıq.
O zaman başqasının da həyatına anlayışla, hörmətlə yanaşarlar. Yanımızda siqaret çəkən gəncə, maşınından zibil atan sürücüyə, vəhşicəsinə spirtli içmiş qohumumuza, tanışımıza, yolda xuliqanlıq edən kimsəyə yaxınlaşıb irad bildirməyi öz vəzifə borcumuz hesab etməyənə qədər laqeydlərin, dəyərsizlərin çoxluğu altında əzilməyə davam edəcəyik. Həm də o halda Qarabağ cəbhəsindəki hər itkini də öz ailə üzvümüzün itkisi kimi qəbul etmək əxlaqından da çox-çox uzaq olacağıq.