"Bu uğurların arxasında Prezident İlham Əliyev şəxsiyyəti dayanır"
Tarix: 16-07-2015, 09:57 | Çap et
"Bu uğurların arxasında Prezident İlham Əliyev şəxsiyyəti dayanır"
Vertikal.az Milli Məclisin deputatı Jalə Əliyevanın yap.org.az-a müsahibəsini təqdim edir
- Jalə xanım, məlum olduğu kimi, IV çağırış Milli Məclisin beşillik fəaliyyəti başa çatır. Ümumiyyətlə, Milli Məclisin bu müddət ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?Həmçinin, özünüzün bu dövrdəki fəaliyyətinizlə bağlı hesabat vermisinizmi?
- Milli Məclis qanunverici orqan kimi ölkəmizin həyatında, onun inkişafında mühüm rol oynayır. Çünki hər bir məsələ qanunla tənzimlənir ki, bu qanunları da parlament qəbul edir. Bu mənada qanunvericilik orqanında təmsil olunmaq həm şərəfli, həm də məsuliyyətlidir.
Ümumi şəkildə deyə bilərəm ki, ötən beş il ərzində parlament məhsludar işləyib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Milli Məclisin qəbul etdiyi qanunlar ölkəmizin hərtərəfli inkişafında hüquqi baza rolunu oynayır. Nəzərə alsaq ki, bu gün ölkəmiz dinamik inkişaf edir, təbii ki, burada parlamentin də özünəməxsus rolu var. Milli Məclis ötən beş il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə ciddi dəstək verib. Qəbul olunan qanunlar müstəqilliymizin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, əhalinin rifahının yüksəlməsinə, müdafiə qabiliyyətinin artmasına, bütövlükdə bütün sahələrin inkişafına xidmət edir.
Millət vəkilləri də qanunyaradıcılığı işində yaxından iştirak edirlər. Eləcə də, onlar həm ölkəmizi beynəlxalq təşkilatlarda layiqincə təmisl etməyə çalışır, həm də seçicilərinin fikirlərini, ifadə edir, onların problemləri ilə məşğul olurlar. Mən də millət vəkili olaraq bu yöndə fəaliyyət göstərirəm. Bu fəaliyyətimə isə özümün qiymət verməyim doğru olmazdı. Seçicilərim daha dəqiq qiymət verə bilərlər.
- Millət vəkili kimi seçicilərlə təmaslarınız hansı səviyyədədir və bu istiqamətdə gördüyünüz işləri qənaətbəxş hesab edirsinizmi?
- Millət vəkili kimi fəaliyyət göstərdiyim bütün dövrdə seçicilərimlə mütəmadi olaraq təmasdayam, onlarla tez-tez görüşürəm. İnsanlar var ki, gördükləri işləri təbliğ edir, bəziləri isə etmir. Necə deyərlər, «sağ əlin verdyini sol əl bilmir». Amma bütün hallarda seçicilərimin maraqlarını qorumaq millət vəkili olaraq mənim borcumdur və onların qarşısında vaxtaşırı hesabat verilməlidir. Yenə də deyirəm ki, mənim fəaliyyətimə seçicilərim qiymət verə bilər. Ən düzgün qiymət budur. Əlbəttə, parlament kimi yüksək bir orqana seçilmək çox şərəflidir. Eyni zamanda, millət vəkilinin seçiciləri, dövləti qarşında öhdəçiliyi olur. Mən şəxsən özümü bu dövlətin əsgəri hesab edirəm.
Vətəni sevən ziyalı olaraq parlamentə seçilərkən seçicilər qarşısında qaldırdığım məsələlərdə ilk növbədə dövlətimin mənafeyini və xalqımın firavanlığını düşünmüşəm. Verilən vədlər səndən asılı olmayan səbəblərdən yerinə yetirilməsə böyük etimadsızlıq yaranır. Buna görə də, seçicilərlə göürüşümüzdə heç zaman «bunu edəcəyəm, bu işi görəcəyəm» deməmişəm. Çünki millət vəkilinin işi qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır. Deputat hansısa sosial-iqtisadi problemlərin həlli ilə məşğul olmur. Amma seçicilərinin problemlərinin həllini müəyyən təşkilatlar qarşısında qaldırır.
Bu gün Azərbaycan dövləti uğurlu sosial-iqtisadi siyasət həyata keçirir. Bu siyasət nəticəsində bölgələrdə bütün sosial məsələlər həllini tapır, əhalinin rifahı yüksəlir. Təbii ki, bu siyasəti həyata keçirən «Mən hər bir azərbaycanlının Prezidenti olacağam» deyən dövlət başçısı İlham Əliyevdir. Azərbaycanı digər ölkələrdən fərqləndirən əhəmiyyətli cəhət odur ki, Azərbaycan praqmatik siyasətlə idarə edilir. Bəlkə də bu gün digər ölkələrlə müqayisə edilməyəcək qədər Azərbaycan inkişaf edir. Bu uğurların arxasında Prezident İlham Əliyev şəxsiyyəti dayanır. Onun ölkəsi üçün gördüyü işlər o qədər böyükdür ki, həyata keçirilən siyasət təkcə bu günə deyil, onilliklərə xidmət edir.
Mən 2005-ci və 2010-cu il parlament seçkilərində millət vəkili seçilmişəm. Həmin seçkilər dövründəki mühiti müqayisə etsək, fərqli mənzərələr ortaya çıxır. Biraz daha əvvələ qayıtsaq deyə bilərəm ki, 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıdanda ilk olaraq dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. Bundan sonra Ulu öndər Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və ölkəmiz inkişaf yoluna çıxdı. Eyni zamanda, Azərbaycan dünyada tanınmağa başladı. Ulu öndərimizin siyasətini layiqincə həyata keçirən Prezident İlham Əliyev bu siyasəti yeni mərhələdə böyük bir uğurla davam etdirir.
Qeyd edim ki, həmin illərdə ölkədə sosial-iqtisadi problemlər tədricən, mərhələlərlə həllini tapırdı. 2005-ci və 2010-cu il seçkiləri ərəfəsində seçicilərin arzu və istəkləri də fərqli idi. Mən parlamentdə Zərdab rayonunu və Ucarın 3 kəndini təmsil edirəm. 2005-ci il seçkilər ərəfəsində seçicilər işıq, su, yol problemindən danışırdılar. Şükürlər olsun ki, qısa müddətdə bu problemlər həll olundu. O zamanlar görüşlərdə deyirdik ki, 3-5 il ərzində yolsuz, qazsız, susuz məkan qalmayacaq və bu, belə də oldu. Görülən işlərin arxasında isə dövlətimiz və dövlətimizin başçısı dayanır. Mənim ixtiyarım yoxdur ki, təmsilçisi olduğum rayonun su, qaz işıq, yol problemi yoxdursa «bunu mən etmişəm» deyim. Amma elə məqamlar olur ki, seçicinin hansısa istəyi eşidilmir. O zaman biz varıq, onların sözünü parlamentdə deyirik. Milli Məclisdə hər il hökumət hesabat verir, eləcə də, dövlət büdcəsi müzakirə olunur. Bu müzakirələrdə hər zaman seçildiym bölgə ilə bağlı fikrlərimi, təkliflərimi irəli sürürəm. Hökümət də bizim seçildiyimiz bölgələrlə bağlı məsələləri nəzərə alır və bu məsələləri hesabatlarına daxil edir. Seçicilər fərdi qaydada da müraciətlər edirlər. Bu müraciətlər sosial problemləri, əmək fəaliyyəti və s. əhatə edir. Bu problemləri də mümkün qədər həll etməyə çalışırıq. Əgər kiməsə dəstək ola bilirəmsə, kimisə sevindirə bilirəmsə, bundan qürur duyuram.
- Bəllidir ki, müasir Azərbaycanın intensiv tərəqqisinin fonunda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır. Bu mənada, təmsil olunduğunuz bölgənin inkişafı, görülən işlər barədə nə deyə bilərsiniz?
- Vaxt var idi ki, Zərdab rayonu geridə qalmış rayon hesab olunurdu. İndi isə vəziyyət tamamilə başqadır. Zərdabın 37 kəndi var və hazırda kəndlərin böyük əksəiyyət qazlaşdırılıb, yol problemləri həll olunub.
Son illər ölkə Prezidentinin rayonumuza bir neçə səfəri olub. Xüsusilə, Kür çayının daşqınları zamanı rayona böyük diqqət ayrıldı. Bu gün də rayonda abadlıq, quruculuq işləri gedir. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün binalar tikilib. Onlardan biri keçmiş peşə məktəbinin istifadəsiz qalmış binası idi. Mənim 2005-ci il seçki proqramıma bu məsələ də daxil idi. Həmin bina Təhsil Nazirliyinin balansından çıxarılaraq 32 mənzilli yeni bina şəklində inşa edilərək şəhid ailələrinə verildi. Daha sonra da, bu kateqoriyalı insanlar üçün 16 mənzilli bina tikilib istifadəyə verildi. Hazırd isə fərdi evlər də tikilir.
2005-ci ildə getdiyimiz kəndlərdə məktəb problemi var idi. Demək olar ki, bütün məktəblərin istismar müddəti bitmişdi. Zərdabda ilk gözəl məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikildi. Həmin məktəbin açılışında ölkə Prezidenti də iştirak etdi. O dövrdən indiyədək rayonda xeyli məktəb tikilib.
Digər bir vacib məsələ budur ki, 3 il əvvəl Ağsudan Zərdaba içməli su kanalı çəkildi. Kür ətrafında yaşamalarına baxmayaraq, rayon əhalisi nəinki təsərüfatı sulamaq uçün, hətta içməli su problemindən əziyyət çəkirdi. İndi isə içməli təmiz bulaq suyu ilə təmin olunublar. Əgər 10 il əvvəl işıq rayona gün ərzində 3-4 saat verilirdisə, indi fasiləsiz verilir. Bir vaxtlar keçilməz olan kənd və rayon yolları indi tamamilə yeni görkəm alıb, ən müasir standartlarla yollar çəkilib. Əlbəttə ki, oppenentlərimiz deyə bilərlər ki, burada təəccüblü heç nə yoxdur, bu bütün inkişaf etmiş dünya ölkələrində belədir. Çünki insanların həyat şərati yüksək olmalıdır. Amma biz nəzərə almalıyıq ki, Azərbaycan müstəqilliyinin cəmi 24-cü ilini yaşayır. Biz elə dövrdə müstəqillik əldə etmişdik ki, ölkənin daxilində vətəndaş müharibəsi gedirdi, bir tərəfdən də hərbi təcavüz var idi. Bu təcavüz təəssüf ki, bu gün də davam edir. Yəni torpaqlarımızın işğal altında olduğu şəraitdə belə bir inkişaf var. Mən deyərdim ki, 200 illik dövlətçilik tarixi olan ölkələr qədər qısa bir zamanda özümüzü təsdiq etdik. Bu gün ölkəmiz üçün əhalinin sosial problemlərinin həlli priorietdir. Bu, qlobal problemi olan ölkədə təmin edilir. 24 ildə Azərbaycan 200 illik bir yol keçib. Bu bir həqiqətdir.
- Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü kimi bu sahədə görülən işləri və qanunvericilik bazasını necə qiymətləndirirsiniz?
- Milli Məclisin digər komitələri kimi Mədəniyyət komitəsi məhsuldar işləyir. Mədəniyyət deyəndə bəzən dar çərçivə düşünülür. Sanki, mədəniyyət təkcə incəsənət, musiqi deməkdir. Amma mədəniyyət həyatımızın bir normasıdır. Elə bir sahə yoxdur ki, mədəniyyətdən yan ötsün.
Ümumiyyətlə, ayrı-ayrı sahə qanunlarının hər birində mədəniyyətlə bağlı müddəalar var. Bu sahədə ən əhəmiyyətli sənəd «Mədəniyyət haqqında» qanundur. Bu qanun müstəqilliymizin ilk illərində qəbul olunmuşdu. Ona görə də, müasir dövrlə ayaqlaşmırdı. Yeniliklər, tələblər var idi ki, bunlara cavab vermirdi. Ona görə də, bu qanunun yenidən hazırlanmasına ehtiyac var idi. Uzun müddət yeni layihə üzərində iş getdi. Mədəniyyət haqqında qanun sıfırdan yazılaraq qəbul olundu. Eləcə də, komitəmiz tərəfindən yaradıcı insanlar və təşkilatlar, muğam sənəti, dil haqında, kulinariya haqqında qanunlar müzakirə olunub. Bu qanunların bəziləri hələ qəbul olunmayıb. Mən Azərbaycan dili haqqında qanunu xüsusilə vacib hesab edirəm. Dilimiz bu gün elə səviyyədədir ki, dilimizin qorunmasına, gələcək nəsillərə ötürülməsinə böyük ehtiyac var. Bu baxımdan, qanunvericilik orqan kimi üzərimizə böyük vəzifə düşür.
Həmçinin, bu baxımdan, «Reklam haqqında» qanun da vacibdir. Reklamın dili, üslubu çox əhəmiyyətlidir. Bəzən bunu xırda məsələ hesab edirlər, amma elə deyil. Mən vaxtilə dil polisi yaradlılması təklifini irəli sürmüşdüm. Amma opponentlərimiz bu təklifi tənqid etmişdilər. İndi o məsələnin aktuallığı haqda fikirlər səslənir. Hesab edirəm ki, demokratik cəmiyyətlərdə söz, fikir azadlığı olsa da, elə dəyərlər var ki, onları qorumağa hər birimiz borcluyuq və dil bunların ən başında gəlir.
- Jalə xanım, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edərək möhtəşəm tarix yazdı. Ölkəmizin bu tarixi nailiyyətini necə dəyərləndirirsiniz?
- Adından göründüyü kimi Azərbaycanın ilkə imza atması böyük qürur mənbəyidir. Bu ölkəmizə olan etimad, inamdır. Belə mühüm qərarları qəbul edən insanlar çox təcrübəlidir. Onlar 10 minlərlə insanın canlı, milyonlarla insanın isə televiziya kanallarından izləyəcəyi belə möhtəşəm tədbirə ev sahibliyi edəcək ölkəni qərar verməmişdən əvvəl ciddi şəkildə öyrənirlər. Əgər bu qərarı Azərbaycan üçün verdilərsə, bu ölkənin gücünə, sabitliyinə, tolerantlığına inanaraq bunu etdilər. Azərbaycan cəmi 2 il yarım ərzində bu Oyunlara hazırlaşdı. Vacib məqam budur ki, buna hazırlaşarkən hansısa oyunlara istinad etmədi. Çünki Avropa Oyunları ilk dəfə idi keçirilirdi. Əslində, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Avropa Oyunlarını izləyən milyonlarla insan tədbirin açılış və bağlanış mərasimlərini görüb təəccüblənməyə bilməzdi. O gün orada Azərbaycan adlı möhtəşəm bir simfoniya çalınırdı ki, onun müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevadır.
İrəlini zəka ilə görmək bacarığı varsa, dövlət-vətəndaş birliyi varsa hər bir işin öhdəsindən gəlmək olar. Bunu özümüzə və Avropaya nümayiş etdirə bildik. Təəssüf ki, Oyunlar ərəfəsində ölkəmizə qarşı riyakarlıq, qarayaxmalar oldu. Amma bir vətəndaş kimi düşünürəm ki, bu riyakarlığın arxasında ölkəmizin artan nüfuzuna, bölgənin birincisi olmaq imkanına qısqanclıq dayanır. Avropa Oyunları da isbat etdi ki, Azərbaycan bölgənin lideridir. İnanıram ki, Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq və yaxın gələcəkdə fövqəlgücə malik dövlətlərin sırasına çıxacaqdır.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net