
29.09.2015 tarixində Ali Məhkəmədə möhtərəm Akif İsgəndərovun sədrliyi
ilə işdən qanunsuz qovulmağıma görə itirdiyim17 aylıq əmək haqqı və 2
aclıq aksiyasının (52 və 29 sutkalıq) sağlamlığıma vurduğu zərərə görə
təzminat iddiama yenidən baxıldı və kassasiya şikayətim qismən təmin
olundu. Möhtərəm Akif İsgəndərov işə baxılarkən süründürməçiliyə yol
verildiyini bir neçə dəfə qeyd etdiyindən, yazılı qərarda bu
süründürməçiliyə yol verən hakimlərin əməllərinə Məhkəmə-Hüquq
Şurasında hüquqi qiymət verilməsinə dair bənd olacağına ümid edirəm.
İş o yerə çatmışdı ki, eyni işə görə 3-cü kassasiya şikayəti yazsam
da, bu şikayəti heç bir vəkil imzalamaq istəmirdi. Açıqca hakimlərin
qanun pozuntularına Məhkəmə-Hüquq Şurasında hüquqi qiymət verilməsi
xahişini kassasiya şikayətimdən çıxarılmasını tələb edirdilər. Mən
məcbur olub Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımdan kömək
istədim və ancaq bu müraciətdən sonra kassasiya şikayətim çox operativ
olaraq qəbul olundu. İmkandan istifadə edib bir daha bu köməyə görə
ümummilli liderimizin adını daşıyan Fondun əməkdaşlarına və şəxsən
Mehriban xanıma təşəkkür edirəm. Möhtərəm Akif İsgəndərovun yazılı
qərarda süründürməçiliyə yol verərək müharibə veteranını çörək
imtahanına çəkən hakimlərin qanun pozuntularına Məhkəmə-Hüquq
şurasında hüquqi qiymət verilməsi barədə qeyd yazacağına ümid edirəm.
Bundan başqa aclıq aksiyalarının sağlamlığıma vurduğu zərərə görə
təzminatın miqdarını təyin etmək üçün ekspert komissiyası təyin
olunması və bunun üçün mənim 500 manat ödəməli olduğumu elan edən
möhtərəm Akif İsgəndərov kobud səhvə yol verdi. Belə ki, ekspert
komissiyası hakim tərəfindən təyin edildikdə xərclər tərəflər arasında
bərabər bölünməlidir (MPM-in 117-ci maddəsi). Bundan başqa uzun
müddətdir ki, məhkəmə süründürməçiliyinə görə itirilən əmək haqqını
ala bilmədiyindən borclarını qaytara və müalicə oluna bilməyən bir
müharibə veteranı bu 500 manatı haradan tapmalıdır? Möhtərəm Akif
İsgəndərov kimi təcrübəli bir hakimin belə səhv etməsi təsadüfidirmi?
Möhtərəm Akif İsgəndərovun əmək haqqımın GDU tərəfindən I
instansiya məhkəməsinə verdiyi arayışda 85 manat az göstərilməsi
(ödənişli təhsildən müəllimlərə verilən əlavə əmək haqq) məsələsində
də GDU-nun tərəfini saxlaması şübhələrim qaldı.
Beləliklə bu məhkəmə iclasından sonra başa düşdüm ki, GDU
məmurları mənim əmək haqqımı və sağlamlığıma vurulan zərərə görə
təzminatı tam ödəməmək üçün sona qədər istənilən məbləğdə pul
xərcləməyə hazırdılar. Bu səbəbdən kafedra müdirim Zakir Zeynalova
qarşı intihar həddinə çatdırma maddəsinə görə cinayət işinin
qaldırılması barədə prokurorluq orqanlarına müraciət edəcəyəm. Bu yay
Təhsil Nazirinin qəbulunda olmuşdum və kafedra müdirimin mənə qarşı
qərəzli hərəkətlərindən şikayət etmişdim. Aldığım rəsmi cavabda bundan
sonra ciddi problemlər yaranmayacağı bildirilmişdir. Ancaq elə indidən
Zakir Zeynalov elmi dərəcəsi olmayan müəllimlərə dərs verilməyəcəyini
bildirərək məni hədələyir. Eyni zamanda vəzifəsindən sui istifadə və
fırıldaqçılıq maddələrinə görə isə GDU-nun hüquq məsləhətçisi və baş
mühasibinə qarşı da cinayət işinin qaldırılması barədə də müraciət
etməli olacağam.
GDU məmurları Xocalı soyqırımından sonra könüllü milli orduya
gedən tək GDU əməkdaşına qarşı soyqırım siyasətindən əl çəkmir.
P.S. Bakıya Ali Məhkəməyə yaşadığım Göygöl şəhərindən gedərkən
yolda qəribə bir hadisə oldu. Bir ağsaqqal avtobusda uzun müddət
hakimi ağacla vurmağı (hələ ağacı kostyumun qolunda gizlətməyi
məsləhət görürdü), bir tapança alıb, hakimi öldürməyi məsləhət
görürdü. Mən guya yatdığımı göstərsəm də, ağsaqqal bərkdən bu sözləri
dəfələrlə təkrar edirdi. Beləliklə hakimlərimiz bu yolla şikayətçini
cinayətkara çevirmək istəyirlər. Onu da qeyd edim ki, bu ağsaqqal uzun
müddətdir ki, hər məhkəmə iclasından əvvəl hakimlərin tərəfini
saxlamaqla mənimlə mübahisə edir.
Fikrət Hacıyev


