Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən Oxu.Az-a verilən məlumata əsasən, hərracda tələb 30,6 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib.
Bildirilib ki, ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır. Cari ilin ikinci rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.
Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dollarını təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin birinci rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5,6 faizi həcmində profisit olub.
Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.