Ölkədə nə ali təhsil var, nə də qanunu: - “Qəbul aparırlar, amma kadr hazırlaya bilmirlər”
Tarix: 30-06-2021, 16:57 | Çap et
Ölkədə nə ali təhsil var, nə də qanunu: - “Qəbul aparırlar, amma kadr hazırlaya bilmirlər”
Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.

Müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək.

Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq.

Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "Ali təhsil haqqında" Qanuna çox ciddi ehtiyac olduğunu deyib:

“İlk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra “Təhsil haqqında” Qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu. Bu ,"Ümumi təhsil haqqında" Qanun idi. Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi.

Bunlara "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və yekunda "Ali təhsil haqqında" Qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" Qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s.-bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir. Ona görə ki, vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir”.

Ekspertin sözlərinə görə, Azərbaycan universitetləri əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmir:

“Konkret rəqəmlərə baxaq. Bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyir və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər. Bizdə elə ixtisaslar var ki, ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib, biz hələ yarımkeçiricilərdən danışırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırır. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var. Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu, nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Onlar hazırladıqları kadrlara əmək bazarında ehtiyac olub-olmadığı bilməlidir”.

K.Əsədovun fikrincə, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır:

“Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiniz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Yəni universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlayır. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməli, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olunmasıdır”.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net