Bütün Azərbaycanı əhatə edəcək irimiqyaslı hərbi təlimlər avqustun 10-dək davam edəcək; Türk hərbçilər Naxçıvan və təntənə ilə Bakıda qarşılandı; Arzu Nağıyev: “Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiya öz “müttəfiq”ləri ilə birlikdə müəyyən hərbi təlimlər keçirir”; Üzeyir Cəfərov: “Düşmən indi çox ciddi düşünmək və götür-qoy etmək zorundadır”
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
İyulun 29-dan başlayaraq, avqustun 10-dək təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə, Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində reallaşdırılacaq. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək, Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayır ...
Ötən gün Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib. Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir. Həmçinin dünən Türkiyəli hərbçilər Bakıda da təntənə ilə qarşılanıb. Bir çoxları sosial şəbəkələr üzərində “Türk əsgəri, qal, getmə!” çağırışları etməkdədirlər.
AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ
Düşmən ölkə Bakı və Ankaranın hərbi əməkdaşlığını narahatlıqla izləməkdədir. Erməni hərbi ekspert, Ermənistanın “Orbeli” analitik-tədqiqat mərkəzinin işçisi Taron Hovhannisyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədində bir müddət öncə baş vermiş hərbi toqquşmalardan sonra Naxçıvanda keçirilən bu hərbi təlimlər iki ölkənin hərbi qardaşlığının sarsılmazlığını göstərməlidir. Erməni hərbi ekspert qeyd edib ki, cəlb edilmiş silahlanma və hərbi texnikanın sayı, təsnifatı haqqında hələlik dəqiq məlumatlar yoxdur. Ordu.az-ın məlumatına görə, Hovhannisyan istisna etməyib ki, hərbi təlimlərin təşəbbüskarları onları Ermənistan-Azərbaycan sərhədində münaqişənin aktivləşməsi ilə əlaqələndirməyə və hətta son döyüşlərin ssenarisini oynamağa çalışacaqlar.
Ancaq işğalçı ölkədə nədənsə keçən həftə Ermənistan silahlı qüvvələri Rusiya hərbçiləri ilə birgə hərbi təlimləri arxa plana keçirməyə çalışırlar. Hansı ki, Azərbaycan PUA-larından Tovuz döyüşlərində “sürprizlər” qəbul edən işğalçı dərhal “ağa”sını köməyə çağırmışdı və təlimlər də bundan sonra reallaşdı.
Şimal qonşumuz Rusiya bu arada Cənub dairəsinin 150 minlik heyəti ilə hərbi təlim keçirmək qərarını verməklə yanaşı, Xəzər donanmasını da “sınaqdan keçirmək” istədi. Hər halda, təsadüfə oxşamır,çünki Xəzərdən hər hansı təhlükə gözlənilmir. Üstəlik, Rusiya Cənub dairəsinin təlimlərinə Ermənistanı da cəlb etdi. Bunun ardınca planlaşdırılmış Türkiyə-Azərbaycan (AzTur) )hərbi təlimləri təbii ki, Rusiyaya cavab tədbiri deyil, Sadəcə düşmən xoflanır və hay-küy salır, ənənəsinə uyğun olaraq. Bununla belə, Türkiyə dövlətinin prinsipial qərarı var, Ankara torpaqları işğaldan azad etmək üçün Azərbaycana istənilən köməyi etməyə hazırdır və bu, Rusiyanın arxasında gizlənənlər üçün bəlkə də son xəbərdarlıqlardandır.
Arzu Nağıyev: "Müharibədə iştirak edib status almayan şəxslər var"
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında maraqlı bir xatırlatma etdi: “Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiya öz “müttəfiq”ləri ilə birlikdə müəyyən hərbi təlimlər keçirir: “Bu, həmişə belə olub. Hətta 2016-cı ilin aprel döyüşləri vaxtı da həm Xəzərdə Rusiyanın hərbi donanmasının və digər quru qoşunlarının təlimləri başlamışdı. Fikir verdinizsə, indi də belə oldu. Lakin verilən sorğulara cavab olaraq yenə də məqsədin bu olmadığını bildirdilər. Hazırda Cənub Hərbi birləşmələrinin 5 minlik hərbi kontingenti Şimali və Cənubi Qafqazda taktiki təlimlər keçirir. Maraqlıdır ki, quru qoşunlarla birlikdə desant, Hərbi Hava Qüvvələri, eyni zamanda artilleriya sistemləri də təlimə cəlb edilib. Hərbidən az-çox xəbəri olanlar istifadə edilən texnikaya nəzər salsa, bunu dərk edər ki, əsas məqsəd uzaqdan idarəetmədən gedir. Ən müasir silahlar olan “Tornado”, ”Qrad”, “Qvozdika”, ”Akasiya” və s. buna əyani sübutdur. Bura tankları da əlavə etsək, həm kəşfiyyat, həm də döyüşün necə aparıla biləcəyinə aydınlıq gətirmək olar. Manevrlər Dağıstanda, Çeçenistanda və separatçı qurumlarda (Cənubi Osetiya, Abxaziya) və digər Rusiya bazalarında olan hərbçilər və silahlarla aprılır”. A.Nağıyev xüsusi vurğuladı ki, burada NATO təhlükəsi yoxdur, ən yaxın xarici ordu Azərbaycan və Türkiyədir: “Məncə, əlavə şərhə ehtiyac qalmır”. Millət vəkili hesab edir ki, Rusiya böyük müharibə aparmaq iqtidarında deyil: “Çünki buna güc lazımdır, lakin lokal qarşıdurmalar yarada və həm də öz regional müttəfiqlərinə, o cümlədən Ermənistana dəstək nümayiş etdirə bilər”. A.Nağıyev Bakı və Ankaranın hərbi əməkdaşlıq istiqamətində atdığı növbəti qətiyyətli addımları təqdir etdi: “Paralel olaraq Naxçıvanda, həmçinin ölkəmizin digər bölgələrində Azərbaycan və Türkiyə ordularının təlimləri də məhz bu günlərə elə-belə təsadüf etmir. Eyni zamanda Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək təlimlər də mühüm və ciddi məsələlərdir. Burada məqsəd Türkiyənin Azərbaycan üçün çox mühüm strateji və hərbi tərəfdaşı olması və bundan Ermənistan və onun tərəfdaşlarının ciddi narahatlığı, nəticə çıxarmasıdır. Kimlərsə, o cümlədən Ermənistan çalışır ki, bunun antirusiya tərəfini qabartsın. Lakin Türkiyə və Rusiya prezidentlərinin son telefon danışıqları buna aydınlıq gətirib. Təbii ki, Ermənistan və onun tərəfdarlları bu məsələdə İranı da narahat olmağa vadar edəcək açıqlamalar verirlər. Yəni nə qədər qonşuluq siyasəti olsa da, Türkiyə NATO-nin üzvüdür. Təbii ki, bu belə deyil. İstənilən halda, bu təlimlərdə tərəfdaşlar məlum olur, Ermənistan öz işğalçı siyasətini dərk etməli və ciddi nəticə çıəxarmalıdır”.
Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə “Yeni Müsavat”a dedi ki, Rusiya Federasiyasının son vaxtlar sərgilədiyi bəzi addımlar çox ciddi suallar doğurur: “Rəsmi Moskva gah regionda baş verənlərdən narahatçılığını dilə gətirir, gah da ardıcıl şəkildə hərbi təlimlər keçirir. Əvvəl öz vassalı Ermənistanla Hərbi Hava Qüvvələrinin iştirakı ilə Pilotsuz Uçan Aparatları ilə bağlı geniş təlimlər keçirtdi. İndi də həm quruda, həm də suda təlimlərə başlayıb. Necə deyərlər, özləri bilər. Amma regionda və son vaxtlar baş verənlərin fonunda bu sırada adi təlimlər deyil”. Ü.Cəfərov əlavə etdi ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz işini necə davam etdirirdisə, elə də davam etdirməlidir: “Qardaş Türkiyə ilə son vaxtlar bütün sahələrdə olduğu kimi - xüsusən də hərbi sahədə - daha da yaxından əməkdaşlıq edilməlidir. Bəzi hallarda uzağa gedən addımlarımız sözsüz ki, bizi istəməyən qüvvələrdə ciddi narahatlıq yaradır. Onlar bunu açıq şəkildə dilə gətirməsələr də, biz bunu hiss edir və görürük. Onsuz da son zamanlar baş verənlər o qənaəti bizdə hasil edib ki, həm qardaş Türkiyəyə güclü Azərbaycan iqtisadi, siyasi və hərbi gücdə olan dövlət lazımdır, eyni zamanda bizə də NATO üzvü olan, söz sahibi sayılan güclü, əzəmətli Türkiyə gərəkdir. Zatən elə də var. Elə olmasaydı, indi bəzi siyasi oyunçular və dünyada özlərinin hegemonluğunu gizlətməyən ölkələr, bizə qarşı bəz addımlar atmağa başlamışdılar. Mən demirəm ki, bu, birbaşa müstəvidə olacaqdı, amma son Tovuz olaylarında olduğu kimi, bir başqa erməni kimi və ya onun ağlında olan xain qüvvələr vasitəsilə bəzi təxribat, baş qata biləcək olaylar “icad” edəcəkdilər. Şükürlər olsun ki, bu onlarda alınmadı və bundan sonra da alınmayacaq”. Polkovnik-leytenant kifayət qədər inamlı danışdı: “Şəxsən mənim bundan sonra Azərbaycanın gələcəyi ilə bağlı bəzi narahatlıqlarım aradan qalxıb. Bunu qardaş Türkiyə rəsmilərinin sərgilədiyi açıq və birbaşa dəstək də deməyə əsas verdi. Ardı daha konkret və açıq şəkildə gələcək. Qalır diplomatik istiqamətdə səylərimizi daha da artırmaq, onu da yəqin ki, yeni xarici işlər nazirimiz öz komandası ilə həyata keçirməyi bacaracaq və bacarmalıdır. Ordumuza görə əminlklə deyə bilərəm ki, genişmiqyaslı döyüş əməliyyatlarında düşmən və onlara havadarıq edən güclər məyus olacaqlar. Düşmən indi çox ciddi düşünmək və götür-qoy etmək zorundadır. Bunu baş verən siyasi və digər hasdisələr də sübut etməkdədir. Ermənistan və ona havadar çevrələrdə bunu tez və dərindən anlasalar, yaxşı olar”.
Bir sıra vətənpərvər müşahidəçi və ekspertlər hesab edir ki, işğalçının qorxulu yuxusu çin ola bilər. Söhbət 102 il əvvəl Azərbaycan, həmçinin Qarabağı, Zəngəzuru daşnaqkardan xilas etmiş Qafqaz İslam Ordusundan gedir. Bir əsr sonra iki qüdrətli ordu yenidən bir yerdə, Naxçıvan, Gəncə, Bakıda birgə addımlamaqdadırlar. Hədəfsə son olaraq Qarabağdır...
E.Paşasoy,
“Yeni Müsavat”