Dağıstan Respublikasında sabitliyi pozmaq cəhdləri xaricdən, o cümlədən Ukraynayönümlü “Telegram” kanalları tərəfindən edilir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikasının rəhbəri Sergey Məlikov bildirib.
“Dağıstanda sabitliyi pozmaq cəhdləri, o cümlədən etnik ədavətin və dinlərarası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, - o deyib.
Məlikovun sözlərinə görə, rayon sakinlərini mitinqlərə çağıran “Telegram” kanallarından biri xaricdən idarə olunur.
“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən - satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir”, - deyə respublika rəhbəri əlavə edib.
O, həmçinin əlavə edib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.