Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. 1918 -ci il mayın 28 -də müstəqil elan edilən və 2 il sonra Sovetlər Birliyi tərəfindən işğal edilən Azərbaycan xalqının istiqlal arzusu heç bir zaman sönmədi, yenidən müstəqil bir dövlət olaraq tarix səhnəsində yerini almaq üçün azadlığın, istiqlalın yeni mübarizləri meydana atıldı.
70 il sovet hakimiyyəti altında yaşasaq da, xalqımız bir zamanlar Şərqin ilk demokratik respublikası kimi qəbul edilən, irqindən, dinindən, məzhəbindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verən bir dövlətə sahib olduğunu heç vaxt unutmadı.
Sovet ordusunun 20 yanvar 1990 -cı ildə Bakıda və digər əyalətlərdə törətdiyi qırğın, Azərbaycan xalqının Sovet Sosialist Respublikaları İttifaqına (SSRİ) olan inamını tamamilə sarsıtdı və müstəqilliyin əldə edilməsi prosesini sürətləndirdi.
20-ci əsrin sonunda Sovet İttifaqı dağılandan sonra, Azərbaycan xalqı ötən əsrdə ikinci dəfə öz taleyini təyin etmək şansı qazandı və müstəqilliyini elan etdi. 1918-1920-ci illərdə müstəqilliyini elan edərək varlığını davam etdirən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bütün dünyaya elan etdi və Azərbaycan tarixində yeni bir yüksəliş dövrünə başladı.
Bu inkişaf həm də XX əsr Azərbaycan siyasi tarixində ikinci qələbə idi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" 6 fəsil, 32 maddədən ibarət olan Kostitusiya Aktı yekdilliklə qəbul edildi. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir. Müstəqilliyimiz, iqtisadiyyatımız, güclü ordumuz, müstəqil dövlət siyasətimiz nəticəsində itirdiklərimizi geri ala bildik.
1918-ci ildə olduğu kimi, keçən əsrin sonunda da müstəqilliyini bərpa edən Azərbaycanı ilk tanıyan dövlət Türkiyə oldu. Azərbaycanla etnik, dini, müştərək tarixə malik olan Türkiyə Cümhuriyyəti 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyinin tanınması istiqamətində yenə ilk addım atdı. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul etdilər.
Məlum olduğu kimi, Milli Məclis tərəfindən yeni qəbul edilən “Müstəqillik Günü haqqında” qanun layihəsinə əsasən bundan sonra hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq.
2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq, Qarabağda bayrağımızı dalğalandırmış dövlət kimi qeyd edir. Türkün düşməni olan ermənilərin vaxtilə işğal etdiyi torpaqlar, qanayan yaramız olan Qarabağ müstəqilliyimizin bərpasının 30-cu ildönümündə azaddır.
Bu gün müstəqil dövlətimizin arxasında Ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyevin durması hər bir azərbaycanlıda fərəh hissi yaradır. Dövlət müstəqilliyimizin bərpa olunması, ötən il Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi, 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir.
Suraxanı rayonu, Aslan Muradov adına
84 №-li tam orta məktəbin direktoru Şəfəq İbişova
84 №-li tam orta məktəbin direktoru Şəfəq İbişova