Azərbaycan iqtisadiyyatı üçün yeni xilas formulu
Tarix: 4-02-2016, 09:38 | Çap et
Azərbaycan iqtisadiyyatı üçün yeni xilas formulu
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi işgüzar görüşlərdə səsləndirdiyi bir sıra mesajlar müzakirə mövzusudur.

Qeyd edək ki, görüşlərdə siyasət, iqtisadiyyat, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb. Ekspertlər hesab edir ki, Azərbaycan və BƏƏ arasında əməkdaşlıq qarşılıqlı əsaslarla qurulub və fəallığı ilə nəzərə çarpır. 2011-ci ildə ticarət əlaqələrinin gücləndirilməsi üçün Bakıda BƏƏ Ticarət Palatasının ilk xarici ofisi - Bakı-Dubay Ticarət Palatası yaradılıb. İqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mövcuddur.

Habelə, Bakı-Dubay Əməkdaşlıq Şurası, Əməkdaşlıq üzrə Bakı-Əbu-Dabi Şurası, Azərbaycan və BƏƏ arasında Biznes Şurası fəaliyyət göstərir. Üstəlik, 2015-ci ilin 10 noyabrından etibarən rəsmi Bakı BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirib. Azərbaycan Dövlət Gömrük Xidmətinin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında ölkələr arasında ticarət mübadiləsi 46.78 milyon dollar təşkil edib, BƏƏ üçün müsbət saldo 42.2 milyon dollara bərabər olub. Məlumatlardan bəlli olur ki, BƏƏ Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal etməkdə maraqlıdır. Ancaq bu məhsullar hələ ki ölkəmizin daxili istehlakı üçün də yetərli deyil. Deməli, bu sahədə ciddi işlərin görülməsi zərurəti var. Bu mənada ölkə prezidentinin Azərbaycanda BƏƏ ilə birgə azad iqtisadi zonaların yaradılacağı ilə bağlı anonsu da maraq doğurur. Dövlət başçısı ölkəmizdə yeni iqtisadi modelin tətbiq olunacağı mesajını da verib. Yeri gəlmişkən, Azərbaycanda xarici təcrübələrin reallaşdırılması, Sinqapur, Polşa və Litva modellərinin tətbiqi üçün ekspertlərin cəlb olunmasından yazmışdıq. Ölkə başçısının ərəb ölkəsində dedikləri də “Yeni Müsavat”ın yazdıqlarını təsdiqləyir. BƏƏ ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələrdə rentabelli olacağına gəldikdə, ekspertlərin bununla bağlı maraqlı fikirləri var.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Yeni Müsavat”a açıqlamasında dövlət başçısının səfərinin önəmindən danışdı: “Prezident Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı Azərbaycan və BƏƏ arasında dəniz nəqliyyatı sahəsində institusional əməkdaşlıq və ölkələr arasında informasiya və kommunikasiya texnologiyaları üzrə anlaşma memorandumu imzalanıb. Bu baxımdan, birincisi, BƏƏ bizim xüsusən də bir sıra kənd təsərrüfatı məhsullarımızın yeni alıcısı ola bilər”. Ə.Məsimlinin sözlərinə görə, bu əməkdaşlıq dünyada aparıcı neft hasilatçılarından biri olan BƏƏ-nin neftdənkənar sahələrin də necə inkişaf etdirilməsi təcrübəsindən yararlanmaq imkanı verir: “Bu əməkdaşlıqdan ”şablon" kimi yox, fikirləşmək üçün zəngin material kimi yaradıcılıqla istifadə etmək imkanlarının götür-qoy edilməsi lazımdır. Çünki bu baxımdan yeni ideyalar ortaya çıxa bilər. Bu ideyaların Azərbaycana tətbiq olunmasına gəldikcə, “nə vaxt başlananda daha effektli olur” baxımından bir qədər gec olsa da, hər halda, yaradıcılıqla tətbiqinə cəhd eləməyə dəyər və onda nəticəsi olar. Həmin ideyadan isə üçüncü bir istiqaməti kimi Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatının müəyyən sahələrinə sərmayə qoyma imkanları məsələsi aktuallaşa bilər. Bu, müasir hotellər tikintisi və digər xidmət sahələrindən başlayıb, sonra da iqtisadiyyatın qeyri-neft sektorunun istehsalla bağlı sahələrinə də keçə bilər. Amma dediklərim ehtimaldır. Bunu gerçəkləşdirməkdən ötrü Birləşmiş Ərəb Əmirliklərinin yerləşdiyi regionun bazarlarına çıxış, ondan səmərəli istifadə və həmin ölkələrdən əlverişli şərtlərlə sərmayə cəlb edilməsi kimi zəruri məqamları özündə əks etdirən məqsədli fəaliyyət proqramları hazırlayıb həyata keçirmək lazımdır".

Ə.Məsimli bildirdi ki, Azərbaycanda azad iqtisadi zona yaradılması qeyri-neft sektorunun inkişafı üçün çox zəruridir: “Dünyada azad iqtisadi zona yaradılması üzrə müxtəlif təcrübələr və nümunələr var. Məsələn, Dubayın azad iqtisadi zonalarının yaradılması onun sürətli inkişafına təkan verən amillərdən biri oldu. Azərbaycan da Şərqdən Qərbə gedən əsas yollardan birinin üzərində yerləşdiyindən, həm tranzit ölkə kimi potensialımızdan dolğun istifadə etməklə əlavə gəlir götürə bilərik, həm də Dubay kimi biz də öz ərazimizdən dünyanın müxtəlif bölgələrinə mal paylamaq məntəqəsi kimi istifadə edə bilərik. Bizimlə əməkdaşlıq edən ölkələr onlar üçün əlverişli şəraitin yarandığını görəndən sonra isə bir sıra önəmli şirkətlər Azərbaycan hökumətinin tətbiq etdiyi güzəştlərdən - azad iqtisadi zona üçün ayrılan ərazidə işləyən şirkətlərə ölkənin başqa bölgələri ilə müqayisədə gömrük rüsumlarında, vergilərdə güzəştlər olunur və ya vergilər ləğv edilir - istifadə edib, ölkəmizdə müxtəlif təyinatlı müəssisələr də yaratmaqla həm də qeyri-neft sektorunun inkişafına əlavə təkan verə bilərlər”.

Neft mütəxəssisi İlham Şaban prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı iki sənəd, imzalanmasına diqqət çəkdi: “Bunlardan biri "Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dənizin nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş”, digəri isə “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum”u idi. Ümumiyyətlə, biz fikir versək, Azərbaycan prezidenti hansısa xarici ölkəyə səfər edərkən adətən kommersiya sazişləri imzalanmır. İstər hökumət, dövlət şirkətləri arasında olsun, istərsə də kommersiya qurumları arasında. Ancaq ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, iş adamlarına bununla bağlı daim çağırışlar edilir".

İ.Şaban qeyd etdi ki, BƏƏ il ərzində 200 milyard dollar çivarında ixracata malikdir. Bunun yarıdan çoxu xammal üzərinə düşsə də, digər hissəsi avtomobil ixracı, qızıl məmulatı, alüminium məmulatı və elektronik avadanlıqlar kimi çeşidlərə düşür: "BƏƏ regionun böyük ticarət, biznes və turist ölkəsidir. Bu ölkə arı pətəyi kimi digərlərini cəlb edir. Onun azad ticarət zonalarında bütün dünyanın şirkətləri çalışır, o cümlədən Azərbaycanın iş adamları. Yəni BƏƏ-dən Azərbaycana investisiya qoyulacağını gözləmək o qədər də inandırıcı deyil. BƏƏ-dən bura ancaq orda qeydiyyatı olub, burada hansısa işi icra edən şirkətlər gəlir adətən. Azərbaycan azad iqtisadi sənaye zonasını neçə ildir elan edib - 7 il vergi tutmur. Ancaq istehsalçı şirkətlər gəlmir".

Ekspertin sözlərinə görə, BƏƏ logistika sahəsində (daşımalarda) elə bir sistem qurub ki, istər sərnişin daşımaları, istərsə də yük daşımaları sahəsində bu ölkə dünyanın sadəcə mərkəzi sayılır: “Həm Şərqdən Qərbə gedənlər və əks istiqamətdə, həm də Şimaldan Cənuba - eləcə də əks istiqamətdə - fikirləşmədən Dubayı seçirlər. Çünki dediyim kimi, ən sərfəli qiymətlər -yükdaşımalar üçün ümumiyyətlə, port yığımı 3 günə qədər yoxdur - ən yüksək servis, dünyanın 1 N-li aviaşirkəti, həm də ən baxımlı görməli ecazkar tikili və məkanları məhz bu ölkədədir”.

İ.Şaban əlavə etdi ki, Azərbaycanın da BƏƏ-yə ixrac potensialı var: “Buna hökumət diqqət vermir. Bu ölkədə təbii kənd təsərrüfatı mallarına çox böyük tələbat var. Çünki varlı insanlar çoxdur. Hökumət elə hər iclasda deyir ki, Davos Forumunun rəqabətə davamlılıq indeksinə görə MDB-də birinciyik . Hərçənd ki, bunun məhsul məsələsinə heç bir aidiyyəti yoxdur - iqtisadçılar bunu yaxşı bilir. Onda zəhmət çəkib bunu xarici bazarlarda təsdiq etsinlər, Birləşmiş Ərəb Əmirliklərində çox ölkələr yarışırlar”.





Xəbərlər
05-02-2020 13:23
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net