“Səfər Əbiyev də mənbələrim arasında olub”- MÜSAHİBƏ
Tarix: 24-11-2015, 10:38 | Çap et
“Səfər Əbiyev də mənbələrim arasında olub”- MÜSAHİBƏ
Hərbi sahədə ixtisaslaşmış jurnalist, “Azeri Defence” hərbi-texnoloji jurnalının baş redaktoru Rəşad Süleymanovun Modern.az saytına müsahibə verib.

- İlk olaraq soruşmaq istərdim necə oldu ki, “Azeri Defence” jurnalını yaratdınız?

- Açığını deyim ki, Azərbaycanda hərbi jurnal yaratmaq ideyası beynimə 2007-ya 2008-ci illərdə gəlmişdi. 2008-ci ildən mütəmadi olaraq xarici ölkələrdə təşkil olunan hərbi sənaye sərgilərində iştirak edirəm və orada olduğum dövrlərdə bir jurnalist olaraq diqqətimi hərbi sənayenin yenilikləri ilə yanaşı dünyanın müxtəlif ölkələrində çıxan milli və regional yayıma malik mətbu orqanlar- xüsusən də jurnallar cəlb edirdi.

Təsəvvür edin, hər sərgidən gələndə özümlə əsasən ingilis, rus və türk dillərində onlarla jurnal gətirirəm. Kağızın ağırlığını nəzərə alsaq, hər biri ən azı 64-80, ən çoxu 120, 140 səhifə olan bur jurnalların necə bir yük olduğunu düşünmək çətin deyil. Təbii ki, o zamandan “Nədən bizim də hərbi jurnalımız yoxdur?” fikrim meydana gəldi.

Qeyd edim ki, hazırda Azərbaycanda Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəsmi media qurumu olaraq hərbi jurnalları var və bunlar əsasən daxili auditoriya üçün nəzərdə tutulur.

Müdafiə Nazirliyinin “Hərbi Bilik” jurnalı isə daha çox nəzəri-elmi jurnaldır. Onun üçün də sərbəst, müəyyən qismi ordu quruculuğu, Silahlı Qüvvələrdə və ayrı-ayrı hərbi strukturların fəaliyyətinə, əsas hissəsi-təxminən 70-80 faiz hərbi sənaye yeniliklərini, texnologiyalarını əhatə edən “Azeri Defence” jurnalını 2012-ci ilin iyul ayında təsis etdim. Həmin ilin oktyabr ayında isə ilk sayı işıq üzü gördü.

- Nədən jurnalın adını ingiliscə seçmisiniz?

- Bildirmək istəyirəm ki, ilk olaraq biz bu adda saytı yaradıb, bu adla qeydiyyatdan keçirmişdik. “Azeri Defence” sözü axtarış sistemlərində daha çox aranır deyə bu ad seçimim oldu.

Jurnalımızın iki ayda bir dəfə olmaqla il ərzində 6 sayı çıxır, rənglidir, ilk vaxtlar 48, hazırda isə 56 səhifə çıxır. Hərbi qurumlarımız, diplomatik korpuslar, yerli hərbi sənaye müəssisələri, qardaş Türkiyənin nüfuzlu hərbi sənaye şirkətləri jurnalımızın daimi abunəçiləri və oxucuları arasında yer alır. Bu müddətdə biz “Azeri Defence” jurnalı olaraq, biri Azərbaycanda olmaqla, 5 beynəxlaq müdafiə sənayesi sərgisində media dəstək qismində iştirak etmişik. Biri Azərbaycanda, digəri Türkiyədə olmaqla, iki beynəlxalq müdafiə sənayesi sərgisində jurnalımız Xüsusi Buraxılışla çıxış edib. Son olaraq bu ilin may ayında Türkiyədə keçirilmiş hərbi sərgidə Azərbaycanı Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı iştirakçı qismində təmsil etmişik. Bununla da hərbi jurnal olaraq qısa müddət üçün qarşıya qoyduğumuz hədəflərə nail ola bilmişik.

- İki ayda bir dəfə çıxan jurnal maliyyə baxımından öz-özünü təmin edə bilirmi?

- Biz jurnal olaraq həm abunə, həm də reklamlar hesabına maliyyələşirik.


- Əməkdaşlıq etdiyiniz xarici hərbi nəşrlər varmı?

- Hazırda Türkiyədə 28 ilə yaxındır nəşr olunan nüfuzlu “Savunma ve Havacılık”, eləcə də Ukraynanın “Defense Express” jurnalı və digər hərbi jurnallarla əməkdaşlıq edirik. Təvazökarlıqdan kənara çıxıb deyərdim ki, ötən ilin sonunda Türkiyənin ASELSAN şirkətinin rəhbərliyinin dəvəti ilə dünyanın ən böyük 67-ci, Türk dünyasının isə bir nömrə olan bu müdafiə sənayesi müəssisəsindən, bu ilin iyul ayında Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin müdafiə sənayesindən geniş reportaj hazırladıq.

Qeyd edim ki, biz ASELSAN müəssisələrinə, bu qurumun ən yeni məhsullarının hazırlandığı laboratoriyasına qədər gedib çıxan yeganə xarici media olduq. Jurnalımızda bəzən xarici ölkələrdən Türkiyə müdafiə sənayesinə daha çox yer verildiyini deyirlər. Bunun da bir səbəbi var: qardaş ölkənin müdafiə sənayesində baş verən yeniliklər sabah, o biri gün Azərbaycana da öz təsirini göstərmiş olacaq. Yəni müdafiə sənayesində digər sahələrdə olduğundan daha yüksək-strateji səviyyədə əməkdaşlıq mövcudur. Biz də bunu nəzərə almağa çalışırıq.

- Uzun müddət çalışdığınız APA-dan ayrılmağınıza səbəb məhz bu sayt (jurnal) idi yoxsa başqa bir məsələ vardı?

- Mən APA-da 9 il işləmişəm. Bu ilin mart ayında oradan öz ərizəmlə ayrıldım. Artıq ötən ilin sentyabr ayından jurnalda işlərimin çoxalması səbəbindən APA ilə paralel işləri davam etdirə bilməyəcəyimi gördüm. Buna görə də seçim edərək özümün müstəqil fəaliyyətimə qərar verdim. 2012-ci ilin sentyabr ayından 2015-ci ilin mart ayının 1-dək mən jurnal işlərimi APA-da işləyə-işləyə yürütdüm. Bunun üçün mənə APA-da heç kim maneəçilik yaratmadı. Mən də öz çalışdığım, çətin anımda mənə dayaq olan APA qarşısında məsuliyyətimi dərk edərək, APA üçün öz sahəmdə mümkün qədər eksklüziv xəbərlər hazırlamağa çalışdım. Hansı ki, başqaları olsaydı bəlkə də bu xəbəri öz saytına, ya da yaratdığı KİV-də yayımlayar və özünə diqqət yönəldərdi. Bu baxımdan hər zaman APA-nın rəhbərliyi ilə anlaşmışıq və heç bir problemimiz olmayıb. Baxmayaraq ki mən APA-ya özümə məktəb saydığım “525-ci qəzet”dən gəlmişəm. Amma APA mənim inkişafımda özünəməxsus, mühüm rol oynayıb və bunu danmağa vicdanım yol verməz. O baxımdan da bu gün rastıma mənim sahəmə aid olmayan xəbər çıxdıqda, onu hamıdan birinci APA-dakı dostlara bildirirəm.

- Hərbi mənbələrlə işləmək çətin deyilmi? İnformasiya alınmasında, məlumatın dəqiqləşdirilməsində nə kimi çətinliklərlə üzləşirsiniz?

- Hərbi mənbə deyəndə bəzən çoxları düşünür ki, orduda dostu var və ya kimsə adının gizli qalmasını istəyərək məqsədli şəkildə hansısa jurnalistə informasiya ötürür. Əslində isə belə deyil. Hərbi sahə spesifikdir. Üstəlik əksəriyyəti sovet şinelindən çıxmış zabitlərlə bu ünsiyyəti qurmaq elə də asan deyil. Hərbçilərin kiminləsə səmimi münasibət qurmaları üçün uzun illər və inam-etimad yaratmaq lazımdır. Bunun üçün ilk növbədə müdafiə sektorunun spesifikasını və hərbçilərin psixologiyasını bilmək gərəkdir.

Digər tərəfdən, mən bizimlə çalışan gənclərə də tövsiyyə edirəm ki, əgər bu sahədən yazmaq, sahədə peşəkarlaşmaq istəyirlərsə, öncə bu sektoru öyrənməli, mütaliə etməli, biliklərini artırmalıdırlar.

Etiraf edək, hələ də adi həmlə ilə hücumu, əsir və girovu, tankla piyada döyüş maşınını ayırd edə bilməyən jurnalistlərimiz var ki, nəinki hərbidən “yazır”, hətta ömrünü orduya həsr etmiş zabitlərə irad tutmağa da çalışırlar.

Hərbçilərin psixologiyası belədir ki, onlar bu tip adamlarla ünsiyyətdən qaçırlar. Hərbçilərin bir adəti də var. Onlar sənə üç informasiya verə bilərlər: mətbuatda yayılan xəbər, redaktora söhbətin nədən getdiyini aydınlaşdıra bilməsi üçün istiqamət verən informasiya və mövcud durum barədə eşidiləsi amma yazılmayası informasiya. Bunlara riayət eləməlisən. Təəssüf hissi ilə bir faktı qeyd edim. Tədbirlərin birində Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsinin sabiq rəisi ilə səmimi söhbət edirdik. Ad çəkməyəcəm, indi aparıcı KİV-lərdən birinin aparıcı müxbiri var. Bu da gəlib söhbətə qarışdı. Sən demə diktafonu işə salıb aramızda olan söhbəti yazırmış. Sabahı həmin jurnalist Müdafiə Nazirliyinin rəsmisi ilə aramızda olan söhbəti çalışdığı KİV-ə həmin generalın eksklüziv müsahibəsi kimi yayımladı. Nəticədə həmin general özü də ciddi problemlə üz-üzə qaldı.

Mən bir maraqlı faktı sizinlə bölüşmək istərdim. Mənim hərbi mənbələrim arasında generallar, hətta müdafiə naziri belə olub. Bəzi informasiyaların hərbi mənbəsi də məhz dediyim adamlar idi. Bunların kim olduğunu bir mən, bir də o zaman çalışdığım APA-nın rəhbərliyi bilib. Digər tərəfdən, həmişə mənbələrimdən aldığım informasiyaları daha bir neçə kanalla dəqiqləşdirmişəm.

Dəqiqliyinə tam əmin olandan sonra yayımlanıb. Şükr allaha ki, bu günədək nə sabiq müdafiə naziri Səfər Əbiyevin komandası, nə də digər qurumlar tərəfindən hər hansı xəbərim təkzib edilməyib.

O ki qaldı informasiyaların alınmasında hansısa çətinliklərlə üzləşib üzləşməməyimə, deyim ki Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyi dönəmində belə problemim mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu ilə olub. Hətta o, “bizə kim zəng edir etsin, bir Rəşaddan başqa” mesajını da vermişdi. Onunla da 2012-ci ilin oktyabr ayında mehribanlaşdıq.

Səmimi deyirəm, bu gün “Azeri Defence” jurnalı olaraq Silahlı Qüvvələrdən, digər hərbi strukturlardan, müdafiə sənayesindən rəsmi və ya qeyri-rəsmi formada informasiyanın alınması, onların rəhbərləri ilə müsahibələr, reportajların hazırlanması sahəsində hər hansı problemimiz yoxdur. Biz hərbi media olaraq bu qurumlarla qarşılıqlı anlaşma şəraitində çalışırıq. Olar-olmazlar, dövlətin maraqları nəzərə alınır. Hətta bu gün əksər KİV-lər Müdafiə Nazirliyini mətbuatla “işləməməkdə” ittiham edir. Mən isə təcrübəmdən bunun tam əksini deyirəm. Nə zaman müraciət olursa, bu qurum hərbi hissələrdən material hazırlamağa ən yüksək səviyyədə yardım edir. Hətta misal üçün deyə bilərəm ki, ötən ilin avqust ayının 1-də mən müraciətimdən cəmi bir neçə saat sonra cəbhənin qaynar nöqtəsinə göndərildim. Nazirlik orada mənim üç gün ərzində, özü də ön xətdə çalışmağım üçün təhlükəsizliyim də daxil olmaqla hər cür şərait yaratdı. Bunun üçün sadəcə müraciət eləmək lazımdır. Təəsüüf ki, hələ də çox jurnalist isti otaqda, qarşısında çay, klaviaturda ordu haqqında yazmağı üstün tutur, nəinki bir məktubla rəsmi müraciət edərək hansısa qoşun qismindən, hərbi hissədən reportaj hazırlamağı.

- Olubmu ki, əlinizdə olan informasiyanı dəqiqləşdirmədən (dövlət qurumundan cavab gecikdiyi üçün) vermək məcburiyyətində qalırsınız?

- Çalışıram ki, informasiyanı maksimum şəkildə dəqiqləşdirim. Doğrudur jurnalın dövrüliyi baxımdan bunun üçün kifayət qədər zaman var. Amma biz jurnalla paralel cari xəbərləri saytımızda yerləşdiririk. Təbii ki, bəzən xəbəri təsdiqlətmək üçün mətbuat xidmətlərinə etdiyimiz müraciətin cavabı gecikə bilir. Amma yenə bunun dövlət, təhlükəsizlik məsələsi olduğunu nəzərə alaraq gecikməsinə göz yumuruq. Və bəzən də elə xəbərlər olur ki, onların yayımı məsləhət görülmür. Belə olan təqdirdə bəlkə də yeganə bizdə olan xəbər elə bizim özümüzdə də qalır. Amma deyim ki, bir çox hallarda dəqiqliyinə tam əmin olduğum xəbəri bayaq dediyim kimi, mənbəsi nazir və ya rəhbər generallar olan xəbərləri mətbuat xidmətinə heç bildirmədən yaymışam.

- “Azeri Defence”nin daha da uğur qazanması, daha çox auditoriya toplaması, daha oxunaqlı olması üçün hansı işlər görmək fikrindəsiniz? Yəni insanlar var ki, jurnalın varlığından xəbərsizdir... Daha çox oxucu toplamaq üçün hansı planlarınız var?

- Bu gün jurnalımız abunə və satış yolu ilə oxucu kütləsinə yetişir. Saytımızın da kifayət qədər oxucuları var. Bu gün gündə 10 min, 20 min İP yığa biləcək xəbərlər istehsal edə bilərik.

Lakin gündə 10-20 min sıradan oxucudansa mənim iki ayda bir görüşdüyüm və 80-90 faizi sırf sahənin mütəxəssisi olan oxucularımız yetər. Amma bütün bunlara baxmayaraq, oxucu auditoriyasını genişləndirmək üçün çalışırıq. Biz jurnalın yeni sayı çapdan çıxdıqda facebookdakı səhifəmiz üzərindən xəbəri veririk. Düşünürəm ki, zaman keçdikcə hərbçilərimizin “gözü öyrəşdikdikcə” jurnalın tirajı da artacaq. Qismət olarsa, bu ilin sentyabr ayında Bakıda keçiriləcək ikinci ADEX-2016 beynəlxalq müdafiə sənayesində media tərəfdaş olaraq yenə də Xüsusi Buraxılışla çıxış edəcəyik.

Azərbaycan və ingilis dillərində yazıların yer alacağı bu Xüsusi Buraxılış əvvəlki iki sərgidə olduğu kimi iştirakçılara və VİP qonaqlara pulsuz paylanacaq. 2017-ci ildən isə jurnalın dövriliyini ayda bir dəfə etməyi nəzərdə tuturuq. Eləcə də ehtiyatda olan hərbçilərin jurnalda ayrı-ayrı mövzular üzərə analizlərinə geniş yer ayıracağıq.

- Bu gün KİV-də hərbi mövzuda yazan jurnalistlərin fəaliyyəti sizi qane edirmi?

- Təəssüf ki yox. Biz də bu gün jurnal olaraq bu sahədə yazılar yaza biləcək əməkdaşlara ehtiyac duyuruq. Universitetlərin jurnalistika fakültələrini bitirənlərdən çox az sayda mətbuatda qalır. Mətbuata yeni gələnlər də digər sahələrdən yazmağa üstünlük verirlər, nəinki hərbdən. Bu boşluğu biz ehtiyatda olan zabitlərin hesabına bağlamağa çalışırıq. Təəssüflər olsun ki, bizim ehtiyatda və istefada olan savadlı, peşəkar zabitlərimiz də sosial şəbəkələr istisna olunmaqla yazmağa elə də maraqlı deyillər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net