“ATƏT-in Minsk qrupunun fəaliyyəti kifayət qədər suallar yaradır"
Tarix: 23-11-2015, 16:57 |
Çap et
“ATƏT-in Minsk qrupunun fəaliyyəti kifayət qədər suallar yaradır”.
Bunu SalamNews-a 5-ci çağırış Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatının (ATGT) sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, Minsk qrupunun fəaliyyəti hər zaman müzakirə mövzusu olub: “Qurumun yaranmasından illər keçməsinə baxmayaraq ortada heç bir real nəticə yoxdur. Nəticə olmayanda, suallar yaranır. Nə üçün nəticə yoxdur? Bu günə kimi ATƏT-in Minski qrupu nə ilə məşğul olub?! Əgər bu qurum öz işini regiona səfər etməklə bitirirsə, bunu uğur adlandırmaq olmaz. Uğur o halda ola bilər ki, dondurulmuş Dağlıq Qarabağ probleminin yerindən tərpədilməsinə və problemin həllində müsbət irəliləyişlərin əldə edilməsinə nail olaydılar. Əfsuslar olsun ki, bu illər ərzində heç bir nəticə yoxdur. Cənab prezident də qeyd edib ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü hər hansı bir müzakirə mövzusu olan bilməz. Son zamanlar qrupun fəaliyyətində müəyyən qədər canlanma müşahidə olunur. Ümid edirik ki, yaxın gələcəkdə müsbət irəliləyişlər müşahidə olunacaq”.
Təşkilat sədri növbəti beş il ərzində Milli Məclisdə irəli sürəcəyi təkliflərdən də danışıb: “Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ məsələsidir. Problem Azərbaycana həm maddi, həm mədəni, həm də insan resursu baxımından kifayət qədər hər ziyan vurub. Bu olmasaydı, təbii ki, Azərbaycanın gələcəyi çox yaxşı olardı. Aydındır ki, hər zaman olduğu kimi növbəti beş il ərzində də Dağlıq Qarabağ məsələsi Milli Məclisdə müzakirə mövzusu olacaq. Bizdə fəaliyyətimiz dövrümüzdə, platformamıza uyğun olaraq məsələyə dair təkliflərimzi irəli sürəcəyik. Bildiyiniz kimi, ictimai fəaliyyətimizdə də Dağlıq Qarabağ problemini diqqətdə saxlamışıq. Müharibə xəttini yalnız təmas xətti kimi götürməməliyik. Bu xətt bizimlə ermənilər arasında hər yerdədir. Azərbaycanın tarixi və ya mədəniyyəti ilə bağlı hansısa layihə hazırlayırıqsa, deməli yüz faiz harda ermənilərlə kəsişəcəyik və erməni saxtakarlığı ilə qarşılaşacağıq. Buna görə də gənclər təşkilatı olaraq bütün cəbhələrdə işimizi möhkəm tutacağıq”.